AZ

YAP idarə heyətinin iclası keçirilir – Səlahiyyətli nümayəndələr təyin olunacaq

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin 1 sentyabra təyin olunmuş növbədənkənar parlament seçkilərinə həsr olunmuş iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, işçi toplantıda seçkiyə hazırlıq məsələləri, o cümlədən, namizədlərin ilkin siyahısının müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, VI çağırış Milli Məlisdə təmsil olunmuş deputat korpusunun fəaliyyəti diqqət mərkəzində olacaq. Mənbələr bildirirlər ki, YAP mərkəzi nəzarət təftiş qurumunun ötən 5 ildə millət vəkilləri, rayon şöbələrinin fəaliyyəti barədə vaxtaşırı hazırladığı arayışlar və yekun hesabat da İdarə Heyəti üzvlərinə təqdim olunacaq. Bildirilir ki, partiyanın VII çağırış Milli Məclisə göndərmək istədiyi deputatların seçilməsində onların ötən dövrdəki fəaliyyəti əhəmiyyətli rol oynayacaq. Məlumata görə, toplantıya sədrlik edən YAP sədrinin müavini – İcra Aparatının rəhbəri Tahir Budaqovun namizədlərin müəyyən olunmasında yeni meyarları da açıqlayacağı gözlənilir.

Bu sırada kiçik istisnalarla 3 dəfədən artıq deputat olmuş əksər şəxslərin bu dəfə namizəd ola bilməyəcəyi, habelə parlament və ictimai-siyasi fəaliyyəti qənaətbəxş sayılmayan millət vəkillərinin də siyahıdan kənarda qalacağı gözlənilir. Mənbələr vurğulayır ki, xüsusən media ilə təmas qurmayan, rayon tədbirlərində, habelə hakim partiyanın ümumrespublika əhəmiyyətli proqramlarında fəal olmamış deputatlar mandata ümid etməməlidirlər.

Qeyd olunur ki, toplantıdan sonra YAP-ın növbədənkənar seçkilərdə iştrak edəcək deputatların yekun siyahısının ictimaiyyətə açıqlanması az ehtimal olunur. Yekun siyahının iyulun 10-12-si aralığında elan olunacağı gözlənilir.

Bir qayda olaraq hakim partiya 125 dairə üzrə namizədlər irəli sürür və bu tərkib parlamentin yeni palitrasını aşağı-yuxarı müəyyən etməyə imkan verir. Belə ki, siyahıdan YAP üçün hansı namizədlərin prinsipial, hansılarının “qurbanlıq” namizədlər olduğunu təxmin etmək mümkündür. Bu günlərdə Tahir Budaqov təsdiq edib ki, hakim partiya əvvəllər olduğu kimi bəzi dairələrdə müstəqil namizədləri dəstəkləyə bilər.

Beləliklə, gələn həftə YAP-ın hansı dairələri müxalifət və müstəqil namizədlər üçün “boş” saxlayacağı bəlli olacaq. Daha sonra həmin seçki dairələri uğrunda qızğın rəqabət başlayacaq


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
3
teleqraf.com

10Mənbələr