"Neftçi" 20 ildən sonra tarixində beşinci dəfə müasirləşən yeni loqosunu ictimaiyyətə təqdim etdi.

Paytaxtın digər təmsilçisi “Sabah” da eyni addımı atdı. Masazır klubu da loqosunu yenilədi. 

Bir çoxları “Sabah”ın işini bəyəndi. Lakin “Neftçi”nin loqosu müzakirə mövzusu oldu. Hətta görülən işin qiymətinə uyğun olmadığını da bildirənlər oldu. 

Görəsən, hər iki klubun yeni loqosu necə alınıb? İşlər barədə fikir bildirməsi üçün qrafik dizayner Məhin Hacızadəyə müraciət etdik. “Codelandia” şirkətinin əməkdaşı Offsideplus.az-a açıqlamasında bunları söylədi:

“Neftçi”nin köhnə loqosu daha qarışıq və mürəkkəb idi. Yeni işdə bu aradan qaldırılıb və daha minimal, modern dizayn əldə edilib. Fikrimcə, ideal olmasa da, əvvəlkinə nəzərən yaxşıdır. Müasir dövrdə loqolar minimallaşmağa doğru gedir. Bu, tərzə uyğundur. Qiyməti isə deyilən qədərdirsə, bahadır. 

“Sabah” ın köhnə loqosu bütövlükdə qənaətbəxş idi. Ancaq yeni versiyada mənalar əlavə edilib, artıq elementlər yığışdırılıb. Məsələn, futbol topu ikonu və “football club” yazısının birlikdə işlənməsi kimi. Göstərilən və mənası açıqlanan hər bir element yaxşı vəhdət yaradıb.