AZ

Hər şeyi Ermənistanla sazişdən asılı hesab edənlərə Əliyevdən dəqiq cavab...

Image

Elşən Mustafayev: “Azərbaycan digər ölkələrlə münasibətlərini Ermənistan faktoru üzərindən qurmur ki,  bu amil ona təsir etsin”

Prezident İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edəndən sonra tərəflər arasında söhbət olub. 

Ptezident torpaqlarımızın işğalı dövründə orada etnik təmizləmə və soyqırımının törədildiyini, ərazilərimizin kütləvi şəkildə dağıdıldığını qeyd edib. 

Prezident İlham Əliyev vurğulayıb  ki, COP29 məsələsində Ermənistan bizim bu tədbirə ev sahibliyi etməyimizlə bağlı məhdudiyyətini aradan qaldırdı, biz isə onların COP-un idarəedici orqanlarında iştirakına qarşı çıxmadıq. Dövlət başçısı qeyd edib ki, o belə hesab etmir ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi bizim hansısa bir ölkə ilə ikitərəfli münasibətlərimiz üçün mühüm rol oynaya bilər.

Qlobal səviyyədə diplomatik fəaliyyətimizi şaxələndirdiyimizi deyən dövlət başçısı Azərbaycan ilə Avropa İttifaqının 10 ölkəsi arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin olduğunu qeyd edib və vurğulayıb ki, bu sənədlərin çoxu torpaqlarımızın işğalı zamanı Azərbaycan ilə Ermənistan arasında heç bir sülh müqaviləsi olmadığı bir dövrdə imzalanıb. Bu baxımdan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması hər hansı bir ölkənin regionda fəaliyyətinin səviyyəsinin müəyyənləşdirilməsi üçün bir amil ola bilməz.

Göründüyü kimi, Prezident deyir ki, sülh sazişinin olmaması hansısa dövlətlə münasibətlərin inkişafı üçün əsas amil kimi götürülə bilməz. Ölkə başçısının bu sözlərinfən hansı nəticələri hasil edə bilərik?

Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb:

“Aydındır ki, bu saziş onilliklərlə davam edən münaqişəyə son qoyacaq və iqtisadi əlaqələr, iqtisadi inkişaf, Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələr baxımından böyük imkan yaradacaq.

Azərbaycan bu işdə çox böyük rola malikdir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin yubanmasına əsas səbəb kimi Ermənistanın təxribatlar törətməsi və sülhdə maraqlı olmamasını göstərib.

İlin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalana bilər. Sadəcə olaraq, Ermənistan rəhbərliyinin siyasi iradəsi olması lazımdır. Biz müşahidə edirik ki, Baş nazir Nikol Paşinyan da daxil olmaqla onun komandasının üzvləri hər gün, hətta bəzən hər saat fikirlərini dəyişirlər. İndi bir fikir söyləyirlərsə, bir müddət sonra başqa fikrə düşürlər. Bəzən Ermənistan danışıqların gedişatını da pozur, boykot edir, danışıqlara gəlmir, təyin olunmuş görüşlərdə iştirakdan boyun qaçırır. Bu mənada, müharibənin bitməsindən 4 il keçməsinə baxmayaraq, hələ sülh sazişini imzalamağa nail olmamışıq. Bu, sırf Ermənistanın destruktiv yanaşmasının nəticəsidir. Ermənistan kommunikasiyanın açılması məsələsində də spekulyasiya ilə məşğul olur. Halbuki, bu məsələ 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda öz əksini tapıb. İrəvan rəsmilərinin sülh sazişi ilə bağlı dedikləri ancaq sözdədir. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bu məsələyə toxunaraq qeyd edib: “Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir”.

Beləliklə, rəsmi İrəvan Qərblə sövdələşmədə anlaşa bilmədiyindən sülh müqaviləsi istiqamətdə müzakirələrə ciddi yanaşmır, açıqlamalarla kifayətlənir. Təəssüflər olsun ki, bəzi ölkələr Ermənistanı sülhə məcbur etmək əvəzinə bu amildən Azərbaycana qarşı istifadə etməyə çalışır. Təbiidir ki, sülh sazişinin imzalanmaması başqa ölkələrlə münasibətlərin qurulmasına heç cür təsir edə bilməz. Hesab edirəm ki, bəzi ölkələr Prezidentin bu xəbərdarlığından ciddi nəticə çıxarmalıdır. Çünki Azərbaycan digər ölkələrlə münasibətlərini Ermənistan faktoru üzərindən qurmur ki,  bu amil ona təsir etsin. Sülhün imzalanmamasının bütün məsuliyyəti Ermənistanın üzərindədir”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
baki-xeber.com

1Mənbələr