AZ

Ramil İskəndərli: "Ermənistanın destruktiv fəaliyyəti sülh danışıqlarına mane olur"

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində aparılan danışıqlar prosesinin Ermənistanın destruktiv fəaliyyəti səbəbindən hələ də öz həllini tapmadığını bildirib.

QHT.az-a açıqlama verən Ramil İskəndərli bu vəziyyətin iki əsas səbəbini vurğulayıb: "Birinci səbəb Ermənistan Konstitusiyasının Azərbaycan qarşı ərazi iddialarını ehtiva edən müddəalarının dəyişdirilməməsidir. İskəndərlinin fikrincə, Ermənistan Konstitusiyasının bu müddəaları dəyişdirilmədiyi müddətdə gələcəkdə Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən imzalana biləcək sülh müqaviləsinin ləğv olunmamasına heç bir təminat yoxdur. Ermənistan rəhbərliyinin bəzən ziddiyyətli bəyanatları da Azərbaycana qarşı ərazi iddialarının olmamasının yalnız gələcək sülh müqaviləsində deyil, eyni zamanda Ermənistan Konstitusiyasında da öz əksini tapmalı olduğunu göstərir. İkinci səbəb isə beynəlxalq təcrübəyə əsaslanan tərəflər arasında qarşılıqlı etimadın yaradılmasının tələb olunmasıdır. Azərbaycan sülh təşəbbüslərinin və sülh müqaviləsinin təşəbbüskarı olmasına baxmayaraq, Ermənistanın Azərbaycan qarşı mina terrorunu davam etdirdiyi bir şəraitdə qarşılıqlı etimadın yaradılması problemli görünür. Problemin həlli üçün Ermənistanın tam, doğru və dürüst mina xəritələri təqdim etməsi vacibdir. İşğaldan azad olunan ərazilərdə yenidənqurma, bərpa və quruculuq işlərinə mina terroru başlıca əngəldir. Minaların basdırılmasının əsas məqsədi daha çox soydaşlarımızın ölümünə səbəb olmaq və azad etdiyimiz ərazilərə qayıdışı ləngitməkdir".

İskəndərli həmçinin qeyd edib ki, işğaldan azad olunan ərazilərdə uzun illər ermənilər tərəfindən həyata keçirilən mina terroru regionun ekosistemini də məhv edib: "Basdırılmış minaların flora və fauna həyatını məhv etməsi, torpağın deqradasiyasına, suyun çirklənməsinə və ətraf mühitə uzunmüddətli təsirlərə səbəb olması ekosistemin məhvinə gətirib çıxarıb".

Son olaraq, Ramil İskəndərli 44 günlük müharibədən sonra Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Bunun üçün isə Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməsi və Azərbaycanın sülhə və əmin-amanlığa yönəlmiş şərtlərinə razı olması vacibdir.

 

Pərvanə Fərhadqızı

QHT.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
qht.az

1Mənbələr