AZ

Pul yoxdusa, heç nə yoxdu... - KÖŞƏ

Ölkə futbolunun ümumi durumu ürəkaçan deyil. Uzaqdan müşahidə olunan mənzərə belə xoş hisslər oyatmırsa, işin içinə girdikcə problemlər özünü daha qabarıq büruzə verir.

Uşaq futbolunun acınacaqlı vəziyyətindən xəbərdarıq. Demək olar ki, bütün klublar yerli oyunçu qıtlığından əziyyət çəkdiyini dilə gətirir. İnfrastrukturun yetərsizliyi, oyun tərzinin təkmil olmaması, azarkeş marağının azlığı və digər müxtəlif çatışmazlıqlar var ki, qısa müddətdə aradan qaldırılmayacağını bilirik. 

Ən əsası düzəlməyən və çətin görünən maliyyə problemləridi. Bunu nəinki aşağı liqada, premyer-liqada da müşahidə edirik. Görünür, klubların "obyekt" mahiyyətli olması azmış kimi, maddi sıxıntılardan qurtula bilməsi üçün ciddi addımlar atılmır. Əlbəttə, burda bir çox məsələdə olduğu kimi, "Qarabağ"ı istisna kimi qiymətləndirməliyik. Ən azı ona görə ki, avrokuboklarda müntəzəm çıxış edən Ağdam təmsilçisi müəyyən zərərlərdən yayına bilir. Hər il qitə futbol qurumundan gələn milyonlarla maliyyə sabitliyini bərpa etmək mümkün olur. "Zirə" ilə "Sabah"ın da bu baxımdan ciddi sıxıntısı yoxdu. Üstəlik "qartallar" və "bayquşlar" uğurlu mövsümdən sonra Avropa meydanlarında görünəcək. Sözsüz, bu komandalar 2023/24 mövsümündə çəkdiyi əziyyətin bəhrəsini görəcək. 

"Neftçi"nin durumu isə kritikdi. Yeni açıqlanan hesabatla tanış olanlar bilir ki, "ağ-qaralar" ötən il böyük rüsvayçılığa imza atıb. Klubun zərəri dəfələrlə artıb, il ərzində sponsorların dəstəyi - daha çox vəsait ayırması da mənfəətə çıxmasına kömək etməyib. Maraq üçün qeyd edək ki, "Neftçi" ötən il 3 milyon 516 min manat "itirib". Beləliklə, xalis kapital göstəriciləri 31 faiz azalaraq 7,7 milyon manata düşüb. Məşhur sual ağla gəlir, eləmi? Kimdi günahkar-filan. Amma yox, indi "qurbanlıq qoyun" axtarmaq üçün çox gecdi. Nəzərə alaq ki, klub əvvəlki illərdə də zərər edib. Kim səs çıxarıb? Yəqin bilirsiz, burda əsas yük SOCAR-ın üzərinə düşür. Hər halda, əsas sponsor nəsə etməlidi. İş elə gətirib ki, adı çəkilən qurumun prezidenti Rövşən Nəcəf həm də AFFA-nın rəhbəridi ki, belədə növbəti xoşagəlməz halla qarşılaşırıq. Çünki ötən il SOCAR-ın xalis mənfəəti 7 milyard 351 milyon manat və ya 4,5 dəfə azalıb. Nəticədə Azərbaycanın iri şirkəti kiçilib.

Birincisi, yazıdakı rəqəmlərin klub və şirkətin yaydığı hesabatlardan götürüldüyünü qeyd edim. İkincisi, sizə futbolumuzu gözləyən çətin günlərdən söz açım. Qəzetimizin ötən sayında AFFA-nın klublar üçün ayırdığı vəsaitin apreldən bəri ödənilmədiyini yazmışdıq. Yeri gəlmişkən, iyun da bitir. Futbol qurumun önündə duran məqsəd və vəzifələrdən də haliyik. Uzun zaman alacaq layihələrin gerçəkləşdirilməsi üçün həm də böyük maliyyə lazımdı. Allah neftimizə bərəkət versin, əvvəl-axır lazım olan pullar ələ keçəcək. Buna əminik. Amma hər hansı "partlayış" Konfrans Liqasına vəsiqə qazandığı halda ümidsiz danışan "Sumqayıt"ın baş məşqçisi Samir Abasova yardım etməyəcək. Hələ sırada stadionu olmayan "Araz-Naxçıvan" və "Kəpəz" var. Naxçıvan Futbol Federasiyasının diqqətdən kənarda saxladığı məsələ xeyli adamı qıcıqlandırır. Buna görə Muxtar Respublika təmsilçisinin premyer-liqada iştirakını qayda pozuntusu kimi sayanlar da az deyil. Gəncəlilərin vəziyyəti isə daha çətindi. Klub maliyyə çatışmazlığı üzündın qan ağlayır. Digər tərəfdən, "Səbail"in sponsoru büdcəsini azaldıb. "Dənizçilər"in baş məşqçisi Şahin Diniyev etiraf etməsə də, bəzi mənbələr onun yaman gileyləndiyini, "Kəpəz"lə eyni duruma düşdüklərinə görə narahat olduğunu dilə gətirdiyini iddia edir. 

Kim qaldı? "Turan Tovuz"la "Şamaxı". Görünür, "boqzurd"un İdarə Heyətinin sədri, "Huner Group"un rəhbəri Ehtiram Quliyev növbəti mövsüm üçün əliaçıqlıq edəcək. Hər halda, nəticəni sonda görəcəyik. Təki tələsmiş olmasın... "Şamaxı" isə "Araz-Naxçıvan" və "Kəpəz" nümunəsinin davamı olmaq təhlükəsiylə üz-üzədi. Belə durumda futbolumuzun hansısa inkişaf səviyyəsini müzakirə etmək gülünc görünür. Vallah, nəsə yolunda getmir. Zəmin hesab etdiyimiz quruluşların belə kəmiyyət və keyfiyyət yönündə irəli addımlamağa imkanı yoxdu. Hiss olunur ki, klublar və ya bunlara "obyekt" gözüylə baxmaq niyyətinə düşənlər düzgün strategiyaya malik deyil. Deyəsən, onlar bu yolla irəliləmək istədikləri halda bacarıqlı biznesmen xüsusiyyətlərinə sahib olmağın vacibliyini unudub. Belədə futbolçuların öncəliyinin də maliyyə olmasına etiraz edə bilmərik.

İndiki vəziyyətdə iş həm ölkə, həm də beynəlxalq arenalarda uğur əldə etməkdən daha çox maliyyənin qazanılmasına yönəlib. Və birincidə olduğu kimi, ikincidə də inkişaf edə bilmirik. Qısası, Əli aşından da oluruq, Vəli aşından da...

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
football-plus.az

1Mənbələr