AZ

“YAP BU SEÇKİDƏ DƏ SÜRPRİZLƏR EDƏ BİLƏR...” - “Yeni parlamentdə rəngarənglik indikindən daha artıq olacaq”

Vüqar İsgəndərov: “Türk Dövlətlər Təşkilatının dünyada qəbul edilən bir gücə çevrilməsi çox da uzaqda deyil”

“Bizim çərçivə sənədinə getmək fikrimiz yoxdur. Bizə sülh naminə yalançı müqavilə lazım deyil..”

Altıncı çağırış Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvü Vüqar İsgəndərov “AzPolitika”-ya müsahibəsində sentyabr ayına təyin olunan növbədənkənar pralament seçkiləri, ölkənin siyasi həyatına dair bir sıra mövzularla bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Vüqar müəllim, ilk növbədə, sentyabrın birinə təyin olunan parlament seçkiləri haqqında soruşmaq istərdik. Bildiyimiz kimi, mövcud parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin olunması təşəbbüsü ilə təmsil olunduğunuz partiya çıxış etdi. Bu, noyabr ayında ölkəmizdə COP29-un keçirilməsi ilə əlaqələndirildi. Bəzi müxalifət partiyalarının təmsilçiləri seçkilərin tarixinin irəli çəkilməsini düzgün hesab etmirlər, hətta parlamentin buraxılması ilə bağlı müraciətin hüquqi deyil, siyasi qərar olduğu bildirilir. YAP-ı təmsil edən və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olan deputat kimi, sizin bu fikirlərə münasibətinizi bilmək istərdik. Növbədənkənar seçkilərin keçirilməsi nə qədər zəruri idi və bu qərar hüquqi baxımdan əsaslandırılıbmı?

- Əlbəttə, zərurət var idi və hüquqi baxımdan da tam əsaslandırılıb. Ancaq bu haqda danışmazdan öncə qeyd edim ki, ölkə başçısı cənab İlham Əliyev bu il fevral ayında yenidən prezident seçildikdən sonra andiçmə mərasimindəki çıxışında Azərbaycanda yeni bir dövrün başlandığını bəyan etdi, ölkəmizdə gələcəkdəki illərdə görüləcək işlərin yol xəritəsini cızdı, milli strategiyamızı müəyyənləşdirdi. Ölkəmizin milli maraqlarının həm regional, həm də qlobal səviyyədə təmin edilməsi üçün daha ciddi addımların atılacağının mesajını verdi. Eyni zamanda siyasi, iqtisadi, hüquqi islahatların genişləndiriləcəyini bəyan etdi. Təbii ki, ölkədə aydın siyasi mənzərənin olması bu prosesin daha uğurla həyata keçirilməsinə zəmin yaradır. Bu baxımdan prezident seçkilərindən sonra ölkədə yeni parlament seçkilərinin keçirilməsi də gözlənilən idi. İlk növbədə ona görə ki, son parlament seçkilərindən sonra Azərbaycanın həyatında titanik dəyişikliklər olub. 2020-ci ildəki 44 günlük Vətən Müharibəsindəki qələbəmiz və ötən il həyata keçirilən 23 saatlıq uğurlu antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və bütün ərazisində dövlət suverenliyi təmin edilib. Bu, eyni zamanda Azərbaycanda siyasi palitranı dəyişdi. Azərbaycanın bölgədə və beynəlxalq aləmdəki rolunu müsbət mənada dəyişdi, sözünün çəkisini daha da artırdı. Bu həm də ölkəmizin, dövlətimizin qarşısında ən qısa zamanda həlli tələb olunan yeni vəzifələri, cağırışları meydana çıxardı. Bu baxımdan qanunverici orqanın da yenilənməsi müəyyən mənada siyasi bir zərurət kimi görünürdü. Bu baxımdan partiyamızın təşəbbüsü Milli Məclisdəki deputatların əksəriyyəti tərəfindən müsbt qarşlandı və növbədənkənar seçkilərin keçirilməsi üçün Prezidentə müraciət olundu. Fikrimcə, müxalifət də bu qərara sevinməlidir. Ümumiyyətlə, bütün demokratik cəmiyyətlərdə növbədənkənar seçkilərin keçirilməsi, parlamentlərin buraxılması, yeni seçki təyin edilməsi normal bir siyasi proses kimi qarşılanır. Bizdə də belə olmalıdır. Zatən bu il noyabr ayında parlament seçkiləri olacaqdı, sadəcə iki ay önə çəkilib.

