AZ

“FINCA” BPC üzvlərinə kredit ayıracaq – Birgə tədbir keçirildi (FOTOLAR)

Azərbaycan Bisnes Partnyorları Klubu (BPC) “FINCA International” beynəlxalq təşkilatı ilə Anlaşma Müqaviləsi İmzalayıb. “Günaydın” restoranında baş tutan tədbiri giriş sözü ilə açan  BPC sədri Gülpəri Bayramova  rəhbəri olduğu qurumun fəaliyyəti barədə qonaqları məlumatlandırıb.

O qeyd edib ki, 100-dən artıq şirkət kollektiv şəkildə BPC-də təmsil olunur ki, onların yarıdan çoxu xanımlardır: “Yerli istehsalın stimullaşdırılması, Made in Azerbaijan brendinin təşviqi, biznes subyektləri ilə dövlət qurumlarının, beynəlxalq ticari tərəfdaşların, vətəndaş cəmiyyəti insitutlarının kordinasiyalı fəaliyyətinin təşkili məqsədilə səfərbər olunan BPC bu günə qədər onlarla layihə icra edib. Bir çox dövlətlərlə tərəfdaşlıq müqaviləsi imzalamışıq ki, üzv şirkətlər bundan bəhrələnə biliblər” – deyə, Bayramova vurğulayıb.

“FINCA International” beynəlxalq təşkilatı ilə əməkdaşlıqdan məmnun olduqlarını söyləyən G.Bayramova BPC üzvləri üçün güzəştli şərtlərlə kredit ayrılmasını mühüm hadisə adlandırıb: “Bizim əsas məqsədimiz ölkədə biznes mühiti üçün əlverişli şəraitin yaradılmasına töhfə vermək, bu istiqamətdə səylərimizi artırmaq, biznes subyektləri arasında faydalı və qarşılıqlı əlaqələrə nail olmaqdır. “FINCA International” beynəlxalq təşkilatı ilə əməkdaşlıq müqaviləsi də bu sırada qeyd oluna bilər”.

“FINCA Azerbaijan” təşkilatının təmsilçisi Firdovsi Talıblı təmsil olunduğu qurumun fəaliyyətindən söz açıb. O bildirib ki, “FINCA” mikromaliyyə sənayesi üçün standartlar müəyyən edən və müştərilərinə istəklərini həyata keçirməyə kömək edən yeni məhsul və xidmətlər təmin edən beynəlxalq qurumlar arasında ön sıralardadır: “Güclü müştəri əlaqələri və tədqiqat proqramı vasitəsilə onların ehtiyac və istəklərinə nəzarət edirik. Brendimizin səmimi, etibarlı və məsuliyyətli bankçılıq xüsusiyyətləri hər bir müştəri ilə qarşılıqlı əlaqədə özünü göstərir. Eyni zamanda müştərilərin arzu və istəklərini, təkliflərini nəzərə alır, bu məqsədlə sorğular təşkil edir və fəaliyyətimizi buna uyğunlaşdırırıq” – Talıblı qeyd edib.

“FINCA International”ın 16 ölkədə fəaliyyət göstərdiyini diqqətə çatdıran F.Talıblı Azərbaycanda isə təşkilatın 25 filialının çalışdığının diqqətə çatdırıb. Bunun 2-si paytaxtda, 23-ü isə regionlardadır. Təşkilat rəsmisi qeyd edib ki, xanım sahibkarlara dəstək məqsədilə “FINCA Azerbaijan” “İpək biznes krediti” ayırır: “Kreditin məbləği 5000 manata qədərdir və çox güzəştli şərtlərlə təqdim edilir. Azərbaycan Bisnes Partnyorları Klubunun (BPC) üzvü olan xanımlara da xüsusi güzəştlər nəzərdə tutulub və biz BPC ilə əməkdaşlıqdan məmnunuq” – “FINCA” təmsilçisi söyləyib.

Sonda “FINCA Azerbaijan” və BPC rəhbərliyi iş adamlarının suallarını cavablandırıb və gələcək fəaliyyət istiqamətləri ilə bağlı mühüm müzakirələr aparılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
2
hokm.az

3Mənbələr