“Telegram” məzmun yaradıcıları üçün yeni gəlir modeli təklif edərək platformada qarşılıqlı əlaqəni artırmağı hədəfləyir.

İndex.az xəbər verir ki, şirkət rəsmi olaraq istifadəçilərə ödənişli məzmunu kanallar vasitəsilə paylaşmağa imkan verən yeni funksiyanı elan edib.

Bu yeniliklə “Telegram” rəqəmsal məzmun satışında mövqeyini gücləndirəcək. Yeni funksiya sayəsində kanal sahibləri müəyyən postları ödənişli etməklə xüsusi məzmunlarını sataraq gəlir əldə edə biləcəklər.

“Telegram”ın bu addımı sosial media platformalarının məzmun yaradıcılarına dəstək olmaq və onları öz platformalarında saxlamaq səylərinin bir hissəsi kimi qəbul edilir. Xüsusilə “YouTube”, “Instagram” və “TikTok” kimi rəqiblərin oxşar funksiyalar təklif etdiyi bir dövrdə “Telegram”ın bu yeni xüsusiyyəti platformaya olan marağı çox daha yüksək səviyyəyə qaldıra bilər.

Yeni funksiya “Telegram”ın bot infrastrukturundan istifadə etməklə ödəniş əməliyyatlarını həyata keçirəcək. Bu, platformanın mövcud texnologiyasından səmərəli istifadə edərək yeni gəlir modeli yaratdığını göstərir.