Bu qərar hüquqi baxımdan da tam əsaslandırılıb. Buna irad tutmaq cəfəngiyyatdır. Hamımızın bildiyi kimi, noyabrda Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçirilməlidir. Hər dəfə bu sessiyaya qatılanların sayı azı 10 000 nəfər artır. Dubayda keçirilən COP28-də, 6 mini onlayn olmaqla, 106 000 nəfər iştirak edib. Belə bir böyük miqyaslı tədbiri yüksək səviyyədə təşkil etmək asan məsələ deyil. Əlbəttə, Azərbaycanın təcrübəsi var. İslam Oyunlarını, Avropa Oyunlarını, “Eurovision” yarışmasını yüksək səviyyədə təşkil etmişik. Ancaq bunun çətinliklərini də bilirik. Deyinmək, irad tutmaq asandır, iş görmək isə çətin. Belə böyük miqyaslı beynəlxalq tədbirləri təşkil etmək isə ikiqat çətin və məsuliyyətlidir. Bu cür tədbirlər həm də hər bir ölkənin təqdim olunmasıdır. Bütün incə detallar nəzərə alınmalıdır. Ona görə də noyabr ayında həm COP29-u, həm də parlament seçkilərini keçirmək doğru olmazdı. Parlament seçkiləri də ölkənin siyasi həyatı baxımdan böyük tədbirdir, uzun bir marafondur. Belə iki böyük tədbirin təxminən eyni vaxtda təşkil olunmasının çətin, hətta mümkünsüz olduğunu bilmək üçün böyük intellektə sahib olmaq lazım deyil. Təbii olaraq, bunlar üst-üstə düşürsə, hansısa birini Konstitusiya icazə verirsə, önə çəkə bilərik. COP29-un vaxtını dəyişdirmək mümkün olmadığından, qanunvericiliyə uyğun olaraq parlament seçkilərinin vaxtı önə çəkildi. Ölkə başçısı qərar verməzdən öncə parlamentin müraciətini Konstitusiya Məhkəməsinə təqdim etdi. Plenum baxdı və müsbət rəy verdi. Mərkəzi seçki Komissiyası da hazır olduğunu bildirdi və bundan sonra cənab Prezident öz səlahiyyətindən istifadə edərək parlamenti buraxdı. Hər bir siyasi partiyanın məqsədi budur ki, sivil yollarla hakimiyyətə gəlsin. Bunun da yeganə yolu seçkilərdir, yəni xalqın iradəsidir. Müxalifət partiyaları da gəlsinlər, yaranmış imkandan istifadə edib özlərini sınasınlar. Kimlər seçiləcəksə, buyursunlar və öz ideyalarını həyata keçirsinlər. Çünki parlament də hakimiyyətin qollarından biridir, böyük səlahiyyəti var. Məqsədləri əgər xalqa, dövlətə, Azərbaycana xidmət etməkdirsə, seçki bir fürsətdir.

- Vüqar müəllim, bəs siz altıncı çağırış Milli Məclisin fəaliyyətini necə qiymətləndirirsiz? Bununla bağlı da müxtəlif rəylər var. Təxminən 4 il yarım fəaliyyət göstərdi, ancaq bəzi deputatları cəmiyyət ümumiyyətlə tanımadı. Sizin fikrinizcə altıncı çağırış Milli Məclisin fəaliyyətini necə qiymətləndirmək olar?

