AZ

Bellingem cəza üzündən 1/4 finalı buraxa bilər

“Real”da keçirdiyi möhtəşəm mövsümdən sonra dərhal superulduz səviyyəsinə yüksələn Cud Bellingem hazırda davam edən Avropa çempionatında da ən çox müzakirə olunan futbolçulardan biridi.

Slovakiya ilə 1/8 final qarşılaşmasında məhz bu futbolçu İngiltərənin xilaskarı oldu. Bellingem əsas vaxta əlavə olunan 5-ci dəqiqədə akrobatik zərbə ilə bərabərlik qolunu vuraraq oyunu əlavə vaxta daşıdı. Yeri gəlmişkən, 95-ci dəqiqənin 34-cü saniyəsində vurulan bu qol tarixi alındı. Belə ki, Bellingem İngiltərənin nəhəng turnirlərdə (DÇ və AÇ) vurduğu ən gec qolun müəllifi oldu! Emosiyalara qapılan 21 yaşlı yarımmüdafiəçi qolu çılğın şəkildə, üstəlik qeyri-etik jestlə qeyd etdi. O, qol sevinci zamanı Slovakiyanın ehtiyat oyunçular skamyasına tərəf baxaraq əlini cinsiyyət orqanına qoydu. Futbol ictimaiyyəti dərhal onu rəqibə hörmətsizlikdə günahlandırdı. Bu hərəkət Bellingemə baha başa gələ bilər. Çünki belə hərəkətə görə futbolçuların cəzalanması faktlarına heç də az rast gəlinməyib. Əslində dünən gün ərzində İngiltərə mənbələri, eləcə də tanınmış jurnalist Mett Lou öz səhifəsində UEFA-nın Bellingemə cəza verməyəcəyini qeyd etdi. Amma sonradan bunun yanlış məlumat olduğu üzə çıxdı. Belə ki, qurumun rəsmi saytında yerləşdirilən xəbərdə UEFA-nın etika və intizam məsələləri üzrə müfəttişinin bu olayı araşdırmağa başladığı qeyd olundu. Həmin oyunu idarə edən türkiyəli hakim Xəlil Umut Mələrin futbolçunun bu hərəkətini raportunda qeyd edib-etməməsindən də çox şey asılı olacaq. Təzyiqlərin artdığını görən Bellingem öz səhifəsində paylaşım edərək məsələyə belə don geyindirməyə çalışdı:

“Bu, sadəcə, komanda daxilinə aid olan zarafat xarakterli bir jestdi. Həmin jest tribunada yer alan bəzi dostlarıma ünvanlanmışdı. Mənim Slovakiyaya göstərdiyi oyuna görə hörmətdən başqa heç bir reaksiyam ola bilməz”.

Xatırladaq ki, İngiltərə 1/4 finalda İsveçrə ilə qarşılaşacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
football-plus.az

1Mənbələr