AZ

Ankara və Bakı ŞƏT-ə üzv olmağa niyə tələsmir?

Son vaxtlar Rusiyanın taktiki və strateji addımlarında olduqca ilginc bir dəyişiklik və hərəkətlilik müşahidə olunmaqdadır. Belə ki, savaş meydanlarında Ukraynaya heç cürə qalib gələ bilməyən Kreml, indi də Rusiya-Ukrayna müharibəsini Rusiya-Qərb və ya kollektiv Qərb-Qlobal Cənub geosiyasi mübarizəsi müstəvisinə keçirməyə çalışır, misli görünməmiş siyasi-diplomatik fəallıq nümayiş etdirir.

Kreml Çinlə səylərini birləşdirərək dünyanı yenidən düşərgələşdirməyə, qütbləşdirməyə can atır və “çoxqütblü dünya” ideyasının arxasında gizlənərək əslində keçən əsrin 60-70-ci illərində olduğu kimi yenidən ikiqütblü dünya (SSRİ-ABŞ, sosializm-kapitalizm) modelini, kürəsəl qarşıdurma ab-havasını dirçəltməyə çalışır.

Moskva və Pekinin BRİCS və ŞƏT kimi siyasi-iqtisadi ittifaqların sıralarını yeni üzv-ölkələrin hesabına genişləndirmək cəhdi də məhz bundan irəli gəlir. Onlar bu və ya digər ölkələri müxtəlif təsir və təzyiq rıçaqları vasitəsilə bu ittifaqlara qoşmağa, anti-Qərb koalisiyasında birləşdirməyə çalışırlar. Və öz də bu zaman həmin ölkələri tez bir zamanda konkret seçim etməyə məcbur edirlər. Putinin və Si Zinpinin hazırkı düşüncəsinə görə kiçik ölkələr artıq “balanslaşdırılmış siyasət”, “çoxvektorlu siyasət” taktikasından əl çəkməlidirlər.

Aleksandr Duqin kimi Kremlə bağlı imperiyapərəst-şovinist ideoloqlar isə hətta açıq şəkildə deyirlər ki, postsovet respublikalar eyni vaxtda iki stulda əyləşə və həm Qərblə, həm də Rusiya ilə əməkdaşlıq edə bilməzlər. Bu ideoloqlar hesab edirlər ki, keçmiş sovet respublikaları dünyanın əksər ölkələri ilə birlikdə konkret olaraq Rusiya və Çinin liderlik etdiyi qlobal əməkdaşlıq düşərgəsində (Qlobal Cənub) birləşməlidirlər.

Bu mənada son vaxtlar həm Rusiyanın, həm də Çinin Asiya qitəsi ölkələri (Şimali Koreya, Vyetnam və s.) ilə, həm Cənubi Avropa ölkələri (Macarıstan, Serbiya və s.) ilə, həm də Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə danışıqlar prosesini intensivləşdirməsi anlaşılandır.

Bir sözlə, Rusiya və Çin artıq hərbi müstəvidə Qərblə bacara bilməyəcəklərini görüb, qlobal diplomatiya rıçaqlarını işə salıblar. Onlar bu aralar imkan daxilində daha çox ölkəni qamarlamağa, ŞƏT və BRİCS-in “çətir”i altına salmağa səy göstərirlər. ŞƏT və BRİCS Moskva ilə Pekinin ABŞ və kollektiv Qərbə qarşı çoxmilyardlıq (təxminən 3 milyard əhalini birləşdirir) müqavimət platformaları kimi nəzərdə tutulub.

3-4 iyul tarixlərində Qazaxıstanın Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının zirvə toplantısının keçirilməsinin qərara alınması da məhz bu məqsədlərə xidmət edir. Kremlin bununla bağlı yaydığı məlumatda bildirilir ki, “liderlər ŞƏT çərçivəsində çoxşaxəli əməkdaşlığın daha da dərinləşdirilməsi və onun fəaliyyətinin təkmilləşdirilməsinin vəziyyəti və perspektivlərini müzakirə edəcəklər. Aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq”.

“Çoxtərəfli Dialoqun Gücləndirilməsi: Davamlı Sülh və İnkişafa Çatmaq” adı altında keçiriləcək bu zirvə toplantısında əsas gündəm ŞƏT-in beynəlxalq proseslərdə rolunun gücləndirilməsi olacaq, eləcə də regional təhlükəsizlik, infrastruktur, enerji, nəqliyyat və logistika məsələləri də müzakirə ediləcək.

Həmçinin Astana toplantısı çərçivəsində “ŞƏT plus” formatında görüşün keçirilməsi planlaşdırılır. Görüşə müşahidəçi ölkələrin və ŞƏT-in dialoq üzrə tərəfdaş ölkələrinin liderləri, o cümlədən Türkiyə və Azərbaycanın dövlət başçıları da dəvət olunub. Moskva və Pekin bu iki türk dövlətinin ŞƏT-ə üzv olması üçün maksimum səy göstərir. Lakin Ankara və Bakı isə ilk növbədə məhz Çin ilə Rusiyanın Asiyada təhlükəsizliklə bağlı əməkdaşlıq etmək məqsədilə yaratdıqları bu ittifaqa üzv olmağa tələsmir. Bu da hazırkı məqamda ən düzgün mövqedir.

Ankara və Bakı üçün hazırda Qərbdən uzaqlaşıb Qlobal Cənubda yer almaq yox, Türk Birliyinin yaradılması əsas prioritet olmalıdır. Azərbaycan və Türkiyə türk dövlətlərini vahid siyasi, iqtisadi və hərbi güc mərkəzi halına gətirməlidir. Və beləliklə, yaxın gələcəkdə yeni dünya nizamı yalnız iki qütbün ideoloji qarşıdurması üzərində yox, ən azı üç qütbün sağlam rəqabəti üzərində formalaşmalıdır. Dünya sözdə deyil, həqiqətən də çoxqütblü olmalıdır. Kollektiv Qərb və Qlobal Cənub Türk Birliyini də ayrıca güc mərkəzi kimi qəbul etməlidir.

Bir sözlə, dünyanın istər ABŞ-ın təkbaşına hegemonluğuna əsaslanan təkqütblü sistem əsasında idarə olunmasına, istərsə də Rusiya və Çinin köhnə “Soyuq müharibə” anlayışı ilə Qərblə rəqabəti əsasında yenidən iki qütbə bölünməsinə yol vermək olmaz. Üçüncü, dördüncü və digər qütblər də artıq öz varlığını göstərməlidir. Və bu kontekstdə bizim qlobal ailəmiz ŞƏT və BRİCS deyil, Türk dünyası, Turan birliyi olmalıdır. Bu məsələnin Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək zirvə görüşündə də geniş müzakirə olunmasına ehtiyac var. Dünyanın yenidən qütbləşdirilməsinə köklü reaksiyamız Şuşa Zirvəsində ortaya qoyula bilər...

(ardı var)

Bəybala Mirzəyev

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
visiontv.az

1Mənbələr