AZ

“Son zəng” tədbirində bacanağının atasını bıçaqlayan şəxsdən xəbər var

Hacıqabulda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əlisəfa Abasovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə araşdırılır.

 

Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə Əlisəfa Abasova bəraət verilib. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 2 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ilə əvəz olunub. 
 

İttihama görə, hadisə 19 iyun 2023-cü il tarixdə, saat 22 radələrində Hacıqabul rayonunun Birinci Udulu kəndində qeydə alınıb.
 
Belə ki, 1969-cu il təvəllüdlü Əlisəfa Abasov qayınatasının yaşadığı ünvanda yerləşən fərdi yaşayış evinin həyətində nəvəsi üçün təşkil etdiyi “Son zəng” tədbiri ilə bağlı keçirilən məclisdə spirtli içki qəbul edib. Sonra o, musiqi səsinin çox olmasına görə həyətdən küçəyə çıxıb. Həmin vaxt həyət darvazasının qarşısında onunla birlikdə tədbirdə iştirak edən, qohumu, bacanağının atası, zərərçəkmiş, rayonun Meyniman kənd sakini, 1963-cü il təvəllüdlü Süleymanov İsmət Fazil oğlunu da küçədə görüb. Təqsirləndirilən şəxs ondan nə səbəbə küçəyə çıxmasını soruşanda zərərçəkmiş şəxs əsəbi halda kiminsə ünvanına təhqiredici ifadələr işlədib, musiqi səsinin başını ağrıtdığını deyib. Əlisəfa da ona kobud qaydada başının yerində olmamasını söyləyib. Bu zaman onların arasında mübahisə yaranıb, İsmət təqsirləndirilən şəxsi yumruqla vurub. Daha sonra Əlisəfa Məmmədov mətbəx bıçağını cibindən çıxarıb zərərçəkmiş şəxsin döş qəfəsi nahiyəsinə bir dəfə vuraraq ona xəsarət yetib.


 
Hadisədən sonra Əlisəfa Abasov saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

Tarix: 2 İyul 2024, 08:38   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
pravda.az

1Mənbələr