AZ

Prezidentliyə namizəd azərbaycanlılara görə meydan oxudu- “kimsə qadağa qoya bilməz”...

Image

Məhərrəm Zülfüqarlı: “Pezeşkianın birinci turda lider olması bizim üçün müsbət xəbərdir”

Bir daha fəxrlə elan edirəm ki, mən azərbaycanlıyam. Mahabadda dünyaya gəlmişəm, atam, anam və bütün nəslim azərbaycanlıdır. Bu sözləri İranda prezidentliyə namizəd Məsud Pezeşkian son vaxtlar onun anasının başqa millətdən olması barədə deyilənlərə aydınlıq gətirərkən bildirib. 

O, bununla yanaşı, İranda Azərbaycan türkcəsinə qarşı məhdudiyyətlərə də toxunub: “Bir azərbaycanlı olaraq kimsənin dilimi lağa qoymasına icazə vermərəm, heç kim Azərbaycan türkcəsində yazıb-oxumağa qadağa qoya bilməz”.

Qeyd edək ki, prezident seçkiləri öncəsi Məsud Pezeşkianın anasının kürd olması ilə bağlı şayiələr yayılıb.

“İranda yeridilən siyasət indi ona gətirib çıxarıb ki, mili-etnik ayrıseçkilik yüksəlib” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən elmlər doktoru, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, İranda prezident seçkilərinin ikinci turu daha aktiv formada keçəcək: “Prezidentliyə namizəd etnik baxımdan azərbaycanlı olan Məsud Pezeşkian birinci turda lider olub. Bu, bizim üçün müsbət xəbərdir və seçki kampaniyasını uğurla aparır. O cümlədən, İranda tənqid olunmalı məsələləri tənqid edir. Xüsusilə də Azərbaycan dilində məktəblərin olmaması, bu dilin sıxışdırılması və digər məsələləri gündəmə gətirir. Bununla yanaşı, ulu öndər Heydər Əliyevin fikirlərini təkrar edərək qeyd edib ki, fəxr edirəm mən azərbaycanlıyam. Bütün bunlar hamısı yaxşıdır. Ancaq bir şey var ki, seçki kampaniyası başqa şeydir, seçiləndən sonra orada deyilənləri reallaşdırmaq tamam başqa şeydir. Çünki Pezeşkian uzun müddət parlamentdə olub, nazir vəzifəsini icra edib. İndi araşdırmaq lazımdır ki, o əvvəllər bu məsələləri qaldırıb, yoxsa qaldırmayıb. Yəni seçki kampaniyasında səsləri qazanmaq üçün deyir, yoxsa bunu ürəkdən bəyan edir. Ona görə də seçicilər bu məsələdə diqqətli olmalıdır. Əgər doğrudan da Pezeşkian əvvəldən bu fikirləri müdafiə edibsə, azərbaycanlıların hüquqlarının pozulmasına qarşı olubsa, o zaman əlbəttə bu, bizim fəxrimizdir və ona səs vermək lazımdır. İkincisi, onun ata və anasının türk olmasını deməsi seçki kampaniyasında ona qarşı qara piarın olmasıdır. Çünki anasının kürd, atasının azərbaycanlı olduğunu deyirdilər. Bu səbəbdən bilavasitə o, sözügedən məsələləri qaldırıb. Ümumiyyətlə, insanları etnik mənsubiyyətinə görə bölmək normal halda düzgün deyil. Hər bir millətin yaxşısı da var, pisi də. Ancaq İranda yeridilən siyasət indi ona gətirib çıxarıb ki, mili-etnik ayrıseçkilik yüksəlib. Bu o dərəcəyə gəlib çatıb ki, seçki kampaniyasında bunları dilə gətirməyə məcbur olublar. Məsələn, Azərbaycanda seçki kampaniyası keçirilərkən bizim üçün namizədin etnik kimliyi önəmli deyil. Onun Azərbaycan vətəndaşı olması yetərlidir. Onun ölkəmizə bağlı olması yetərlidir. Ancaq İranda bu yöndə problemlər çox olduğu üçün bu, o dəqiqə özünü göstərir. Orada əsasən dini məsələ əsas götürülür. İslam inqilabından sonra onlar ümmət məsələsini əsas götürürlər. Yəni bütün müsəlmanlar bir millətdir. Bu onların öz modelidir, amma bizə görə isə bu düzgün sayılmır. Çünki etnik məsələ başqadır, dini məsələ başqadır”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
baki-xeber.com

1Mənbələr