AZ

"Azərbaycan polisinin şücaəti bir çox ölkənin polislərinə örnək olub"

Pərvanə SULTANOVA [email protected]


İyulun 2-də Azərbaycanda Polis Günü qeyd olunub. Daim xalqımızın keşiyində dayanan, ictimai asayişi qoruyan polislərimiz təəssüf ki, bəzən iş başında öz həyatlarını da itirirlər. Bir neçə gün əvvəl polislərin peşə bayramı ərəfəsində Şüvəlanda baş verən hadisə hər kəsi üzdü, məyus etdi. Belə ki, iyunun 24-də Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib. Nəticədə, polis əməkdaşları - polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov həyatlarını itiriblər. Rövşən Allahverdiyev insident zamanı qonşusunu da güllələyib.

Polisə təslim olmaq, qanun qarşısında cavab vermək əvəzinə Azərbaycan polisinin humanist davranışından istifadə edərək yenə də cinayətə əl atmağı üstün tutan bu şəxs 4 gənc insanın həyatına son qoydu.

Məlumata görə, cinayətkar polisə müqavimət göstərərkən ailə üzvlərinin, xüsusən də ananın, uşaqların arxasında gizlənib. Polis də məhz buna görə cinayətkarı zərərsizləşdirməkdə çətinlik çəkib. Hadisə nə qədər ağır, kədərli olsa da, Azərbaycan polisinin insani, humanist davranışı, öz həyatları bahasına cinayətkarın ailə üzvlərini qorumaları bir daha polisin öz vəzifəsini necə şərəflə yerinə yetirdiyini göstərir. Qətlə yetirilən asayiş keşikçilərinin xatirəsi əlbəttə ki, hər zaman ehtiramla yad olunacaq.

Azərbaycan polisi həm də Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərib, şəhid olub, bu gün də azad olunmuş ərazilərdə vətənin keşiyində layiqincə dayanıb. Polisin fəaliyyətinin nəticəsidir ki, Azərbaycan bu gün dünyanın ən təhlükəsiz ölkələrdən biridir. Gecəyarı belə küçədə rahat şəkildə, heç bir təhlükə olmadan vətəndaşlarımız gəzə bilirlər.

Qeyd edək ki, iyulun 2-də Azərbaycan Polisinin yaranmasının 106-cı ildönümünü tamam oldu. 106 ildə polisimiz şərəfli bir yol keçib. Daxili İşlər Nazirliyi (DİN) və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayıb, müstəqilliyin müdafiəsinin ön sıralarında olub. 1920-ci il aprelin 27-də cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində daxili işlər orqanları uğurla inkişaf edib, cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və asayişin qorunmasında böyük təcrübə, yüksək bilik əldə edib. Xüsusilə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın bir çox sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər nazirliyin tarixinə ən mühüm mərhələ kimi həkk olunub. SSRİ dövründə Azərbaycanın Daxili İşlər Nazirliyi və ona bağlı orqanlar yüksək peşəkarlığı ilə fərqlənib. Ümummilli liderin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Yuxarıda vurğuladığımız kimi, Azərbaycan Polisi Birinci Qarabağ müharibəsində daim ön cəbhədə vuruşub. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Birinci Qarabağ müharibəsindəki döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Daxili işlər orqanlarının fəaliyyəti müstəqilliyimizin sonrakı illərində də uğurlu olub. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 100-dən çox polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfərdən çox xəsarət alıb.

2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, ictimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görüldü. Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayıb, müasir silah və texnika ilə təminatı, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edib. Məhz bu ali diqqətin nəticəsidir ki, Daxili Qoşunlar qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilib.

Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını şanlı İkinci Qarabağ müharibəsində də nümayiş etdiriblər. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vurublar. 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən, 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən, işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.

Polis həm də daxildə təxribatlar, iğtişaşlar törətmək, ictimai-siyasi sabitliyi pozmağa çalışan silahlı qruplara qarşı qətiyyətlə mübarizə aparır, onlara əl-qol açmağa imkan verməyərək, vaxtında zərərsizləşdirir.

"İnsan Alverinə Qarşı Mübarizə" təşkilatının sədri Ramiz Alıyev hesab edir ki, Azərbaycan polisi bütün dönəmlərdə ölkədə sabitliyin qorunması, vətəndaşlarımızın rahat yaşaması, dövlətimizin təhlükəsiz şəraitdə olması yolunda mücadilə aparıb: "Biz dəfələrlə bunun şahidi olmuşuq. Son illərdə isə ictimaiyyət açıq-aşkar müşahidə edib ki, Azərbaycan polisinin göstərdiyi şücaət bir çox ölkələrin polislərinə örnək olub. Dövlət başçımız hər zaman Azərbaycan polisinin xidmətini yüksək qiymətləndirib. Zamanında Ulu öndər Heydər Əliyevin Azərbaycan polisinə verdiyi dəyər, bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün Azərbaycan polisinə qarşı atılan güllə xalqımıza, dövlətimizin sabitliyinə, demokratikliyinə, vətəndaşlarımızın hüquqlarının qorunmasına atılan bir güllədir. Belə halların dəfələrlə şahidi olmuşduq. Əgər Azərbaycan dövləti güclüdürsə, onun hüquq-mühafizə orqanları da güclüdür. Bütün bunları nəzərə alaraq, daim Azərbaycan polisinin yanında olmalı, ona dəstək nümayiş etdirməliyik".

 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
525.az

1Mənbələr