AZ

Irəvanın rəsmi Bakının konstitusiya tələbinə əməl edəcəyi nə qədər realdır? — Deputatdan AÇIQLAMA

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalana bilməsi üçün konstitusiyada dəyişikliklə bağlı müzakirələr davam etməkdədir. Prezident İlham Əliyev TÜRKPA-ya üzv dövlətlərin parlament sədrləri ilə görüşü zamanı bəyan etdi ki, Ermənistan Konstitusiyası dəyişmədən heç bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Bununla da dövlət başçısı Ermənistanın siyasi elitasının qarşısına yeni tapşırıq qoydu.

Bəs, İrəvanın rəsmi Bakının bu tələbinə əməl edəcəyi nə qədər realdır?


Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun sözlərinə görə, Ermənistan konstitusiyasının preambulasında müstəqillik bəyannaməsinə istinad edilir ki, orada açıq şəkildə Azərbaycana və Türkiyəyə ərazi iddiaları ifadə olunub və Paşinyan konstitusiya ilə ziddiyyət təşkil edən bu sülh sazişini imzalamaqla zaman qazanmağa çalışır.

Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistan konstitusiya dəyişikliyinə gedərək Azərbaycana olan ərazi iddialarından əl çəkməklə sülh istəyində səmimi olduğunu göstərməlidir:

“Cənab Prezident çox aydın şəkildə vurğuladı ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmasa, heç bir sülh müqaviləsindən danışmaq mümkün olmayacaq. Biz görürük ki, Ermənistan konstitusiya dəyişikliyinə getmədən Azərbaycan ilə ülh müqaviləsi bağlamağa çox cəhdlər edir. Ermənistanı dəstəkləyən bəlli dairələr də bunu israr edirlər. Elə ABŞ da tez bir zamanda sülh sazişinin imzalanacağına ümid bəsləyir. Əslində mən hesab edirəm ki, bu Ermənistanı qorumaq cəhdləri kimi nəzərdən keçirilə bilər. Əgər həqiqətən sülh istənilirsə və bir daha Cənubi Qafqaz regionunda münaqişənin olmasını istəmirlərsə onda hesab edirəm ki, Ermənistan çox rahat bir şəkildə konstitusiya dəyişikliyinə gedə bilərdi və Azərbaycana olan ərazi iddilarından əl çəkdiyini əyani şəkildə sübut edə bilərdi. Belə olan halda sözsüz ki, sülh müqaviləsi tez bir zamanda imzalana bilər. Onsuz da bəlli bir yol keçilib. Sülh müqaviləsinin mətninin üzərində qarşılıqlı şəkildə işlər aparılıb. Mətn mübadiləsi həyata keçirilib. Artıq sərhədlərin delimitasiyası və demarkasiyası təcrübəsi mövcuddur. Amma Ermənistan gələcəkdə yenidən Azərbaycana qarşı çıxmaq üçün hesab edirəm ki, əlində müəyyən alətlər saxlamağa çalışır. Bu istiqamətdə Qərb də ona kömək edir. Ermənistan kontitusiyasının 116-cı maddəsinin 3-cü bəndində göstərilir ki, beynəlxalq müqavilə ölkə konstitusiyası ilə ziddiyyət təşkil edə bilməz. Ziddiyyət təşkil edəcəyi halda o beynəlxalq sənəd və ya müqavilə radifikasiya oluna bilməz. 

Biz bu gün Ermənistanla sülh sazişi imzalasaq bu Ermənistanın konstitusiyası ilə ziddiyyət təşkil edəcək. Çünki Ermənistan konstitusiyasının preambulasında müstəqillik bəyannaməsinə istinad edilir. Orada isə açıq şəkildə Azərbaycana və Türkiyəyə ərazi iddiaları ifadə olunubdur və Paşinyan bugün sülh sazışı imzalamaqla zaman qazanmağa çalışır, eyni zamanda düşünür ki, onsuz da bu sülh sazişinin hüquqi əsası olmayacaq çünki, konstitusiya ilə ziddiyyət təşkil edir. Amma digər məsələ də var, hansı ki, beynəlxalq müqavilələrin hüququ haqqında Vyana Konvensiyasının 27-ci maddəsində göstərilir ki, dövlətlər və yaxud beynəlxalq müqavilənin tərəfləri daxili qanunvericiliyi əsas götürərək beynəlxalq müqavilənin şərtlərini yerinə yetirməkdən imtina edə bilməzlər. Yəni göründüyü kimi Vyana Konvensiyası ilə Ermənistan konstitusiyası arasında da ziddiyyət yaranır bu da bütövlükdə vəziyyətdə qeyri-müəyyənliyi şərtləndirəcəkdir. Ona görə də Azərbaycan Prezidenti Cənab İlham Əliyev hər zaman olduğu kimi haqlı olaraq Ermənistanı konstitusiya dəyişikliyinə çağırır”. 

Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
demokrat.az

1Mənbələr