AZ

Erməni Boyaçıyan “Freedom Hous”da Azərbaycana qarşı növbəti işini gördü...

Image

Mübariz Göyüşlü: “Onlar ermənilərdən istifadə edib öz məkrli niyyətlərini həyata keçirmək istəyirlər”

Ermənipərəst  “Freedom House” 2024-cü il iyulun 1-də növbəti antiazərbaycan hesabat dərc edib.

Qəribədir ki, hesabatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin Ermənistana köçüb getməsi hüquq pozuntusu kimi qələmə verilsə də, 1988-ci ildə Ermənistandan zorla qovulmuş soydaşlarımız və Ermənistanın işğalı nəticəsində vaxtilə Azərbaycan torpaqlarından bir milyona yaxın azərbaycanlının qaçqın düşməsi barədə bir kəlmə belə qeyd edilməyib. 

Erməni sevgisi və erməni lobbisinin pulu muzdlu “Freedom House”in gözlərini elə kor edib ki, o, gerçəyi görə bilmir. 

Xüsusən də vitse- prezident Anni Boyacıyan və çoxsaylı radikal erməni funksionerləri “Freedom House”u əməlli-başlı əllərində oyuncağa çevirirlər, istədikləri vaxt onu Azərbaycana qarşı qərəzli hesabat hazırlamağa yönəldə bilirlər. Təkcə “Freedom House” deyil, digər beynəlxalq təşkilatlar da, Qərbdəki bu kimi qurumlar da xaricdəki erməni lobbisinin və ayrı-ayrı təşkilatlarda rəhbər vəzifə tutan ermənilərin pulu hesabına bu cür qərəzli hesabatlar yayır və əsassız olaraq ölkəmizi qaralayırlar. 

“Sülhə yaxınlaşıldığı bir zamanda Anni Boyacıyan və onun kimi radikallar bu cür antiazərbaycan hesabatı ilə indiyə qədər gedən proseslərə zərbə vurmaq niyyəti güdürlər” 

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər “Freedom House” kimi təşkilatlarda illərdir kök atıb və onun vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. “Təəssüflər olsun ki,  “Freedom House” kimi təşkilatlar münaqişə öz gücü nəticəsində həll olunandan sonra bu cür qızışdırıcı hesabatlarla, bəyanatla  çıxış edirlər.  Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə gedən ermənilər Ermənistan tərəfindən dünyanın müxtəlif ölkələrindən vaxtilə köçürülüb məskunlaşdırılmış ermənilər idilər. Onların çox böyük əksəriyyəti işğal dövründə ora köçürülənlər idi, yerli sakinlər deyildilər. Onlar yerli sakinlər olsaydılar, Qarabağla hər hansı bir bağları olmuş olsaydı, oranı özlərinə doğma ərazi hesab etsəydilər çıxıb getməzdilər. Gediblərsə, demək onları bu torpağa heç nə bağlamayıb, onlar gəlmələr olub. Qarabağın erməni sakinləri də düşmən təbliğatına uyub çıxıb gediblər. Baxmayaraq ki, Azərbaycan dövləti onlar üçün hər cür şərait yaratmışdı, ayrıca portal da mövcud idi. Yəni hansı ermənilər qayıdıb yaşamaq istəyirlərsə, onlar Azərbaycan vətəndaşları kimi, Azərbaycan bayrağı altında, Azərbaycan qanunlarına tabe olaraq yaşaya bilərlər. Biz onlara bu seçimi verdik”-deyə bildirən M.Göyüşlü qeyd etdi ki, amma məlum Qərb ölkələri və beynəlxalq təşkilatlar, o cümlədən də o təşkilatlarda təmsil olunan ermənilər Qarabağdan köçüb getmiş ermənilərdən Azərbaycana qarşı düşməncəsinə istifadə edirlər. “Bu gün o təşkilatda oturan ermənilərin və ermənipərəstlərin məqsədi heç də ermənilərin hüquqlarını qorumaq, müdafiə etmək deyil, sadəcə aranı qızışdırmaq, bu yolla da Azərbaycanı qaralamaq istəyirlər. Onlar ermənilərdən istifadə edib öz məkrli niyyətlərini həyata keçirmək istəyirlər. Sülhə yaxınlaşıldığı bir zamanda Anni Boyacıyan və onun kimi radikallar bu cür antiazərbaycan hesabatı ilə indiyə qədər gedən proseslərə zərbə vurmaq niyyəti güdürlər”.

M.Göyüşlü əlavə etdi ki, bu təşkilatı insan hüquqları məsələsi narahat etsəydi, Ermənistanın deportasiyası və təcavüzü nəticəsində evlərindən didərgin düşən azərbaycanlılar barədə də o hesabatda danışılardı. Ekspert hesab edir ki, Qərb dövlətləri və erməni lobbisi öz məkrli niyyətlərini beynəlxalq təşkilatların bu cür qərəzli hesabatları ilə də göstərirlər.

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
baki-xeber.com

1Mənbələr