AZ

Ange Mutsinzi “Zirə”də - Rəsmi

Futbol üzrə Ruanda yığmasının və Norveçin “Jerv” klubunun mərkəz müdafiəçisi Ange Mutsinzi bundan sonra “Zirə”də forma geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Zirə” bu gün yeni futbolçu ilə anlaşıb. Belə ki, Ruandadan olan müdafiəçi Ange Mutsinzi ilə 3 illik müqavilə imzalanıb.

26 yaşlı futbolçu 2023-cü ilin fevral ayından “Jerv”də forma geyinirdi. O, Norveç klubunun heyətində 45 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mutsinzi karyerası ərzində ölkəsinin “Muhanqa”, “Rayon Sports”, APR, Portuqaliyanın “Trofense” klublarında da çıxış edib. Ruanda millisinin də şərəfini qoruyan futbolçu millidə 22 matça çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

“Zirə” daha öncə Fuad Bayramov (“Şamaxı”), Aydın Bayramov (“Turan Tovuz”), Elçin Əlicanov (“Kəpəz”), Rüstəm Əhmədzadə (“Qarabağ”, icarə), İsmayıl İbrahimli (“Qarabağ”, icarə), Davit Volkov (“Sabah”) və Martins Juniorun (“Kəpəz”) da keçidini həll etmişdi. Qismət Alıyev və Anar Nəzirovla yeni müqavilə bağlayan paytaxt klubu Vladislav Kulaç, İlkin Muradov, Sezar Meza Kolli, Dimitrios Çantakias və Rəhim Sadıxovla da yollarını ayırıb.

Xatırladaq ki, “Zirə” bu yay Azərbaycanı Avropa Liqasında təmsil edəcək. Rəşad Sadıqovun çalışdırdığı kollektivi startda Moldova “Şerif”i ilə oyunlar gözləyir. Bu rəqiblə ilk oyun iyulun 11-də səfərdə (Bakı vaxtı ilə saat 21:00), cavab görüşü isə ayın 18-də Bakıda (saat 20:00) baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
arena.az

1Mənbələr