AZ

AÇ-2024-də stüardlar azarkeşi vəhşicəsinə döydülər - Video

Almaniyada keçirilən Avropa çempionatının (AÇ-2024) 1/8 finalının Portuqaliya – Sloveniya oyununda stüardlar azarkeşi vəhşicəsinə döyüblər.

Arena.az məlumat verir ki, hadisənin əks edildiyi videonu “Record Portugal” dərgisi özünün “X” sosial şəbəkə hesabı üzərindən paylaşaraq ictimailəşdirib.

Hadisə oyunun keçirildiyi Frankfurtun “Doyçe Bank Park” stadionunda yaşanıb. Bir dəstə stüard oyunun gedişi zamanı stadionun gözdən uzaq, könüldən iraq “kor” güşəsində azarkeşin üstünə dəstə ilə tökülüşərək, ona zor tətbiq ediblər. Videoda bu şəxsin üzünə zərbələr endirildiyi, yerə yıxılaraq təpikləndiyi aşkar görünür.

Hadisənin səbəbi və digər təfərrüatı açıqlanmır. Məlum olan yeganə məqam ondan ibarətdir ki, heç bir qanun müvafiq davranışa hüquq vermir.

Bu arada Almaniya polisi hadisənin təhqiqatına başlayıb: “Biz bu dəlil-sübutlardan xəbərdarıq və müvafiq araşdırmalara başlamışıq”, – Frankfurt polisinin sosial şəbəkələr üzərindən məlumat yayıb.

UEFA isə hadisəni nəzarətə götürüb və hələlik heç bir rəsmi açıqlama vermədən təhqiqat mərhələsini müşahidə edir. Qurum müvafiq vaxtda öz mövqeyini və qərarını açıqlayacaq.

Xatırladaq ki, AÇ-2024-ün 1/8 final mərhələsi çərçivəsində keçirilmiş Portuqaliya – Sloveniya oyununun əsas və əlavə vaxtı qolsuz yekunlaşıb. Oyunsonrası penalti seriyasında 3:0 hesabıyla qalib gəlmiş Portuqaliya yığması 1/4 finala yüksəlib və Fransa milli komandasına rəqib olub.

Baş vermiş hadisənin görüntülərini aşağıdakı linkə keçid etməklə izləyə bilərsiniz:

https://t.me/pulseofsport/8464

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
arena.az

1Mənbələr