AZ

“Finex Kredit”dən SOYĞUNÇULUQ: Dələduz əməkdaşın mənimsədiyi vəsaiti müştərinin “belinə yükləyib” – ŞİKAYƏT + FOTOLAR

“2023-cü ilin mart ayında “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatına kredit üçün müraciət etmişəm. Qızıl-zinət əşyalarını girov qoymaq müqabilində bir illik 1 150 manat həcmində kredit götürmüşəm. 2023-cü il dekabr ayına qədər hər ay 115 manat krediti vaxtlı-vaxtında ödəmişəm. 2023-cü il dekabrın 7-də yenidən “Finex Kredit”ə müraciət edərək, kredit götürmək istəmişəm. Kredit təşkilatı nümayəndəsi 411 manat borcumun qaldığını bildirib. Borcu ödəyib bağlamaq istədiyimi bildirmişəm və yerindəcə müqaviləyə xitam verilib. Lakin ödədiyim vəsait kredit təşkilatının mütəxəssisi tərəfindən mənimsənilib və yenidən mənim adıma borc kimi yazılıb”.

Medianews.az xəbər verir ki, bu barədə Şuşa Radio-Televiziya Yayım Stansiyasının əməkdaşı Eldəniz Davud oğlu Yusifov redaksiyamıza müraciətində bildirib.

O qeyd edilib ki, birinci kredit müqaviləsinə xitam veriləndə girov kimi “Finex Kredit”ə qoyulan qızıl-zinət əşyası seyfdən çıxarılıb, qiymətləndirilmə aparılıb, ikinci kredit müqaviləsi imzalanıb: “Birinci müqaviləyə xitam verildi, qızılım seyfdən çıxarıldı, əlavə 10 manat zərgər baxışı üçün vəsait də ödədim. Yenidən qiymətləndirilmə aparıldı və yeni müqavilə bağladıq. Yeni kredit olaraq kartıma 1 180 manat vəsait köçürüldü. “Finex Kredit”in özünə aid kredit kartı var və kredit götürən hər bir vətəndaşa bu plastik kart verilir. Həmin kart vasitəsilə pulu istənilən bankomatdan çıxarmaq, nağdlaşdırmaq olur. Pul kartıma köçürüləndən sonra kredit təşkilatının Elvin Biyabani ad-soyadlı bir nəfər əməkdaşı ilə birlikdə bankomata yaxınlaşmışıq. Onun mənimlə birlikdə gəlməsinə səbəb bu idi ki, yeni kreditimi bankomatdan çəkəndən sonra birinci kredit müqaviləsi üzrə qalan 411 manat borcumu həmin əməkdaşa təhvil verim. Belə də oldu. Köhnə müqaviləyə xitam verilmişdi deyə, 411 manatı əlbəəl təslim etməliydim. Mən üzərimə düşən bütün öhdəlikləri yerinə yetirmişəm. Bundan sonra Qarabağa getmişəm. Xankəndidə işlədiyim üçün Bakı şəhərinə iki ay gəlməmişəm. Kreditimi ödəmə terminalı vasitəsilə ödəmişəm. Təxminən iki ay sonra kredit təşkilatından mənə zəng vurub bildiriblər ki, kredit təşkilatının kredit mütəxəssisi Elvin Biyabani onlara kələk gəlib, 10-a yaxın müştərinin ödədiyi vəsaiti mənimsəyib”.

Şikayətçi E.Yusifov iddia edib ki, “Finex Kredit” dələduzluq edən əməkdaşını cəzalandırmaq əvəzinə, onun mənimsədiyi pulları müştərilərin kreditlərinin üzərinə gəlir: “Məndən tələb etdilər ki, Bakı şəhərinə qayıdım, Elvin Biyabaninin işi üzrə izahat verim. Bakıda “Finex Kredit”in İdarə Heyətinin sədri Leyli Məmmədovanın qarşısında izahat verdim. Onlara bildirdim ki, 411 manatı mən sizin işçinizə təhvil-təslim etmişəm. Əgər kredit mütəxəssisi bu məbləği mənimsəyibsə, kredit təşkilatına qarşı dələduzluq edibsə, etimaddan sui-istifadəyə yol veribsə, fərd olaraq, müştəri olaraq buna görə mən məsuliyyət daşımıram. Buna baxmayaraq, Elvin Biyabaninin mənimsədiyi 411 manatı da mənim ikinci kredit müqaviləmdəki məbləğin üzərinə gəliblər. Təbii ki, buna etiraz etdim. Bir neçə müddətdən sonra isə məlum oldu ki, “Finex Kredit” dələduzluğa yol verən öz işçisi barədə tədbir görmək, onu polisə şikayət etmək, məsuliyyətə cəlb etdirmək əvəzinə, məni məhkəməyə verib. Bu barədə mənə bildiriş gəlib”.

Şikayətçi söyləyib ki, “Finex Kredit” müştərilərlə imzalanan kredit müqaviləsində faizi aşağı, məhkəməyə təqdim etdiyi iddia ərizəsində isə yuxarı həddə göstərib: “Ünvanıma göndərilən bildirişdə qeyd olunub ki, 215 manat borca görə məhkəməyə verilmişəm. Halbuki bank əməkdaşının mənimsədiyi məbləğ 411 manat olub. Bunu araşdıranda məlum oldu ki, cari ilin aprel ayından indiyə qədər ödədiyim kreditdən hər ay müəyyən məbləğ tutulub, 411 manatın hissə-hissə ödənilməsi həyata keçirilib. Mənə isə bu barədə heç bir məlumat verilməyib. Avtomatik olaraq mənim kredit tarixçəmdə 100 gündən yuxarı müddətdə gecikmə qeyd olunub. Guya mən aylıq kredit məbləğini tam həcmdə ödəməmişəm. Beləliklə də indiyə qədər ödədiyim məbləğdən 196 manat tutulub. Üstəlik, bildirişdən aydın olur ki, guya mən kredit təşkilatı ilə kredit müqaviləsini illik 43 faizlə imzalamışam. Halbuki, mənimlə imzalanan kredit müqaviləsində 28 faiz qeyd olunub. Bu faktın özü də kredit təşkilatının qeyri-şəffaflığını, müştərilərə qarşı qərəzini, ədalətsizliyini, özbaşınalığını, soyğunçuluğunu açıq şəkildə ortaya qoyur”.

Eldəniz Yusifovun şikayətçi olduğu “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatının da mövzuya dair mövqeyini öyrənmək istədik. Bu məqsədlə “Finex Kredit”in İdarə Heyətinin sədri Leyli Məmmədova ilə əlaqə saxladıq. Razılaşmaya uyğun olaraq mövzunu təsvir edib onun elektron poçtuna sorğu yolladıq. L.Məmmədova sorğuya cavab olaraq bildirdi ki, “Finex Kredit” şirkətinin keçmiş əməkdaşı Elvin Biyabani barəsində hüquq mühafizə orqanına müraciət olunub. O, E.Biyabani barəsində baxılan materialla bağlı araşdırmanın istintaq sirri olduğunu əsas gətirərək, Nəsimi Rayon Prokurorluğuna müraciət ünvanlanmağı tövsiyə etdi. Beləliklə də “Finex Kredit”in İdarə Heyətinin sədri Leyli Məmmədova vətəndaş E.Yusifovun səsləndirdiyi iddialara hər hansı cavab bildirmədi, məsuliyyəti üzərindən atdı.

Ərtürk İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
4
medianews.az

5Mənbələr