AZ

İstanbula ucuz qiymətlə uçmaq istəyənlərin əziyyətini naxçıvanlılar çəkir- niyə?..

Image

Naxçıvana yenə bilet tapılmır. Əslində, hər il yaşanan mənzərə yenə də təkrarlanır. Adəti üzrə yay başlayanda Bakıdan Naxçıvana, yay bitəndə isə oradan geriyə dönmək müşkülə çevrilir. 

Bunun səbəbi odur ki, yayda tələbələr və Bakıda yaşayan əslən Naxçıvandan olan vətəndaşlarımız doğma ata-baba yurdlarına üz tuturlar. Payızda isə Bakıya qayıdırlar. Bu baxımdan da, eyni mənzərə bir azdan Naxçıvandan Bakıya geri dönüşdə yaşanacaq. Naxçıvan uzun illərdir blokadada olduğu səbəbindən ora ilə yeganə əlaqə hava nəqliyyatı vasitəsilədir. Bir neçə ildir ki, İrandan keçməklə avtobusla da Naxçıvana getmək mümkündür. Hazırda bu istiqamətdə də vəziyyət ürəkaçan deyil. 10-15 gün qabağa belə nə avtobusa, nə də təyyarəyə bilet tapmaq mümkündür. Çünki xətdə işləyən təyyarə və avtobusların sayı tələbə uyğun olaraq artırılmır. Hazırda Naxçıvana bilet satılan yerlərin hər birində izdiham yaşanır. Gündə vətəndaşlardan onlarla şikayət alırıq. Onlar sual edirlər ki, bu məsələyə niyə lazımi səviyyədə əncam çəkilmir?

Ancaq məlumatlı şəxslər belə vəziyyətin yaranmasına səbəb olan başqa arqumentlər də irəli sürürlər. Bildirilir ki, bunun bir səbəbi AZAL-ın yarıtmaz fəaliyyətilə bağlıdırsa, digəri də karantin rejiminin doğurduğu səbəblə əlaqəlidir. Məlumdur ki, bəzi səbəblərə görə hazırda Azərbaycanın quru sərhədləri bağlıdır. Bu da xarici ölkələrə çıxışı yalnız təyyarə nəqliyyatı ilə mümkün edir. Belə olan təqdirdə, təbiidir ki, qiymətlər də baha olur. İki il əvvəl Naxçıvanın blokada şəraitində olduğu nəzərə alınmaqla, ordan İran və Türkiyəyə quru sərhədlə keçid mümkün idi. Yəni gömrüklər açıq idi. Bundan sui-istifadə edən turizm firmaları Türkiyəyə və digər ölkələrə gedişin ucuz olmasını təmin edib, pul qazanmaq üçün turların marşrutlarını Naxçıvan üzərindən salırdılar. Bu da ciddi narazılığa və bilet qıtlığına səbəb olurdu. Sonra bu istiqamətdə müəyyən tənzimləmə aparıldı. Hazırda yalnız Naxçıvan qeydiyyatında olan vətəndaşlarımız quru yol kimi fəaliyyət göstərən yeganə gömrük olan “Sədərək”dən istifadə etməklə qardaş ölkəyə keçə bilərlər. Nəzərə alsaq ki, hazırda Bakıda kifayət qədər Naxçıvan qeydiyyatında olan vətəndaşlarımız yaşayır və onlar da maksimum bu imkandan yararlanmağa çalışırlar, onda mənzərə aydın olar. Bir sözlə, hazırda “Sədərək” yolu Türkiyəyə və oradan da xarici ölkələrə uçmaq baxımından ən sərfəli vasitə sayılır. Məhz bu amilin özü də Naxçıvana gedənlərin sayını artırır və bilet qıtlığına ciddi səbəb olan amillərdən biridir.

Bir sözlə, Türkiyəyə və digər ölkələrə biletlərin bahalığına görə Naxçıvan üzərindən salınan marşrutlara görə bunun əzabını sadə  Naxçıvan camaatı çəkir. Hətta belə məlumatlar var ki, biletlər gizli şəkildə məlum turizm şırkətlərinə satılır. Nə veclərinə, əhali əziyyət çəksin, turizm şirkətləri qazansın. Günlərlə kassa qarşısında növbəyə durub 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir səlahiyyətli şəxs varmı? Otuz ildir blokadanın əziyyətini çəkən  Naxçıvan camaatına erməninin verdiyi əziyyət yetərli deyilmi? Təcili şəkildə əlavə təyyarələr ayrılmalı və turizm məqsədli gedişlər arxa plana keçirilməlidir ki, bu istiqamətdə bir nizam yarana bilsin.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
baki-xeber.com

1Mənbələr