AZ

Vətəndaşların sosial-siyasi fəallığı Azərbaycanı daha güclü ölkəyə çevirir

Image

Əhalinin siyasi fəaliyyət aktivliyi, onun inkişafı və stimullaşdırılması, şəxsiyyətin sosial hərəkətliliyinə təsir edən amillərin müəyyən edilməsi problemləri dövlətin mövcudluğunun və tərəqqisinin bütün mərhələlərində böyük önəm kəsb edir. Amma o da faktdır ki, cəmiyyətin inkişafının müxtəlif dövrlərində fərdin fəaliyyəti haqqında təsəvvürlər əhəmiyyətli dərəcədə fərqlənir.

Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafının müasir mərhələsində əhalinin siyasi fəallıq və ictimai iştirakçılıq potensialını reallaşdırmaq üçün kifayət qədər geniş imkanları var. Son onilliklərdə baş verən ictimai-siyasi transformasiyalar vətəndaş cəmiyyətinin müxtəlif sosial institutlarının ictimai-siyasi proseslərdə aktiv iştirakına əlverişli zəmin yaradıb. 

Hakimiyyət orqanları ilə vətəndaşlar arasında münasibətlər mexanizmi təkmilləşir 

Hazırda vətəndaşlar ictimai həyatın müxtəlif sahələrində özünü reallaşdırmaq, aktiv şaquli və üfüqi sosial hərəkətlilik imkanı əldə ediblər. Əhali arasında ən populyar siyasi fəaliyyət formaları aşağıdakılardır: əhalinin seçkilərin nəticələrinə təsir etmək istəyindən irəli gələn seçkiqabağı və seçki fəaliyyəti. Bura seçkilərdə səsvermə, ayrı-ayrı namizədlərin müdafiəsi üçün səslərin toplanması kimi məsələlər daxildir; seçki komissiyalarında iştirak; ictimai, müxtəlif siyasi təşkilatlarda iştirakda özünü göstərən mütəşəkkil fəaliyyət. Bunun məqsədi siyasi qərarların qəbulu prosesinə təsir göstərməkdir; Siyasi davranış və iştirak amillərinin üç qrupu var: 1) xarici mühit amilləri: siyasi sistemin vəziyyəti və fəaliyyəti, siyasi rejimin növü, idarəetmənin xarakteri və forması, vətəndaş cəmiyyətinin inkişaf səviyyəsi, siyasi fəal əhalinin mədəniyyəti, ideologiyası, müxtəlif siyasi hadisələr; 2) şəxsiyyətdaxili amillər: ehtiyaclar, motivasiya, dəyər yönümləri; 3) şəxsi xüsusiyyətlər: cins, yaş, maddi və sosial status. 

Araşdırmalar onu da üzə çıxarır ki, əhalinin siyasi fəallığının artırılması tədbirləri üç istiqamətdə həyata keçirilməlidir. Birincisi, mövcud hakimiyyətləri və onların yeritdiyi siyasəti dəstəkləyən əhalinin fəallıq səviyyəsini qorumaq, inkişaf etdirmək və artırmaq. İkincisi, vətəndaşların siyasi cəhətdən passiv hissəsini öz sıralarına cəlb etmək. Üçüncüsü, radikal müxalifətə qarşı müqavimət göstərmək, eyni zamanda onun sıravi üzvlərinə həyata keçirilən iqtidar siyasətinin həqiqi məqsədlərini çatdırmaqla onların əməllərini neytrallaşdırmaq. Əhalinin siyasi fəallığını artırmaq üçün sadalanan istiqamətlər bununla məhdudlaşmır. Xalqda yüksək müsbət siyasi fəallıq yaratmağın bir sıra başqa yolları, vasitələri, üsulları da var. Fərd siyasi münasibətlərin subyektinə çevrilməzdən əvvəl siyasi ictimailəşməyə məruz qalır və mövcud siyasi münasibətlər sistemini mənimsəyir. Nəticədə fərd siyasi məzmun kəsb edir, cəmiyyətin siyasi həyatında öz yerini və rolunu müəyyən edir. Hazırda Azərbaycanda əhalinin hazırkı hakimiyyəti dəstəkləmək üçün siyasi fəallığının artırılması əslində ciddi zərurət kimi çıxış etmir. Xüsusən də Azərbaycanın ərazi bütövlüyünün bərpası indiki hakimiyyətə xalqın dəstəyini daha da artırıb. Bu, həm hakimiyyət orqanları ilə vətəndaşlar arasında münasibətlər mexanizmini təkmilləşdirməyə səbəb olub, həm də əhalidə vətənpərvərlik, qanunçuluq hisslərini aşılamaqla müşayiət olunur. O da qeyd olunmalıdır ki, cəmiyyətin sosial və siyasi fəallığı ölkənin güclənməsi baxımında önəmli əhəmiyyət kəsb edir. Müasir və demokratik dövlətlərin əsas təməl prinsiplərindən sayılan insan hüquq və azadlıqları, siyasi mədəniyyətin formalaşdırılması buna görə hər zaman xüsusi diqqət mərkəzində yer alır. 

