AZ

Meyson Qrinvud “Mançester Yunayted”ə qayıtdı

2023/2024 mövsümündə icarə əsasında “Xetafe”də çıxış etmiş 22 yaşlı hücumçu Meyson Qrinvud “Mançester Yunayted”ə qayıdıb.

Arena.az xəbər verir ki, daha əvvəl mətbuatda, ingilis hücumçu ilə “Yuventus”, “Latsio”, “Valensiya”, Marsel “Olimpik”i və “Fənərbaxça”nın maraqlandığı haqda müxtəlif xəbərlər yayılıb.

Vurğulanır ki, “Mançester Yunayted” futbolçunun yenidən icarəsi və ya ən sərfəli şərtlərlə tamhüquqlu keçidini müzakirə etməyə hazırdır. Klub onu heyətində saxlamaqda maraqlı deyil.

Qrinvud “Mançester Yunayted”in yetirməsidir. O, 2018-ci ildən bu klubun əsas komandasında çıxış erməyə başlayıb. Amma hücumçu 2022-ci ilin 30 yanvar tarixindən rəsmi oyunlarda iştirak etmirdi. Meyson zorlamaya cəhd və hücumda şübhəli bilinərək həbs olunduqdan sonra 18 aydan çox “qırmızı şeytanlar”ın heyətində oynamayıb.

Ümumilikdə isə Meyson “qırmızı şeytanlar”ın heyətində 129 oyuna çıxıb, 35 qol vurub, 12 məhsuldar ötürmə verib.

Qrinvuda qarşı cinayət işinə 2023-cü ilin fevralında xitam verilsə də, o, komandanın məşqlərindən və oyunlarından uzaqlaşdırıldığı üçün futboldan kənarda qalmalı olub. Futbolçu, onu zorlamada ittiham edən qadından uşaq sahibi – ata olub.

Bu xoşagəlməz məsələ ilə bağlı daxili təhqiqatına yekun vurmuş “Mançester Yunayted” Qrinvudla əməkdaşlığına qarşılıqlı surətdə xitam verdiyi haqda qərarını açıqlamışdı. Öz növbəsində, təqsirini dərk etmiş Qrinvud “qırmızı şeytanlar”ın rəhbərliyinin müvafiq qərarı ilə razılaşıb. Gənc futbolçunun karyerasını “Mançester Yunayted”dən kənarda davam etdirməsi daha düzgün hesab edilib.

Beləliklə, Qrinvud 2023/2024 mövsümünü icarə əsasında “Xetafe”də keçirib. Tərəflər arasındakı müqavilə 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədəydi. Transfer hüquqlarının məxsus olduğu “Mançester Yunayted”lə isə Qrinvudun 2025-cilin iyun ayının sonuna qədər müqaviləsi var.

Qrinvud “Xetafe”nin heyətində 36 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
arena.az

1Mənbələr