AZ

“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyi "Şərqi Zəngəzur və Qarabağdakı alban irsi" layihəsi çərçivəsində tədbir keçirib

İyulun 1-də Gəncliyə Yardım Fondunda “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Şərqi Zəngəzur və Qarabağdakı alban irsi" layihəsi çərçivəsində tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan “Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Cəfərova bildirib ki, "Şərqi Zəngəzur və Qarabağdakı alban irsi" adlı tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilir: “ Şərqi Zəngəzur və Qarabağdakı dini - mədəni irsimizin tədqiq olunması, eləcə də cəmiyyətdə və gənclər arasında təbliğ edilməsi, dövlətimizin əsas prioritetlərindən biridir. Hazırda vətəndaş cəmiyyəti olaraq başlıca vəzifələrimizdən biri Azərbaycan xalqının maddi - mənəvi irsinin qorunmasında və təbliğində iştirak etməkdir. "Şərqi Zəngəzur və Qarabağdakı alban irsi' layihəsinin əsas məqsədi Qarabağdakı alban irsinin gənclər arasında təbliğ etməkdir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib ki, Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladığı illər ərzində Ermənistan qəsdən şəhər və kəndləri dağıtmaqla yanaşı, Azərbaycan xalqının bu ərazilərdəki bütün mədəni irsini məhv edib. Coxsaylı tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları, nadir əlyazmalar, məzarlıqlar sistemli şəkildə viran qoyulub və talanıb. Məscidlər yerlə-yeksan edilib, inək və donuz saxlanılan yerlərə çevrilərək, təhqir olunub. Yalnız İslam dininə aid abidələrə qarşı vəhşilik edilməyib. Alban və xristian kilsələri də dağıdılıb, onların üzərində arxitektur dəyişikliklər aparılmaqla erməniləşdirilməsinə cəhd göstərilib. Ermənilərin işğalda saxladığı ərazilərdə xalqımızın 403 tarixi-dini abidəsi vardı ki, onların 67-si məscid, 144-ü dini məkanlar, 192-i pirlər və ocaqlar idi. Hamısı ermənilər tərəfindən dağıdılıb. 67 məsciddən 64-ü viran qalıb. Bu mənada Avropa Parlamentinin qəbul etdiyi qətnamə ümumbəşəri prinsiplərə, beynəlxalq hüquqa, tarixi faktlara, reallığa və ən nəhayət, məntiqə zidd olmaqla yanaşı, aşkar neonasizm, müsəlman düşmənçiliyidir: “Qafqaz Albaniyası tarixinə dair onlarca tədqiqata əsaslanaraq demək mümkündür ki, Qarabağ və Şərqi Zəngəzurdakı xristian abidələri məhz alban irsinə aid olduqları halda, daha sonradan onlar erməniləşdirilib”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri Yadigar Məmmədli qeyd edib ki, tolerantlığın Azərbaycan xalqının xarakterik xüsusiyyəti olması danılmaz faktdır. Amma bu da bir həqiqətdir ki, ölkəmizdə yüksək səviyyədə dözümlülük mühitinin formalaşmasında İslamın böyük rolu olub. Çünki azərbaycanlıların ənənəvi dini olan İslamda tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan, əsrlər boyu Azərbaycanda dinc və ayrı-seçkiliyə məruz qalmadan yaşayan digər dinlərin mənsubları buna görə Azərbaycan xalqı ilə yanaşı, İslam dininə də minnətdar olmalıdırlar".

Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobilinin sözlərinə görə, Azərbaycanda, xüsusilə də, Qarabağda zəngin alban irsi mövcuddur: "Həmin ərazilərdə tarixi abidələr, xristian kilsələri yerləşir. Azərbaycan bu mədəni irsin varisidir. Alban kilsəsinin varisləri, dini varisləri Alban-udi xristian icmasıdır. Ermənilər bu tarixi öz adlarına çıxarmaq istəyir. Amma onların Azərbaycanda nə kilsələri, nə də abidələri var. Həmin xristian mədəni irs nümunələri alban kilsəsinə məxsusdur”.

Robert Mobili qeyd edib ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparan təcavüzkar Ermənistan zəbt etdiyi ərazilərdə xalqımızın min illər ərzində qurub yaratdığı tarixi-mədəni abidələri yerlə-yeksan edib, Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən alban abidələri saxtalaşdırılaraq qriqoryanlaşdırılıb. Erməni tarixçiləri heç bir dəlilə əsaslanmadan hər yerdə Azərbaycan-alban toponimlərini dəyişərək saxta tarix yaratmaqda davam edirlər: “Ermənilər Azərbaycan xalqına məxsus abidələri saxtalaşdırarkən din amilindən, xüsusilə xristianlığın simvolu sayılan xaçdan yararlanmağa çalışıblar. Ermənistanın Azərbaycana qarşı təcavüzündən sonra ermənilər işgal altındakı bütün alban məbədlərini qriqoryanlaşdıraraq özününküləşdiriblər”.

Sonra qonaqlar tərəfindən tədbir iştirakçılarının sualları cavablandırılıb və xatirə şəkli çəkdirilib.

























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
525.az

1Mənbələr