AZ

“Neftçi”də bayram ab-havası - KÖŞƏ

Xalqımızın gözəl bayramlarından biri olan Novruzla bağlı bir çox maraqlı adətlərimiz var ki, onları əsrlərdi qoruyuruq.

Bunlardan biri də tonqalın üstündən tullanmaqdı. Uşaqlı-böyüklü hər kəs gur alovlu tonqalın üzərindən tullanır və bu sözləri deyir:
“Ağırlığım-uğurluğum odda yansın”.

İnsanı yaşadan ümiddi deyillər. Biz də o ümidlə yaşayırıq ki, Novzur bayramında yandırdığımız tonqallar bizə uğur gətirəcək, pisliklər yanıb kül olacaq. Bir növ yeni həyata başlayacağıq.
Novruz bayramından danışdım, lap ürəyim şəkərbura-paxlava istədi. Bu isti yay günlərində şirniyyata meyl edib, ürəyimizi gücə salmamaqdan ötrü qayıdaq futbola. Sizə “Neftçi”dən danışım. O “Neftçi”dən ki, indi düşərgəsində əsl bayram av-havası yaşanır. Düzdü, klubun bazasının həyətində bayram tonqalları yandırıb, onun üzərindən o tərəfə - bu tərəfə tullanmırlar. Amma bu dəqiqdi ki, ölkənin ən qocaman klubun düşərgəsində indi əsl bayram həyəcanı, sevinc yaşanır. Novruzun gəlişi insanları qışın soyuğundan qurtulub, günəşli yazı qarşılamağa həvəsləndirir. Bir növ ruzi-bərəkət mövsümü başlayır. “Neftçi”yə də yeni rəhbərlik gəlib, qeyri-müəyyənlik sona çatıb. Bu da üzləri güldürməyə bilməz. Həm gələcəklərindən narahatlıq keçirən futbolçuların, həm də uğura həsrət qalan azarkeşlərin üzü gülür. Artıq qış sazaqlı günlərin bitəcəyinə, yaz ətirli dövrün başlanacağına ümidlər yaranıb.

Elə bu sevincdən menecerlərə də pay düşür. Məlum məsələdi ki, yeni rəhbərlik, yeni baş məşqçi həm də yeni heyət formalaşdırmaq həvəsində olacaq. Bu isə köhnə futbolçulardan kimlərinsə yola salınacağı, onların əvəzinə yenilərlə müqavilə bağlanacağı deməkdi. Hər yeni futbolçunun gəlişi üfüqdə yeni-yeni müqavilələr, faizlər, bir sözlə, qazanc işartısıdı. Bax, “Neftçi”nin əsas problemi məhz bu məqamdı. İllərdi “Neftçi”nin uğura həsrət qalmasının, başa çatan mövsümdə beşinci yeri tutub, avrokuboklara yollananan rəqiblərinə tamaşaçılıq etməyə məcbur olmasının əsas səbəblərindən biri məhz yanlış transfer siyasətidi. “Ağ-qaralar”a kimin rəhbərlik etməsindən, komandanı hansı məşqçinin çalışdırmasından asılı olmayaraq, düzgün heyət seçmək, “Neftçi”nin formasını geyməyə layiq olan səviyyədə futbolçuları komandaya qatmaq sanki müşkülə çevrilib. Bunun da nəticəsi uğursuz mövsümlərdi.

Artıq yeni bir era başlayır. Həm yeni rəhbərliyin gəlişi, həm də ukraynalı mütəxəssis Roman Qriqoruçukun baş məşqçi postuna təyinatı bu başlanğıcın nişanəsidi. Yeni gələnlər bu başlanğıcı tamamlamaq üçün loqonu da dəyişməyi lazım bilib. Dəyişikliklər təkcə rəhbərlik və baş məşqçi ilə yekunlaşmayıb, artıq “Neftçi”nin yeni loqosu da var. Amma məlum məsələdi ki, uğur öz-özünə gəlməyəcək. Ona çalışmaq, onu qazanmaq lazımdı. Nə rəhbər vəzifəyə yenilərin gəlməsi, nə də Qriqorçukun çətin vəziyyətdə olan “Neftçi”ni böhrandan çıxarmaq üçün qollarını çırmalaması uğurun təminatı deyil. Azarkeşlərin həsrət qaldığı o uğurlar heç yeni loqonun sehrinə düşüb, “Neftçi”nin başına şahlıq quşu kimi də qonmayacaq. Bir sözlə, həm “Neftçi” rəhbərliyini, həm də Qriqorçukun özünü irəlidə çox çətin bir dövr gözləyir.

Deyirlər ki, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. “Neftçi”nin yeni rəhbərliyinin dəyişikliyə loqonu yeniləməklə başlamasını bir kənara qoysaq, avazları heç də pis deyil. Hər halda, özüm də daxil olmaqla bir çoxları belə düşünür ki, baş məşqçi postuna Roman Qriqorçukun təyin olunması “Neftçi”nin yeni rəhbərliyinin ilk doğru addımıdı. Ukraynalı mütəxəssis Azərbaycan futboluna yaxşı bələdi. Üstəlik Roman İosifoviç yaxşı məşqçi olduğunu “Qəbələ”dəki işiylə isbatlayıb. Hər dəfə fəxrlə xatırlayırıq ki, “qırmızı-qaralar” məhz onun rəhbərliyi altında Avropa Liqasında tarix yazıb, ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmaqla qrup mərhələsinə də irəliləyib. Özü də ardıcıl iki dəfə. Bu fakt özü Qriqorçuklu “Qəbələ”nin uğurunun təsadüf olmadığını göstərir. Çox ciddi bir məqam da var ki, o da həmin vaxtlarda “Qəbələ”də formalaşan sağlam mühitin, saat mexanizmi kimi dəqiq işləyən vahid komandanın olmasıdı. Həmin o mühitin “Neftçi”də yaradılıb-yaradılmayacağı açıq sualdı. Ümid edirəm ki, Qriqorçukun işinə müdaxilə edilməyəcək, transferlərdə son sözü məhz özü deyəcək. Hər halda, son bir-iki mövsümdə “Neftçi”nin başına açılan oyunları, həmin oyunları da kimin açdığını hamımız yaxşı görmüşük.

Bir sözlə, “Neftçi” yenidən çox ciddi sınaq qarşısındadı. Ümid edirəm ki, bu sınaqlardan üzüağ çıxmaq mümkün olacaq, indiki bayram əhval-ruhiyyəsi mövsümün sonuna qədər davam edəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
football-plus.az

1Mənbələr