AZ

Vaşinqton vasitəçiliyə qayıdır? - ondansa İrəvana təzyiq etsin!

Azərbaycan Prezidenti isə “ikitərəfli səviyyədə daha yaxşı nəticələr görürük” mesajı verdi - şərh

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında müəyyən pauza yaranıb. Məlumdur ki, iki ölkənin xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan sonuncu dəfə may ayında Almatıda bir araya gəliblər. Hərgah diplomatik yazışmalar davam edir. Az öncə Bakı sülh sənədinin redaktə olunmuş 10-cu variantinı İrəvana göndərib. Eyni zamanda amerikalı emissarların regiona səfərləri intensivləşib. 

O sırada ötən həftəsonu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycanda oldu (iki həftə qabaq Ermənistana baş çəkmişdi). Bir sıra diqqətçəkən açıqlamalar və mesajlar verdi. Onların real təsirini isə yəqin ki, bir qədər sonra görəcəyik. Əslində isə çox şey kapitulyant tərəfin nə dərəcədə özünü konstruktiv aparacağından asılı olacaq. Ona görə ki, barışıq və əməkdaşlıq məsələsində Bakıdan asılı nəsə qalmayıb. Top çoxdan Ermənistanın meydanındadır. Əgər Qərb, özəlliklə onun aparıcı dövləti ABŞ həqiqətən bölgədə müharibədə yox, möhkəm sülhdə maraqlıdırsa, əlindəki rıçaqlardan istifadə edərək, “qərbçi” Nikol Paşinyan hökumətinə real təsir göstərməlidir.

“Vaşinqton Azərbaycan və Ermənistan xarici işlər nazirləri (XİN) arasında görüş keçirməyə hazırdır”. 

Ceyms O’Brayn Bakıda jurnalistlərə açıqlamasında belə deyib. “Söhbət hər iki tərəf üçün nəyin daha faydalı olacağından gedir. Ümid edirəm ki, xarici işlər nazirləri ən qısa zamanda görüşmək imkanı tapacaqlar. Əgər bu, Vaşinqtonda baş verərsə, biz oynaya biləcəyimiz roldan asılı olmayaraq, onları məmnuniyyətlə qəbul edəcəyik. Ancaq bir çox kanallar var və hər iki tərəf effektiv birbaşa əlaqəni dəstəkləyir. Biz bu prosesdə dost kimi iştirak edirik”, - o bildirib. “Dost” kimi nə deməkdir? Vasitəçi qismində, ya necə? ABŞ vasitəçiliyə qayıdırmı? 

Lakin Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfiri Kevin Hamiltonun etimadnaməsini qəbulu zamanı deyib ki, hazırda biz ikitərəfli səviyyədə daha yaxşı nəticələr görürük, kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur. “Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik”, - dövlət başçısı vurğulayıb. Bununla da moderatora ehtiyac olmadığına eyham vurub. Çünki ikitərəfli danışıqlar modeli vasitəçinin iştirakı ilə keçirilən müzakirələrdən daha effektivdir. Üstəlik, Vaşinqton baş diplomatların görüşünü təşkil etməyə başlasa, Rusiya dərhal müdaxilə edəcək. O baxımdan vasitəçilərlə məsafə saxlayaraq danışıqları inkişaf etdirmək labüddür. ABŞ isə yaxşılıq etmək istəyirsə, qarışmasın, əksinə, İrəvana təzyiq göstərməyə başlasın. 

Bundan başqa, dövlət başçısı kanadalı səfiri qəbul edərkən onu da bəyan edib ki, Ermənistan konstitusiyaya dəyişiklik etməsə, sülh müqaviləsi olmayacaq. O zaman Vaşinqton sülh sənədi üçün tələsirsə, İrəvanı referenduma getməyə məcbur etməlidir. Ermənistanın nicatı bütün hüquqi məsələləri tənzimləməsindən asılıdır. 

