AZ

Yayda zəhərlənmələrin sayı niyə artır?- SƏBƏBİ BƏLLİ OLDU

Günəş şüası altında qalan qida məhsullarının qəbulu və gigiyena qaydalarına əməl olunmaması ölümə də səbəb ola bilir
 
Havanın hərarəti yüksəldikcə, müəyyən patogen mikrobların da yayılma sürəti artır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı çoxalır. Əsas zəhərlənmə səbəbləri qida məhsullarının düzgün saxlanılmaması səbəbindən baş verir. Qida zəhərlənmələri müxtəlif mikroblar və onların toksinləri tərəfindən törədilən, mədə-bağırsaq pozğunluğu verən kəskin xəstəlikdir.
 
Xəstəliyin simptomları keyfiyyətsiz qidanın qəbulundan 1-2, bəzən 6-8 saat sonra özünü büruzə verir. Bu halda zəhərlənən şəxsin ümumi vəziyyəti pisləşir,  ürəkbulanma, qusma, qarında spazma şəklində ağrılar, ishal, təzyiqin düşməsi, nəbzin tezləşməsi və zəifləməsi, hərarətin yüksəlməsi, iştahasızlıq və halsızlıq kimi simptomlar yaşanır.
 
Əksər hallarda zəhərlənmənin əsas səbəbi kimi insanların sanitariya-gigiyena qaydalarına riayət etməməsi göstərilir. Odur ki, alınan meyvə-tərəvəzi yaxşı yumaq, saxlanma şərtlərinə xüsusi diqqət yetirmək lazımdır. Eləcə də dərmanla yetişdirilən meyvələri yumadan soyuducuda saxladıqda onların üzərində əmələ gələn zərərli maddələr digər qidaların üzərinə çökərək mədə-bağırsaq sistemində problemlərə, qida zəhərlənmələrinə səbəb ola bilər. Qarpız, qovun kimi qidaları kəsdikdən sonra üzəri açıq şəkildə soyuducuya qoymaq olmaz.
 
Ölkəmizdə müxtəlif qida məhsullarından zəhərlənmə halları qeydə alınır. Bu zəhərlənmələrin əsas səbəbi insanların əksər hallarda qəbul etdikləri qidaların saxlanma şəraitinə, yararlılıq müddətinə, istehsal tarixinə diqqət etməmələridir.
 
Bəzən insanlar zəhərləndikləri halda belə sağlamlıqlarına qarşı səhlənkar yanaşır, bəzən isə bunun, ümumiyyətlə, zəhərlənmə deyil, mövsümi xəstəlik olduğunu düşünərək həkimə müraciət etmirlər, evdə müalicəyə üstünlük verirlər. Xüsusən xroniki xəstəliyi olan yaşlı insanlarda zəhərlənmə halı olan kimi dərhal təcili yardım çağırmağın vacib olduğu həkimlər tərəfindən vurğulanır.
 
Zəhərlənənlərə ilk yardım necə göstərilməlidir?
 
Qida zəhərlənmələrinin simptomlarını və ilk yardım göstərilməsi qaydalarını bilmək insanın sağlamlığını və həyatını xilas edə bilər. Zəhərlənmə zamanı bədənə daxil olan mikroblar orqanizmdə toksin hazırlayırlar. Belə halda ilk növbədə təcili tibbi yardıma müraciət olunmalıdır. Bu mümkün olmadığı təqdirdə xəstənin mədəsi yuyulmalı, qusma və ishal səbəbindən dehidrasiya əmələ gəldiyindən bol maye qəbulu təmin edilməlidir. Orqanizmin kəskin susuzlaşmasının qarşısı alınmalı, balans bərpa edilməlidir. Bədənin duz və elektrik itkisini aradan qaldırmaq üçün bir stəkan suya duz və soda qarışdıraraq içirilməsi də tövsiyə olunur.
 
Zəhərlənmənin ilk günü xəstəyə hər hansı qida vermək məsləhət görülmür. Bu həzm sisteminin daha tez bərpasına kömək edir. Növbəti günlərdə xəstəyə xüsusi pəhriz təyin olunur və bu pəhrizə bir neçə gün ərzində riayət edilməlidir.
 
Ülkər XASPOLADOVA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
moderator.az

1Mənbələr