AZ

Eks deputat Gülər Əhmədova: “Qohum evliliklərini gizlətməkçün sənədləri dəyişdirib....” - 1000 manatlıq GENETİK ANALİZLƏR APARILACAQ ?

  

“Təəssüflə  demək istəyirəm ki, Azərabaycanda qohum evlilikləri davam edir. Hətta, düşünürəm ki, elə adamlar olacaq ki, yalan – doğru yollarla çalışacaqlar ki, qohumluqlarını gizlətsinlər və evlənməyə çalışsınlar. Bunu istisna etmirəm, düşünürəm ki, belə şeylər olacaq”.

Bu sözləri Referans.az-a açıqlamasında eks deputat Gülər Əhmədova Milli Məclisin qohum evliliyini qadağan edən qanunu təsdiqləməsindən danışarkən deyib. O bildirib ki, umumiyyətlə, hər zaman qohum evliliklərinin əleyhinə olub:

“Qohum evliliklərinin tarixi qədim vaxtlara söykənir. Qədimdə Misirdə və Orta əsrlərdə Avropa ölkələrində nəinki qohum, hətta qardaş - bacı evlilikləri mümkün idi. Məsələn, Kleopatra qardaşı Ptolomeylə iki il evli qalıb və s. Bunun nəticəsi olaraq nəsil sönüb, yoxa çıxıb. Doğulan uşaqlar ağır fiziki və psixi xəstəliklərlə doğulub.
Müasir dövrdə Azərbaycanda qohum evliliklərinə rast gəlinməsi isə üzücüdür. Hər halda, sözügedən Qanunu qəbul etmək azdır. Qəbul etdikdən sonra, nə qədər bahalı olmuş olsa da, yeni evlənənlərçün bəzi müayinələr təşkil edilməlidir. Əgər Milli Məclis bu Qanunu qəbul edirsə, bunun davamı olmalıdır, yalnız kağız üzərində qalmamalıdır”.
Gülər Əhmədova hesab edir ki,  Nazirlər Kabineti birmənalı şəkildə yeni evlənənlər üçün nəzərdə tutulmuş müayinələr və analizlərin siyahısına genetik müayinələri də əlavə etməlidir: “Çünki yalnız genetik müayinələr göstərə bilir ki, insanlar qohumdurlar, yoxsa deyil. Genetik analizlər kifayət qədər bahalıdır. Səhv etmirəmsə, 1000 manat civarında olmalıdır. Genetik analizlərin nəticəsindən qorxmaq lazım deyil”.

Eks deputat qarşıdakı zaman kəsimində hansısa sənədlərin dəyişdirilməsi ilə qohum evliliklərinin davam edəcəyindən narahatlığını dilə gətirib: “Azərbaycandan qohum evliliklərindən doğulan o qədər xəstə və əlil uşaq var ki. Dövlət o uşaqların saxlanılması üçün milyonlarla pul xərcləyir. İllər uzunu milyonlarla pul xərcləməkdənsə, bircə dəfə həmin 1000 manatlıq genetik analizi dövlət boynuna götürsə, bu məsələləri kökündən həll etmiş olar. Əks halda, tam səmimiyyətimlə deyirəm ki, bizdə o qədər dırnaqarası ağıllı adamlar var ki, qanunun yanından keçməkçün çalışacaqlar qohum evliliklərini gizlətsinlər və davam etdirsinlər".

Qeyd edək ki, Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir;

– qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

– bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

Layihədə aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

– yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

– övladlığa götürənlər və övladlığa götürülənlər;

– ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

– bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;

– ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Şəlalə Babayeva  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
referans.az

1Mənbələr