AZ

Arif Əsədov: Türkiyə millisi əzmkarlıq hesabına Avstriyanı məğlub edə bilər

Arif

Bakı, 2 iyul, AZƏRTAC

“Türkiyə-Avstriya matçında şansları bərabər hesab edirəm”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov Türkiyə seçməsinin Avropa çempionatının 1/8 final mərhələsində Avstriya yığmasına qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

Mütəxəssis Avstriya seçməsinin Avropa çempionatının sürpriz komandalarından biri olduğunu bildirdib: “Onlar komanda şəklində çox yaxşı mübarizə aparırlar. Bu, Avstriya millisini Türkiyədən fərqləndirən məqamdır. Yerli futbol ictimaiyyəti də qardaş ölkə təmsilçisinin oyun üslubundan narazıdır. Lakin bir nüansa diqqət yetirməliyik ki, Vinçentso Montella italiyalı məşqçidir və onlar hər zaman müdafiə futboluna önəm verirlər. Türkiyə isə hücumda oynamağı sevən komandadır. Buna görə də balans pozula bilir”.

Veteran futbolçunun fikrincə, Türkiyə yığması əzmkarlıq hesabına mərhələ adlaya bilər: “Ay-ulduzlular”da milli ruh çox yüksək səviyyədə olur. Bəzən onların oyunu alınmasa belə, motivasiya hesabına nəticə qazanırlar. Bu mərhələni keçsələr, daha irəli gedə bilərlər. Qardaş ölkə təmsilçisinin turnirdə uğur qazanmasını istəyərəm”.

Bu ilin mart ayında yoldaşlıq görüşündə Türkiyə millisinin Avstriyaya 1/6 hesabı ilə məğlub olmasını xatırladan A.Əsədov həmin nəticənin bugünkü matça təsir etməyəcəyini vurğulayıb: “Yoldaşlıq görüşlərindəki nəticələr o qədər önəmli olmur. Çünki komandalar həmin oyunlara fərqli heyətlə çıxırlar. Düşünürəm ki, Türkiyə millisi də böyükhesablı məğlubiyyəti düşünməyəcək. Onlar üçün ən önəmli olan mərhələni adlamaqdır”.

54 yaşlı mütəxəssis Avropa çempionatında favorit hesab etdiyi iki yığmanın adını da açıqlayıb: “Almaniya və Fransa komandalarından birinin turnirin qalibi olacağını düşünürəm”.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
azertag.az

2Mənbələr