Gözlənilən

Məhəmməd Əsədullazadə

Siyasi ekspert Məhəmməd Əsədullazadənin fikrincə, görüşün Vaşinqton deyil, Almatıda olması daha vacibdir: “Azərbaycan NATO sammitində xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Həmçinin Vaşinqton Ermənistan və Azərbaycan  xarici işlər nazirlərinin görüşünün keçirilməsini təklif edib. Vaşinqtonda xarici işlər nazirlərinin görüşünə ehtiyac yoxdur. Onsuz da Azərbaycan və Ermənistan ikitərəfli danışıqları davam etdirir və növbəti görüşün Vaşinqton deyil, Almatıda olması daha vacibdir”. 

Ekspertə görə, ABŞ Azərbaycanla Ermənistan arasında açıq vasitəçi olmağa çalışır: “Düzdür, Vaşinqtonun Ermənistana siyasi təzyiqləri fonunda İrəvan bir çox məsələlərdə Azərbaycana güzəştə gedib. Təbii ki, ABŞ Cənubi Qafqazda real sülhün əldə edilməsi fonunda Rusiyanın regionda zəifləməsinə çalışır, Azərbaycanla Ermənistan arasında COP29 konfrasınadək sazişin bağlanması istiqamətində ikitərəfli danışıqlar aparır".

Ramiyə

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova Bakının ABŞ-ın vasitəçiliyinə razı olmayacağına əmindir. Onun zənnincə, çünki bu halda, Azərbaycan Rusiyanın hərəkətlənəcəyini görür. 

Ekspert ikitərəfli danışıqlar modelini ideal sayır: “Cənab Prezidentin mövqeyi aydın şəkildə ABŞ və Rusiyaya, o cümlədən Avropa İttifaqına çatdırıldı. Artıq bu platformalar fayda verə bilmir. Çünki strateji qarşıdurma və Ukrayna münaqişəsi ucbatından sülh danışıqlarına zərər vururlar. Onlar kömək etmək əvəzinə, ayağımızın altına daş qoyub əngəl olurlar. Təcrübə göstərdi ki, vasitəçilər olmayanda nəticə qazanmaq mümkündür. Delimitasiya prosesi, demarkasiya işi, kəndlərin qaytarılması məhz ikili danışıqların nəticəsidir. Vasitəçilər isə bir qarış torpağın da azad olunmasında müsbət rol oynaya bilməyiblər”.  

Təhlilçinin gözləntiləri COP29 tədbirlərinə qədər çərçivə sənədi imzalanmasıdır: "Blinkenin köməkçisi tələsdirir ki, Rusiyanın müharibəyə başı qarışıb deyə tez sülh müqaviləsini imzalasınlar. Amma bu tələskənliyin arxasında dəhlizin açılması istəyi dayanır. Rusiya və Çini koridordan kənarda qoyacaq bir logistika layihəsi irəli sürülür. Amma ABŞ yanılır, Rusiya müharibə aparmaqla yanaşı, Cənubi Qafqaz proseslərinə müdaxilə edəcək qədər potensiala malikdir".

Bu

 Asif Nərimanlı 

Siyasi icmalçı Asif Nərimanlıya görə də O’Braynın Bakıya hansı planla gəldiyi artıq sirr deyil: “Vaşinqton Mərkəzi Asiyadan Avropaya uzanan Orta dəhlizdən Çini və Rusiyanı kənarlaşdırmaq niyyətindədir. Bunu artıq açıq şəkildə dilə gətirirlər. Burada əsas həlledici məqam kommunikasiyanın hansı məntiqlə açılması olacaq. Ermənistan Naxçıvana "maneəsiz keçid" verməkdən imtina edir. Mərkəzi Asiya-Avropa marşrutuna Ermənistanı qoşmaq istəyən ABŞ da “yol məntiqi”nin tərəfdarıdır. Lakin Bakının Naxçıvana çıxışda “Azərbaycandan Azərbaycana prinsipi” ilə bağlı istəyi qəbul edilməyəcəyi təqdirdə, bunun reallaşması çətin görünür. Mümkündür ki, O’Braynın İrəvan və Bakı səfərlərində Naxçıvana çıxışın bu prinsiplər əsasında açılması da müzakirə olunur, yaxud Azərbaycandan Naxçıvana gedən yolun beynəlxalq nəzarət altında olması kimi variantlar da ola bilər. Bütün hallarda Azərbaycan Naxçıvana “maneəsiz keçid” əldə etməlidir".

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
musavat.com

1Mənbələr