4 klub ölkəmizi avrokuboklarda təmsil edəcək.

"Qarabağ" Çempionlar Liqasında, "Zirə" Avropa Liqasında, "Sabah" və "Sumqayıt"ın isə Konfrans Liqasında mübarizə aparacaq. Bəs, adı çəkilən klublarımızın qarşılaşmaları hansı kanalda yayımlanacaq? 

Bilirsiniz ki, avrokubukların yayım hüququ ölkəmizdə “CBC Sport”a məxsusdur. Lakin kanala bu mükəlləfiyyət pley-off mərhələsindən verilir. Bu müddətə kimi yayım hüququ avrokuboklarda çıxış edən klublarımızın özündə olur. Yəni, onlar hansı kanalla razılaşsalar, oyunları da orada yayımlanacaq. Görəsən, bütün təmsilçilərimiz “CBC Sport”la razılaşıb? Suallarımızı kanalın xəbərlər departamentinin baş redaktoru Şəmsəddin Abbasova ünvanladıq. “CBC Sport” rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Hər il olduğu kimi, rəsmi olaraq adı çəkilən klublara müraciətimizi yollamışıq. Hazırda mövzu ilə bağlı danışıqlar gedir. Bu barədə ictimaiyyətə məlumat veriləcək. Lakin hər il olduğu kimi, avrokuboklarda bizim komandaların oyunlarının 90%-i məhz "CBC Sport"da yayımlanacaq".