AZ

Bakının səsi Vaşinqtonda: ya İran, ya Ermənistan

Zəngəzur dəhlizi: yolumuzun İrandan yox, Ermənistandan keçməsi daha yaxşıdır?
Ermənistan ərazisindən keçməklə Naxçıvanla quru əlaqənin yaradılması, İranla münasibətlər kontekstində Azərbaycan üçün vacibdir. Çünki Azərbaycan İrandan asılılığı minimuma endirmək istəyir.
Bunu Hudson İnstitutunun baş elmi işçisi Lyuk Koffi ABŞ Atlantika Şurasında “Ermənistan və Azərbaycan sülhün astanasındadırmı?” mövzusunda keçirilən müzakirədə deyib. Qeyd edib ki, Bakı ilə Tehran arasında münasibətlər zahirdə çox isti görünür.
“Lakin sizi əmin edə bilərəm ki, daxildə bu münasibətlər kifayət qədər mürəkkəbdir. Azərbaycanlıların Ermənistan ərazisindən keçməklə Azərbaycanı Naxçıvanla birləşdirəcək bu tranzit dəhlizinə sahib olmaq istəmələrinin səbəbi isə Azərbaycanın indi İran quru ərazisindən və İranın hava məkanından asılı olmasıdır. Onlar Naxçıvanı əsas tələbatlarla təmin etmək üçün İrandan asılıdırlar”, - deyə analitik bildirib.
Lyuk Koffinin sözlərinə görə, Azərbaycan Naxçıvana təbii qaz tədarükündə İrandan asılıdır və bu, Türkmənistan təbii qazının mübadiləsinə dair sövdələşmə yolu ilə həyata keçirilir: “Bu problemi həll etmək üçün Azərbaycan hazırda Türkiyədən Naxçıvana qaz çatdıracaq qaz kəmərinin tikintisi üzərində Türkiyə ilə işləyir. Azərbaycanla İranın münasibətlərində onların tarixi, dini fərqlilikləri, geosiyasi problemlər və çətinliklər də önəmlidir. Məsələn, Birinci Qarabağ müharibəsi zamanı İranın Ermənistana silah verməsi və ya İkinci Qarabağ müharibəsi zamanı Rusiyanın İran ərazisindən Ermənistana silah verməsi və ya İranın Qərbi Azərbaycan vilayətində yaşayan milyonlarla azərbaycanlı amili. Mən şübhə etmirəm ki, Bakı Tehranla isti münasibətlər qurmaq istəyir, lakin Naxçıvana gəldikdə, onlar İrandan asılı olmaq istəmirlər”.
Maraqlıdır, amerikalı tədqiqatçı öz qiymətləndirmələrində nə dərəcədə haqlıdır? Xüsusilə, Azərbaycanın hələ də İrandan çox Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinə üstünlük verdiyini deyəndə.
AYNA-nın suallarını region üzrə tanınmış ekspertlər cavablandırıblar.
Kiyev Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov:

“Azərbaycan üçün Naxçıvanla əlaqə marşrutunun seçilməsində və Türkiyəyə yeni nəqliyyat dəhlizinin yaradılmasında əsas meyar təbii ki, onun etibarlılığı olacaq. Məhz bu amil hazırda təhlil edilir. Ermənistanla sülh müqaviləsi imzalanana qədər yeganə yol İrandan keçir. Bununla belə, danışıqların gedişi ilə bağlı hər iki tərəfin ümidverici bəyanatları hər iki variantı nəzərdən keçirməyə imkan verir. Bunun üçün iki meyardan istifadə olunacaq - ikitərəfli münasibətlərin vəziyyəti və proqnozu; Ermənistan və İranın sabitliyi pozmaq perspektivləri. Hər iki halda bu sualların cavabları heç də aydın deyil.
İranda son bir neçə ildə kifayət qədər genişmiqyaslı bir neçə etiraz aksiyası keçirilib, sonuncusu yalnız kütləvi silahlı zorakılıqla dayandırılıb. İranda vəziyyətin sabitliyi pozulacağı təqdirdə, SEPAH xarici düşmən kimi Azərbaycanı nişan göstərə bilər, Üstəlik, Tehrandan Bakıya vaxtaşırı hücumlar illərdir eşidilir və SEPAH-ın ictimai rəyi uzun müddət hazırlamağa ehtiyacı yoxdur.
Ermənistanla bağlı problemlər başqa xarakter daşıyır. Azərbaycanla sülh müqaviləsi imzalayan Ermənistan xarici sabitliyin pozulmasına qarşı həssas olaraq qalır. Əgər Aİ-yə inteqrasiya istəyi ilə bağlı bəyanatlar konkret siyasi qərarlara çevrilərsə, İrəvan Bakı üçün tamamilə rahat və ən əsası, kifayət qədər proqnozlaşdırıla bilən tərəfdaşa çevriləcək, eyni zamanda Rusiyanın təxribatlarının hədəfinə çevrilə bilər. Təbii ki, nəzarət imkanları təmin edilərsə və insidentlərin qarşısını almaq üçün Ermənistanın imkanları gücləndirilərsə, bu marşrut optimaldır”.
Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktor müavini Fuad Çıraqov (Bakı):

“Mənim yaxşı dostum Lyuk Koffi Vaşinqtonda Cənubi Qafqazın mürəkkəb geosiyasətinin nüanslarını və təfərrüatını bilən nadir ekspertlərdən biridir. Təəssüflər olsun ki, regionumuz üzrə ekspert olduğunu iddia edən əksər şərhçilərin ya Cənubi Qafqazla bağlı belə anlayışı yoxdur, ya da müəyyən ideoloji qərəzlərin təsiri altındadır və ya yeri gəlmişkən, nəinki Azərbaycan əleyhinə müxtəlif lobbi qruplarının, çox güclü erməni lobbisinin təsiri altındadır.
Lyukun region barədə bilikləri onu Vaşinqton beyin mərkəzləri ictimaiyyətində Azərbaycanın maraqları üçün çox yaxşı səsə çevirir. Və mən deyərdim ki, o, çox haqlıdır ki, Azərbaycan bütün yumurtalarını bir səbətə qoymamaq niyyətindədir və buna çalışır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
ayna.az

2Mənbələr