Əhalinin maddi rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər insanların siyasi fəallığına təsirsiz ötüşmür 

Həyatın müxtəlif sahələrində sürətlə modernləşmək istəyi ictimai inkişafın obyektiv kursuna ziddir. Dünya təcrübəsi göstərir ki, islahatların və özəlləşdirmənin mərhələli, təkamül sürəti effektiv olmalıdır. Hazırda cəmiyyətdə vətəndaşların sosial-siyasi fəallığının artırılması üçün səfərbərlik resursundan istifadə etmək vacib məqamlardan hesab olunur. Belə səfərbərlikdə iştirakın aşağıdakı modellərini vurğulamaq məqsədəuyğundur: – əlverişsiz vəziyyətin təsiri altında qeyri-rasional səviyyədə baş verən kortəbii səfərbərlik iştirakı; – avtoritar rejimdə məcburi səfərbərlik; – seçki kampaniyaları, referendumlar və sair zamanı vətəndaşların fəallığının artırılması məqsədilə dövlət strukturları tərəfindən dəstəklənən demokratik səfərbərlik iştirakı; - müasir Azərbaycan cəmiyyətinə xas olan transformasiya, aralıq səfərbərlik iştirak növü. 

Məhsuldar iştirak hakimiyyət orqanları tərəfindən şəxslərin potensial imkan və maraqlarının maksimum nəzərə alınması nəticəsində əldə edilə bilər. Siyasət əsasən sağlam düşüncəyə əsaslanmalı və gündəlik həyatdan ayrılmamalıdır. Bir qayda olaraq, mücərrəd siyasi layihələr uğur gətirmir. Beləliklə, vətəndaşlar tərəfindən dəstəklənməyən rasional qurulmuş siyasi strukturlar belə iflasa məhkumdur. Səfərbərlik resursunun aktivləşməsi bilavasitə mənəvi komponentdən asılıdır ki, bu da bəzən hakimiyyətin vətəndaşlara birbaşa təsirindən daha çox rol oynayır. Beləliklə, əhalinin siyasi iştirakı kifayət qədər dinamik, mobil, lakin prinsipcə idarə olunan prosesdir. Əhalinin siyasi iştirakını ən səmərəli şəkildə artırmaq üçün onun səviyyəsi bir sıra parametrlər üzrə daim izlənilməlidir. Bu barədə təsəvvürü aşağıdakılar nəticəsində əldə etmək olar: – əhalinin müəyyən siyasi fəaliyyət növlərinə cəlb olunmasının kəmiyyət göstəricilərinin tədqiqi; – əhalinin siyasi iştirakının müxtəlif formalarının müəyyən edilməsi; – əhalinin siyasi məsələlərin, müxtəlif siyasi layihələrin və qəbul edilmiş qərarların müzakirəsində səriştə və maraq dərəcəsinin araşdırılması; – dövlət məmurlarının əhalinin ictimai rəyinə, onların istək və təkliflərinə reaksiya dərəcəsinin müəyyən edilməsi; – siyasi proseslərə daxil olan əhalinin müxtəlif sosial qruplarının nümayəndələrinin dəyər yönümlərinin və motivasiyalarının öyrənilməsi; Bunlar Azərbaycanda nəzərə alınır. Ölkəmizdə əhalinin siyasi fəallığının yüksəldilməsi müəyyən istiqamətlərdə diqqət mərkəzində yer alır. Məsələn, əhalinin maddi rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Bu hal onun siyasi fəaliyyətinə bilavasitə təsir edir, mövcud hökumətə və onun həyata keçirdiyi dövlət siyasətinə dəstək dərəcəsini artırır. Bütün əhali qruplarının qanun qarşısında bərabərliyinə möhkəm təminat yaradılır. halinin sosial vəziyyətindən asılı olmayaraq öz mövqelərinin bərabərliyini dərk etməsi vətəndaşların özünə hörmətini artırır, sosial məsuliyyəti gücləndirir, siyasi fəallığın və mövcud hakimiyyətə dəstəyin artmasına töhfə verir. İctimai və dövlət həyatının müxtəlif sahələrində idarəetmə qərarlarının müzakirəsinə, işlənib hazırlanmasına və qəbuluna sadə əhalini cəlb lunması da xüsisi diqqət mərkəzindədir. Dövlət məmurlarının konkret hərəkətləri, peşəkarlıq səviyyəsi, yüksək şəxsi keyfiyyətləri, məişətdə təvazökarlığı, həssaslığı və diqqəti əhali tərəfindən inam səviyyəsini artırır, onların fəaliyyətinə dəstək verməyə kömək edir. Bütün bunlar vətəndaşların sosial və siyasi fəallığını artırır. Bu hal da öz növbəsində Azərbaycanı daha qüdrətli ölkəyə çevirir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
baki-xeber.com

1Mənbələr