AZ

Sülh üçün növbəti addım...

İki ölkə arasında intensiv təmaslar yeni şərait formalaşdırır

Antoni Blinken: Azərbaycan bu işdə çox böyük rola malikdir...

Uzun illərdən sonra Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması reallığa çevrilir. Azərbaycanın 2020-ci il Vətən müharibəsində və 2023-cü il antiterror tədbirlərində əldə etdiyi qələbə bölgədə yeni siyasi mənzərə formalaşdırıb. Artıq Ermənistan anlayır ki, regional təhdidə çevrilməklə heç nə əldə etməyəcək - əksinə, Azərbaycanın sülh çağırışlarına adekvat cavab vermək regional inkişafın bir hissəsinə çevrilmək, bu inkişafdan yararlanmaq perspektivi formalaşdırır. Bunun nəticəsidir ki, son 7 ayda Ermənistan ilə Azərbaycan arasında gedən müvafiq danışıqlar müəyyən pozitiv nəticələrə yol açıb. 

Yeri gəlmişkən, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin yaydığı son məlumatda da bildirilir ki, müvafiq razılaşmalara əsasən, komissiyalar “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın birgə fəaliyyəti haqqında” Əsasnamə layihəsinin razılaşdırılması üzərində işləyirlər. 2024-cü il iyulun 1-nə olan vəziyyətə görə, komissiyalar işçi qaydada Əsasnamənin layihələrinin mübadiləsini həyata keçirib və bir sıra müzakirələr aparıblar. Danışıqlar konstruktiv məcrada davam edir. Razılaşdırma prosesinin tezliklə başa çatdırılması planlaşdırılır.

İkitərəfli təmasların yaratdığı imkanlar...

Ötən ilin payızından etibarən iki dövlətin müvafiq delimitasiya komissiyaları arasında baş tutan görüşlər, aparılan müzakirələr və əldə edilən razılaşmalar bir faktı önə çıxarıb - bu fakt göstərdi ki, üçüncü tərəfin iştirakı olmadan Azərbaycan və Ermənistanın öz aralarında vacib məsələlərlə bağlı razılıq əldə etmək imkanındadırlar. Xüsusilə, 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan Baş naziri aparatı arasında hər hansı vasitəçi olmadan qəbul edilmiş birgə bəyanat bu mənada xüsusi əhəmiyyət daşıyır. Həmin sənəddə sülh üçün tarixi imkanların olduğu vurğulanır, Azərbaycanın və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyinə bir daha dəstəkləri ifadə edilirdi. Ermənistan öz namizədliyini geri götürərək COP29-un Azərbaycanda keçirilməsinə dəstəyini ifadə etməklə ikitərəfli kontekstdə razılıqların mümkünlüyünü ortaya qoymuşdu. Bu razılaşmanın məntiqi nəticəsi olaraq bu ilin aprelində Azərbaycanın və Ermənistanın müvafiq delimitasiya komissiyalarının səkkizinci görüşündə olduqca mühüm uğurlar əldə edildi - delimitasiya prosesinin ilkin mərhələsi həyata keçirildi. Sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsi razılaşdırıldı. Son məlumatda yer alan birgə fəaliyyət haqqında” Əsasnamə layihəsi ilə bağlı razılıq da məhz səkkizinci görüşün nəticələrindəndir - qeyd edək ki, delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanılacağı bildirilmişdi. 

Nəticənin əldə edilməsi üçün... 

Bəli, bu kimi görüşlər növbəti mərhələlərdə görüləcək işlərlə bağlı yeni perspektivlər formalaşdırır. Bu isə öz növbəsində sülhü daha da yaxınlaşdırır - dövlət sərhədlərinin müəyyənləşməsi, delimitasiya və demarkasiyanın həyata keçirilməsi qarşıdakı dövrdə münasibətlərin normallaşması üçün də stimul yaradır - xüsusilə, hazırki sülhlə bağlı açıq mətnli fikirlərin səsləndirildiyi bir dövrdə bu kimi proseslər mövqelərin yaxınlaşmasına yol aça bilər. Vurğulayaq ki, Azərbaycan hər zaman sülhün və beynəlxalq hüququn tərəfdarı kim çıxış edib - hətta 30 illik işğal dövründə belə ölkəmiz sülhpərvər mövqedən geri çəkilməyib. İndiki halda, bu istiqamətdə addımların davam etdirilməsi son sənədin ortaya çıxmasına şərait yarada bilər. Bu kimi uğurlu nəticəyə imza atılması isə yenə də Azərbaycanın adı ilə bağlıdır - illərdir ki, ikitərəfli təmasların yarada biləcək üstünlüklərini önə çəkən dövlətimiz nəhayət ki, Ermənistanın da vasitəçisiz olaraq danışıqlar aparmasına nail oldu. İndiki mərhələdə isə Ermənistanın atacağı addımlar sülhün daha da tezləşdirilməsinə yol aça bilər - bunun üçün ən əsas şərt rəsmi İrəvanın özünün Konstitusiyasında dəyişiklik etməsi, Azərbaycana qarşı olan əsassız torpaq iddialarından əl çəkməsi və sülhün, sabitliyin davamlı, əbədi olmasına töhfə verməsidir...

Azərbaycanın rolu etiraf edilir...

Sülhün yaxında olması məsələsi beynəlxalq aləm tərəfindən də təsdiqlənir. Qeyd olunmalıdır ki, proses qlobal aləm tərəfindən diqqətlə izlənir - əldə olunacaq sülhün Şərq-Qərb, Şimal-Cənub istiqamətli yeni ticari imkanlar yaradacağını nəzərə alsaq, bu normal hal sayılmalıdır. Bu mənada, dünyanın aparıcı gücləri mütəmadi olaraq prosesin gedişatı ilə maraqlanır, Azərbaycanın məsələ ilə bağlı mövqeyi ilə yaxından tanış olurlar. Bu da təsadüfi deyil - artıq bütün dünya etiraf edir ki, Azərbaycan Cənubi Qafqaz da daxil olmaqla mühüm bir coğrafiyada siyasi-iqtisadi aktor kimi mühüm yer tutur. Yeri gəlmişkən, bir neçə gün öncə, ABŞ Dövlət katibi Antoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı Azərbaycan ilə Ermənistan  arasında sülh müqaviləsinin imzalanması haqqında danışıb. Blinken bildirib ki, iki ölkə arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb. O qeyd edib ki, bu saziş onilliklərlə davam edən münaqişəyə son qoyacaq və iqtisadi əlaqələr, iqtisadi inkişaf, Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələr baxımından böyük imkan yaradacaq. “Azərbaycan bu işdə çox böyük rola malikdir. Biz diplomatiya yolu ilə fəal şəkildə iş apararaq Azərbaycan və Ermənistanı sülh sazişinə yaxınlaşdırmağa çalışdıq. Biz bu sahədə Avropa İttifaqı ilə sıx əməkdaşlıq və koordinasiya həyata keçirmişik. Düşünürəm ki, bu, həqiqətən mümkündür. Mən təxminən bir həftə əvvəl bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Düşünürəm ki, bu mümkündür və tam mənada Azərbaycanla Ermənistanın, həmçinin bütün regionun maraqlarına xidmət edir”, - deyə A.Blinken qeyd edib.

S.İSMAYILZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr