AZ

Macarıstan Aİ-nin sədri kimi...

Viktor Orban Avropanı yenidən möhtəşəm edə biləcəkmi?

İyulun 1-də Avropa İttifaqına sədrlik Macarıstana keçib. Bu ölkə Avropa İttifaqı rəhbərliyi ilə bir sıra məsələlər, o cümlədən Rusiya ilə Ukrayna arasındakı münaqişə, eləcə də miqrasiya məsələləri üzrə ciddi fikir ayrılıqları fonunda Aİ-yə altı aylıq sədrliyə başlayıb. Belə ki, rəsmi Budapeşt ötən gün  estafeti Belçikadan təhvil alıb, dekabrın sonunda isə rotasiya qaydasında onu Polşaya ötürəcək.

Budapeştlə Brüssel arasında formalaşan mürəkkəb münasibətlər hətta Macarıstanın sədrliyi dövründə “Avropanı yenidən möhtəşəm edək!” şüarının seçilməsində də özünü göstərib. Bəzi xarici ekspertlərin fikrincə, bu şüar Avropa İttifaqının hazırkı rəhbərliyinin dəstəkləmədiyi, lakin Macarıstanın Baş naziri Viktor Orbanın müsbət yanaşdığı ABŞ-ın sabiq Prezidenti Donald Trampın seçkiqabağı devizinə bənzəyir. Budapeştin sədrliyinin rəsmi loqosu “Rubik kubu”dur, onun bir tərəfində Macarıstanın qırmızı, ağ və yaşıl rəngli dövlət bayrağı, digər tərəfində isə dairədə düzülmüş ulduzlar şəklində Avropa İttifaqının gerbi təsvir edilib. Loqodakı “Rubik kubu” ixtiraları ilə məşhur olan macar mühəndis Ernyö Rubikə həsr olunub.  Sədrliyin saytında qeyd edildiyi kimi, “Rubik kubu”  strateji baxış, səbir, nizam-intizam və dəqiqlik, yəni Macarıstanın Aİ Şurasına sədrliyi üçün vacib olan keyfiyyətləri ehtiva edir.

Baş nazir Viktor Orban Avropa İttifaqına sədrliyi dövründə Macarıstanın prioritetlərini də açıqlayıb. O bildirib ki, sədrliklə bağlı 7 maddədən ibarət proqram qəbul olunub: “Proqramın əsas müddəası Ukraynada müharibənin dayandırılmasından ibarətdir. Çünki hazırda orada baş verənlər ittifaq daxilində nəzərdə tutduğumuz prioritetlərin həyata keçirilməsinə maneə yaradır”. Ölkənin Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boka isə vurğulayıb ki, diqqət yetiriləcək daha bir məsələ ittifaq ölkələrinin təhlükəsizliyi, müdafiə sənayesi potensialının güclənməsi, bu sahədə əməkdaşlıq imkanlarının müzakirəsi, eləcə də iqtisadiyyatın yeni çağırışlara uyğunlaşdırılmasından ibarətdir. Y. Boka, həmçinin Avrozonada rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşmasını da vacib saydıqlarını deyib. Nazirin qənaətincə, bu sahədə mütərəqqi qanun qəbul edilməlidir. Qeyd edək ki, onun bu ideyasına Avropa Komissiyasında şübhə ilə yanaşılır. Bildirilir ki, bu addım ABŞ ilə ciddi fikir ayrılıqlarına səbəb ola bilər.

Digər tərəfdən, Baş nazir Orbanın fərqli addımları, onun Aİ rəhbərliyi ilə bir sıra məsələlərdə fikir ayrılığı Macarıstanın planlarının icra olunacağına suallar yaradır.  Məlumdur ki, Viktor Orban Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin bu vəzifəyə ikinci müddətə seçilməsinə qarşı çıxmışdı: “Yaşıl transformasiya tam uğursuz idarəçilikdir, miqrasiya paketi heç bir problemi həll etmir. Avropanın daha yaxşı liderliyə ehtiyacı var və bunu bacaran kifayət qədər istedadlı siyasətçilər mövcuddur”. Orban həmçinin,  son beş ili Avropa İttifaqı tarixində ən uğursuz dövr kimi səciyyələndirmişdi. O, bu uğursuzluğa görə Avropa Komissiyasını və Brüsseldəki elitanı tənqid etmişdi.

Xatırladaq ki, Macarıstanın Baş naziri bundan əvvəl də dəfələrlə Avropanın düşdüyü vəziyyətə görə Aİ rəhbərliyini ciddi tənqid edib. O, Avropa İttifaqı məkanında yaranmış problemlərdə rəhbərliyin əsas səbəbkar olduğunu bəyan edib. Baş nazir Orban hələ bir neçə ay öncə Avropa İttifaqının rəhbərliyində dəyişikliklərin tərəfdarı olduğunu bildirmişdi. “Brüssel avropalıların həyatını taleyin ümidinə buraxıb. Bir tərəfdən Brüsselin siyasəti, digər tərəfdən isə avropalıların maraqları və iradəsi arasında heç vaxt bu qədər uçurum yaranmayıb. Avropa İttifaqının rəhbərliyində dəyişikliklərin edilməsi zəruridir. Bu, yalnız məqsədyönlü tədbirlər nəticəsində baş verə bilər”. Lakin Orbanın tənqidlərinə baxmayaraq, Ursula fon der Lyayen yenidən Avropa Komissiyasının prezidenti vəzifəsinə layiq görülüb. Aİ liderlərinin bugünlərdə keçirilən sammitində belə bir qərar qəbul olunub və Avropa Parlamentinin təsdiqindən sonra bu təyinat rəsmiləşəcək. Bundan əlavə, Portuqaliyanın sabiq baş naziri Antonio Kosta Avropa İttifaqı Şurasının prezidenti postunda Şarl Mişeli, Estoniyanın baş naziri Kaja Kallas isə Avropa diplomatiyasına rəhbərlik edən Jozep Borreli əvəzləyəcək.

Beləliklə, Macarıstan sədrliyi dövründə Avropa İttifaqının rəhbər sturkturları ilə fəal işləməlidir. Orbanın irəli sürdüyü proqramın icra olunub-olunmaması isə birgə əməkdaşlıqdan keçir. Həm də, sədrlik cəmi 6 ay davam edəcək. Bu müddət ərzində “Avropanı yenidən möhtəşəm edək!” şüarı ilə planların reallaşdırılması üçün Orban hökuməti daha çevik siyasət həyata keçirməlidir.

Nardar BAYRAMLI

Seçilən
38
yeniazerbaycan.com

1Mənbələr