AZ

İcmadan etiraz!

Erməni lobbisinin muzdlu carçısının “hesabat”ı, tör-töküntü “nümayəndələrin” qərəzli fikirləri sülhə mane olur

Müəyyən beynəlxalq dairələr Azərbaycana qarşı qərəzli kampaniyaları davam etdirir. Xüsusilə, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra bu istiqamətdə “fəallıq” artıb. Beynəlxalq hüquqdan və insan haqlarından danışan dairələr bəzən bu amilləri görməzdən gəlirlər ki, bu da ikili standartların bariz nümunəsidir. Bunu “Freedom House” beynəlxalq qeyri-hökumət təşkilatının yanaşmasından da aydın görmək mümkündür. “Freedom House” Azərbaycan haqqında daim qeyri-obyektiv və qərəzli mövqedən çıxış edən təşkilatlardan biridir. Təşkilat mütəmadi olaraq ölkəmiz barəsində həqiqətə uyğun olmayan məlumatlar yayır və artıq cəmiyyətimizdə bu beynəlxalq QHT-nin Azərbaycan haqqında obyektiv mövqedə olmaması barədə haqlı olaraq yekdil rəy formalaşıb.

İyulun 1-də isə “Freedom House” “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” başlıqlı “faktaraşdırıcı hesabat” yayması da bu təşkilatın erməni lobbisinin əlində  alət olduğunu bir daha təsdiqləyir. Uzun müddətdir özünü ermənilərin muzdlu carçısına çevirmiş “Freedom House” təşkilatının bu  “hesabatında” Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin Ermənistana köçüb getməsi “hüquq pozuntusu” kimi qələmə verilir. Bütövlükdə isə “hesabat” tamamilə yalan və böhtan üzərində qurulub.

Ümumiyyətlə, “Freedom House” özünü “demokratiya və insan hüquqları müdafiəçisi” kimi təqdim etsə də, əslində bu təşkilatın hansı məqsədlərə xidmət etdiyi Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir. “Hesabat”lara gəlincə, həqiqətdən tamamilə uzaq olan belə yanaşmaların kökündə duran əsas məqam isə, təbii ki, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi və öz gücünə ərazi bütövlüyünü təmin etməsidir. Belə ki, Azərbaycanın Cənubi Qafqaz regionunun lideri olması artıq beynəlxalq səviyyədə qəbul olunmuş bir faktdır. Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Həmçinin, ölkəmiz beynəlxalq təşkilatlarla faydalı, konstruktiv əməkdaşlığa önəm verir. Bu, həm də ölkəmizin müstəqil inkişafından və öz gücünə arxalanmasından irəli gələn bir məsələdir. Ona görə də, müəyyən xarici dairələr Azərbaycanın bu prinsipiallığını, qətiyyətini həzm edə bilmirlər və onların aləti olan “Freedom House” ölkəmizə qarşı “qara piar” kampaniyasını davam etdirir.

Əgər “Freedom House”, həqiqətən də, qanunçuluğun, insan haqlarının təəssübkeşidirsə, onda ilk növbədə, Ermənistanın 30 il ərazilərimizi işğal altında saxlamasına, işğal nəticəsində fundamental hüquqları pozulmuş 1 milyondan çox soydaşımızın hüquqlarının bərpa olunmasını tələb etməli idi. Amma biz indiyə kimi bunun tam əksini görmüşük. Hətta “Freedom House” əvvəlki hesabatlarında işğal altında olmuş Qarabağ ərazisini mübahisəli ərazi kimi göstərirdi. Dünyanın bütün dövlətləri və mötəbər təşkilatları, o cümlədən dünyanın ən ali hüquq təşkilatı olan BMT Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı halda, özünü insan hüquqlarının “keşikçisi” kimi qələmə verən “Freedom House” beynəlxalq hüquqa hörmətsiz yanaşırdı. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi isə təşkilatın sahiblərini də ciddi narahat edir. Bu səbəbdən də, sözügedən hesabatda ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatizminin kökünün kəsilməsini də  “Freedom House” özünəməxsus qaydada “dəyərləndirib”. Təşkilat iddia edib ki, guya Azərbaycan Qarabağda etnik təmizləmə həyata keçirib. Əslində, bütün bunlar cəfəngiyyatdan başqa bir şey deyil.

“Freedom House” təşkilatının məlum “hesabatına” Qərbi Azərbaycan İcması da etiraz edib. Bununla bağlı İcmanın bəyanatında bildirilib ki, Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan torpaqlarından bir milyona yaxın azərbaycanlının zorla qovulmasına göz yuman “Freedom House” təşkilatının sözügedən böhtan xarakterli hesabatı yayması bu qurumun açıq qərəzinin və destruktivliyinin sübutudur. “Sözügedən hesabatın sifarişçiləri regionda sülhə mane olmaq və ədavəti qızışdırmaq məqsədi güdürlər. Bir daha geniş ictimaiyyətə xatırladırıq ki, vitse-prezident Anni Boyacıyan daxil olmaqla çoxsaylı radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur və bu təşkilat tamamilə irqçi düşüncəli dairələrin təsirinə düşüb”,-deyə bəyanatda vurğulanıb.

Qərbi Azərbaycan İcmasının digər bəyanatında isə keçmiş separatçı rejimin nümayəndələrinin açıqlamalarına münasibət bildirilib: “Tarixin arxivinə gömülmüş qanunsuz rejimin tör-töküntüləri son günlər Ermənistanda Azərbaycana qarşı bir sıra gülünc açıqlamalar verir. Hesab edirik ki, Ermənistanın öz ərazisində belə təxribatçı ünsürlərin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təhdid edən fəaliyyətinə göz yumması onun Azərbaycanla sülh sazişi imzalaması istəyinin səmimiliyini sual altına qoyur. Ermənistan hakimiyyəti, hələ də özlərini qondarma adlar altında təqdim edən “nümayəndələrin” Azərbaycana qarşı fəaliyyətinə imkan yaratmamalıdır”.

Nardar BAYRAMLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr