AZ

“Qurban müəllimin mənə ehtiyacı olsaydı, təbii ki, qalardım” - Maksim Medvedev Berdıyevin təklifini qəbul etməyib

Mövsümün sonunda “Qarabağ”la yollarını ayıranlardan biri də Maksim Medvedev oldu.

34 yaşlı kapitan karyerasını bitirdiyi üçün Ağdam klubu ilə sağollaşdı. Əksəriyyət onun “Qarabağ”da qalıb işləyəcəyini gözləsə də, heç də belə olmadı. Qurban Qurbanovun yanında böyüyən əfsanəvi kapitana gələn təkliflərin ardı-arası kəsilmir. Hətta Kurban Berdıyev də onu “Turan Tovuz”da köməkçi kimi görmək istəyib. Maksim nədəndsə bu təklifə də “yox” deyib. Dünən onunla əlaqə saxladıq.

- Əvvəlcə soruşmaq istərdim ki, karyeranı bitirəndən sonra nə işlə məşğulsan?
- Hələ istirahətdəyəm. Həm də şəxsi işlərimlə məşğulam. Bir müddətdən sonra qərar verəcəm. Harda işləmək mənə xoş olarsa, ora gedəcəm.

- Futbolla daha tez sağollaşdığını düşünmürsən? Hazırda həmyaşıdların, hətta səndən böyük oyunçular hələ yaşıl meydandadı. 34 yaşında karyeranı başa vurmağa səni nə vadar etdi?      
- Bəlkə də tez bitirdim. Amma bu, mənim qərarım idi. 20 il ancaq öz klubumda oynamışam. Və istədim ki, elə burda da qurtarım. Çünki 34 yaşda ağır rejim sağlamlığıma ziyan vururdu. Ona gorə də futbolçu karyeramı bitirdim.

- Bildiyimə görə, bu qərarı uzun müddət götür-qoy edəndən sonra vermisən. Klubdakıların, Qurban Qurbanovun bu qərarza münasibəti necə oldu?  
- Oturub söhbət elədik, hər şeyi danışdıq. Gələcək planlarımı bildirdim. Mənə uğurlar arzuladı. Dedi ki, bu klubun qapıları həmişə sənin üzünə açıqdı. Və gələcəkdə sənə həmişə dəstək olacağıq.

- “Qarabağ”da yeni tarix yazdız. Uzun müddət bu klubda çalışan adam kimi xatirələrini bizlə bölüşərdin...
- Çox sevinirəm ki, “Qarabağ”ın loqosunda indi iki qızıl ulduz var. Yəni bu, mənim dövrümə təsadüf etdi. Klub təzə inkişaf edəndən bəri mən bütün bu yolu görmüşəm. Necə ağır işlər görülüb, nələrdən keçmişik... İndi isə ancaq azarkeş kimi klubu dəstəkləyəcəm.

-  “Qarabağ”da olduğun vaxt, yəqin ki, yerli və xarici klublardan təklif gəlib. Səni orda saxlayan amil nə idi, istərdim bundan danışasan.
- Təkliflər çox gəlirdi, bəzi zərfləri heç açmırdım. Çünki bu klub mənə doğma idi. Baş məşqçi və klub rəhbərliyi mənə dəstək olurdular və məni çox istəyirdi. Mən də bütün gücümü və potensialımı hər oyun meydanda qoyurdum. Ona görə heç vaxt başqa komandaya getmədim. Özümü satqın hiss eləmək istəmirdim.

- Çoxlari sənin Ağdam klubunda qalacağını, məşqçi işləyəcəyini gözləyirdi. Bundan sonrakı fəaliyyətinlə bağlı dəqiq qərar vermisənmi?  
- Qurban müəllimin köməkçisi çoxdu. Mənə ehtiyacı olsaydı, təbii ki, qalardım. Amma mən özüm də baş məşqçi olmaq istəyirəm və bu yolu sıfırdan öyrənmək üçün oxumalıyam. Aşağıdan başlamaq istəyirəm. İndi məşqçi kimi yetişmək üçün vaxta ehtiyacım var.

- Hətta Kurban Berdıyevin köməkçisi olacağın da deyildi. Belə təklif gəlibsə, niyə  “yox” dedin?   
- İndi mən buna hazır deyiləm. Ona görə təklifi qəbul etmədim. Futbolçu kimi təcrübəm var, amma köməkçi kimi başqa kluba getmək hələ tezdi.

- Yeri gəlmişkən, Berdıyevin “Turan Tovuz”a, Roman Qriqorçukun “Neftçi”yə gəlişinə münasibətini öyrənmək istərdim. Bununla premyer-liqada nə dəyişəcək?   
- Gözləmirdim ki, bu mütəxəsislər gələr. Onlarım böyük iş təcrübələri və nəticələri var. Bu məqam premyer-liqaya rəng qatacaq. Yaxşı futbolçular gətirəcəklər. Həm də klublar arasında mübarizə artacaq. Bu il maraqlı çempionat izləyəcəyik.

- Vaxtilə “İnter”, “Xəzər-Lənkəran” kimi klublara qarşı oynamısan. Azərbaycan premyer-liqasinın hansı illəri sənin üçün daha maraqlı, yaddaqalan, həm də gərgin keçib?  
- Hər il çətin olur . Amma “Nefçi” və “Qəbələ”nin parlaq illərində çox çətin idi. Rəqabət ağır idi. Çünki yüksək səviyyəli futbolçular var idi.

- Hakimliklə bağlı müsbətə və mənfiyə doğru nələr dəyişib? Hansı dövrdə oynamaq daha çətindi?  
- Keçmişdə daha çətin idi. İndi ən azı VAR sistemi kömək edir. Hakim monitora baxır və qərarı dəyişə bilir. O vaxtr hər şey hakimin əlindəydi.

- Maksim Medvedev bir çox futbolçunun yetişməsinə də şahidlik edib. Ancaq indi oyunçularin çoxu tez-tez klub dəyişir. İndiki  “Qarabağ”da olan gənclərdən hansına məsləhətlər verir, sənin yoluna davam edəcəyini düşünürsən?  
- Cavanlar indi fərqli böyüyürlər. Onların düşüncələrini heç mən özüm başa düşmürəm. Buna görə onları günahlandırmıram. Çünki dövr dəyişir. Onlar başqa cür fikirləşir və qərar verirlər. İnanmıram ki, hansısa futbolçu akademiyadan çıxsın, karyerasını eyni klubda bitirsin.

- Bildiyimə görə, oğulların da “Qarabağ” akademiyasının futbolçusudu. Onların da sənin yolunla getməsini istərdinmi?
- Bəli, iki oğlum da akademiyadadı. İstəyirəm ki, yaxşı futbolçu olsunlar. Amma indiki cavanlar fərqlidi. Sabah gəlib deyə bilər ki, futbol oynamaq istəmirəm və bitdi. Bu üzdən onları sıxmıram ki, futbolçu olun. İkisini də rahat buraxmışam. Yanlarındayam, kömək edirəm, düz yol göstərirəm. Amma həyatlarını özləri quracaqlar.

- Dönüb keçmişə baxanda “bəlkə” və ya “kaş ki” dediyin olubmu?
-Təbii ki, olub... Həmişə yaxşısını etmək istəyirdim, amma səhvlərim də olub. Səhvlərimi təhlil edirdim, həmişə çalışırdımki, təkrarlanmasın.

- Azərbaycan millisinin yeni dövrüylə bağlı  gözləntilərin nədi?
- Nəticələr yaxşı olsun. Millimiz Avropada sözünü desin, Azərbaycan Polşa, Danimarka, İsveçrə kimi millilərin arasında olsun.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
football-plus.az

2Mənbələr