- Parlament də cəmiyyətin güzgüsüdür. Hər bir qurumda olduğu kimi, parlamentdə də kimlərsə fəal, kimlərsə qeyri-fəal ola bilər, təbiidir. Ancaq ədalətlə yanaşsaq, altıncı çağırış parlamenti indiyə qədər olan ən fəal parlament kimi dəyərləndirə bilərik. İl boyu hansı günün hansı saatına baxsanız televiziyalarda deputatlarımızı görəcəksiz. Hansı sayta baxsanız, deputatların fikirlərini görəcəksiz. Bu parlament həm də ən çətin və şərəfli yollardan keçdi. Əvvəlcə pandemiyaya düşdü, qadağalar başladı. Bununla bağlı təcrübə yox idi. Amma parlament bu dövrdən alnı açıq çıxdı. Real rejimdə də, onlayn rejimdə də parlament saat kimi işlədi, dayanmadı. Sonra Vətən Müharibəsi başladı, hamı bir əsgərə, bir zabitə döndü. Parlament diplomatiyasında da deputatlar üzərlərinə düşən vəzifəni yüksək səviyyədə həyata keçirməyə çalışdı. Bizim ilk iclasımızda cənab Prezident parlamentin qarşısına qoyulan bir çox vəzifələri demişdi və parlament çalışırdı ki, onları reallaşdırsın. Mən şəxsən hər zaman onları öz fəaliyyətimdə nəzərə almışam. Deputatların mütləq əksəriyyəti də bunu etməyə çalışırdı. Parlament diplomatiyasında - beynəlxalq sferada Sahibə xanım Qafarovanın rəhbərliyi ilə çox uğurlu fəaliyyətimiz oldu. Parlament bir növ ikinci bir Xarici İşlər Nazirliyi vəzifəsini götürmüşdü üzərinə. Sahibə xanım, deputatlar o qədər vacib platformalarda ölkənin mənafeyini qoruyurdular ki... Eyni zamanda qorumaqla kifayətlənmir, diplomatik hücum xarakteri daşıyan səfərlər, görüşlər həyata keçirilir, uğurlar qazanılırdı. Beynəlxalq platformalarda parlamentin rolunu biz Qoşulmama Hərəkatının parlament şəbəkəsinə rəhbərlik edilməsində də gördük. Əvvəlki çağırış parlamentin üzvləri arasında ictimai-siyasi sektorda fəal olanları çox az idi. Altıncı çağırış parlamentin deputatlarının isə bir çoxu mediaya açıq işlədilər, televiziyalarda, tədbirlərdə, debatlarda çox aktiv görünürdülər. Seçicilərlə iş də heç bu qədər olmayıb. Əvvəlki illərdən müsbət mənada nəticə çıxarılıb. İctimai-siyasi həyatda və sosial məsələlərin həllində əksər deputatlar maksimum fəal iştirak ediblər. Hətta kiçik 6 nəfərlik tədbirlər olub ki, mən gedib iştirak etmişəm. Deputatlarımız şəhid ailələrimizi, qazilərimizi, müharibə veteranlarımızı heç vaxt unutmayıb, hər zaman onların yanında olmağa çalışıblar. Biz dəxli olmayan irad və təkliflər də almışıq, baxmayaraq ki, bu, əslində, hansısa məmurun vəzifəsidir. Həmin məmuru heç kim tanımır, öz otağında, kabinetində işini görür, gəlir-gedir. Amma biz insanların yanında olduğumuz üçün iradlarını, şikayətlərini bizə bildiriblər. Əlbəttə, heç bir fəaliyyət ideal sayıla bilməz. Ancaq fikrimcə, altıncı çağırış parlament maksimum çalışıb ki, öz üzərinə düşən vəzifələrinin öhdəsindən gəlsin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
2
azpolitika.info

3Mənbələr