AZ

Qətər görüşü “Taliban”ın tanınmasıdırmı?

BMT-nin himayəsi altında Əfqanıstan üzrə çoxtərəfli danışıqla­rın iştirakçıları Qətərdə toplaşıblar. Bu formatda keçirilən görüşdə ilk dəfə olaraq “Taliban” hərəkatının nümayəndə heyəti iştirak edir. Söhbət beynəlxalq səviyyədə tanınmadan – 2021-ci ilin avqustun­dan Əfqanıstanı de-fakto idarə edənlərlə qarşılıqlı əlaqə modelinin hazırlanması cəhdindən gedir. Kabil sosial-iqtisadi problemlərin həlli və sanksiyaların aradan qaldırılması üçün kömək gözlədiyi halda, dünya ictimaiyyəti artan terror təhlükəsindən narahatdır. 

Ötən bazar günü axşam Do­hada nümayəndə heyətlərinin birgə şam yeməyi ilə başlayan BMT-nin Əfqanıstan üzrə iki gün­lük konfransında 25 ölkədən dip­lomatlar iştirak edir. BMT-nin Baş katibi Antonio Quterreşin təşəb­büsü ilə ötən ilin mayında və bu ilin fevralında keçirilən Əfqanıs­tan üzrə əvvəlki iki konfransdan fərqli olaraq, müzakirə faktiki Əfqanıstan hakimiyyətinin nü­mayəndələrinin iştirakı ilə keçiri­lir. Belə ki, “Taliban” hərəkatının nümayəndə heyəti Dohaya gəlib. Altı nəfərdən ibarət nümayəndə heyətinə hərəkatın rəsmi nü­mayəndəsi Zəbihullah Mücahid başçılıq edir. Bundan əvvəl “Ta­liban” BMT-nin himayəsi altında Doha görüşlərində iştirakdan imtina edərək, Qətərə Kabil­də hakimiyyəti dəstəkləməyən əfqan vətəndaş fəallarının dəvət edilməsi və qadınların vəziyyə­ti ilə bağlı sual vermək cəhdləri ilə razılaşmadığını bildirib. Lakin bu dəfə tərəflər kompromisə nail ola biliblər. Dohada keçirilən gö­rüşün təşkilatçıları Əfqanıstan­da qadınların vəziyyəti ilə bağlı həssas məsələni müzakirəyə çıxarmamağa razılaşıblar. Eyni zamanda, konfrans iştirakçıla­rı hələ də Əfqanıstan vətəndaş cəmiyyətinin nümayəndələri, o cümlədən hüquq müdafiəçiləri və qadınlarla görüşmək niyyətin­dədirlər.

“Biz danışıqlar prosesini qur­mağa və vacib məsləhətləşmə mexanizmini qoruyub saxlama­ğa çalışırıq. Biz hər bir görüşün bu prosesdə, xüsusən də etiba­rın hələ kifayət etmədiyi bu ilkin mərhələdə nə qədər vacib oldu­ğuna dair realist olmalıyıq. Bu prosesin həqiqətən başlaması üçün de-fakto hakimiyyətin kon­fransında iştirak etmək lazımdır”, - BMT-nin Əfqanıstana Yardım Missiyasının rəhbəri Roza Otun­bayeva vurğulayıb. Onun sözlə­rinə görə, “belə qarşılıqlı əlaqə Əfqanıstan rejiminin legitimliyi və ya normallaşması demək deyil”. Danışıqlar prosesinin məqsədi, xanım Otunbayevanın bildirdi­yinə görə, “Kabilin de-fakto haki­miyyətinə beynəlxalq birliyə ye­nidən inteqrasiya etməyə imkan verəcək qərarlar qəbul etmək üçün güclü stimul yaratmaqdır”. Rusiya tərəfinin “Taliban”ı Ru­siya Federasiyasında qadağan olunmuş terror təşkilatları siya­hısından çıxarmaq niyyəti ilə bağlı bəyanatlarına münasibət bildirən Roza Otunbayeva deyib ki, bu, fakt olacaq, burada mü­zakirə olunacaq heç nə yoxdur: “Başa düşürəm ki, çox yaxında fərman imzalanacaq və “Taliban” terror təşkilatları siyahısından çıxarılacaq. Oxşar addımı bildiyi­niz kimi, Qazaxıstan da atmışdı. Bu, bu ölkələrin siyasi qərarıdır, biz bunu, sadəcə, fakt kimi qəbul edəcəyik”.

Kabillə beynəlxalq ictimaiy­yət arasında yaxınlaşma prosesi Moskva və onun müttəfiqlərinin Əfqanıstanın de-fakto hakimiy­yəti ilə qarşılıqlı əlaqə yaratmaq üçün atdığı son addımlarla inten­sivləşir. Rusiyanın xarici işlər na­ziri Sergey Lavrov iyunun 21-də deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan bütün ölkələr “Taliban” hərəkatı hökuməti ilə layihələrin həyata keçirilməsinə yönəlmiş daimi dialoqun qurulmasının zə­ruriliyi barədə razılığa gəliblər. Eyni zamanda, KTMT-nin icla­sının yekunları üzrə çıxış edən S.Lavrov Əfqanıstan ərazisin­dən təhdidlərin davam etməsinə xüsusi diqqət çəkərək vurğula­yıb ki, ölkədə “İslam Dövləti”, “Əl-Qaidə” və onlarla bağlı olan qurumlarının yuvaları və döyüş qabiliyyətli dəstələri qorunub saxlanılır. ““Taliban” hökuməti bu terror qruplaşmalarına qarşı mü­barizə aparır. Biz bu mübarizəyə kömək etməyi prinsipial olaraq vacib hesab edirik”,-deyə nazir qeyd edib.

Pakistan nümayəndəsi Asif Durrani Dohada keçirilən kon­frans ərəfəsində bəyan edib ki, Əfqanıstandan gələn terror təhlükəsi getdikcə kəskinləşir. “Biz Əfqanıstanın müvəqqəti hö­kuməti ilə dialoqu asanlaşdırmaq üçün Dohada Əfqanıstan üzrə üçüncü görüşü gözləyirik. Ümid edirik ki, Əfqanıstanın müvəqqəti hökuməti ölkədəki terror sığına­caqlarını aradan qaldırmaq üçün təcili addımlar atacaq”.

S.ELAY
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
xalqqazeti.az

1Mənbələr