AZ

“Avro-5” istehsalı 95 benzini ucuzlaşdırdı- ekoloji fəsadlar da azalacaq...

Image

Məlum olduğu kimi, Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib. Belə ki, “Avro-5” ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib.

Bunlar fonunda diqqət cəlb edən mühüm məqamlardan biri də məhz ekoloji tələblər nəzərə alınaraq ölkədə “Avro-5” ekoloji standartına uyğun yanacaq istehsalına başlanılmasıdır. Qeyd edək ki,   “Avro-5” standartlı yanacağın istifadəsi avtomobilin işlənmiş qazının tüstüsünü azaldır və ətraf mühitə tullantıları azaldır, mühərrikdə korroziya ehtimalı aşağı düşür, yanacaq istehlakını azaldır. Xüsusən də Aİ-95 markalı avtomobil benzininin istehsalı bu sahədə mühüm addım hesab olunur. SOCAR-ın mlumatına əsasən, qurumun emal kompleksində istehsal olunan məhsulları “Avro-5” standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. Layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Görülmüş işlər nəticəsində neft emalı zavodunda istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq “Avro-5” standartlarına çatdırılıb. Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcək. “Avro-5” keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyunkturasına uyğun olaraq 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub. Qiyməti artan Aİ-92 markalı avtomobil benzinin keyfiyyəti də xeyli yaxşılaşıb. Bu, ekoloji zərərlərin azaldılması ilə yanaşı,  avtomobillərin uzun ömürül olmasına da səbəb olacaq. Dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Statistika göstərir ki, Azərbaycana benzin mühərrikli avtomobillərin idxalı azalsa da, dizel mühərrikli avtomobillərin sayı artır. Dizel mühərrikli avtomobillərin havanı daha çox çirkləndirdiyini nəzərə alaraq, onların istifadəsinin azaldılması təşviq olunmalıdır. Araşdırmalar da göstərir ki, ətraf mühitin çirklənməsinin böyük bir hissəsini avtomobillərdən müasir standartlara uyğun olmayan yanacaqlardan istifadə nəticəsində ayrılan zəhərli qazlar təşkil edir. Havanın çirklənməsi ilə bağlı dünya ölkələrində əsas hədəf elektromobillərə keçidi sürətləndirməkdir.  Tarif Şurasının Katibliyi də diqqəti ona yönəldir ki, əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha böyük ekoloji zərəri nəzərə alınaraq istehlakının azaldılması üçün tədbirlər görülür. Bu məqsədlə bir çox ölkələrdə dizelin qiyməti elə tənzimlənir ki, benzinin qiymətindən baha olsun. Aİ-da benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatı 2035-ci ildən mümkün olmayacaq.   Artıq qlobal səviyyədə böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçib.  Nəqliyyat emissiyalarının ətraf mühitə mənfi təsirinin azaldılması üçün yanacağın da keyfiyyətinin artırılmasına zərurət var. Bu baxımdan “Avro-5” müasir standartlara uyğun hesab edilir.

Onu da qeyd edək  ki, bu gün ölkədə avtoparkın hələ də yarıya qədəri Sovet və Rusiya istehsallı avtomobillərdir. Bu avtoparka uyğun gələn benzin isə Aİ-92-dir. Amma artıq avtomobil istehsalçıları “Avro-6” standartına keçiblər. Azərbaycanda isə 2014-cü ildən “Avro-4” standartlı avtomobillərin idxalı və istehsalına tələblər qoyulub. Belə olan halda, bu gün yaşı 10-15 il, hətta daha artıq olan avtomobillər ən azı “Avro-4” ekoloji standartlarına uyğun yanacaq işlətməlidir. Burada söhbət oktan ədədindən yox, yanacağa və avtomobilin mühərrikinə olan tələbdən gedir. Çünki “Avro-4” ekoloji standartlarına uyğun avtomobillərin mühərrik sistemləri təkmilləşdirilərək xüsusi qurğularla təmin edilir ki, həmin standartlara cavab verməyən benzindən istifadə olunan təqdirdə müəyyən problemlər yarana bilir. Yəni məsələnin tam həlli “Avro” standartlı benzin istifadəsi ilə bağlıdır. “Avro” ekoloji standartı həm avtomobilin mühərrikinə, həm də yanacağa olan tələbdir. Bu iki komponent bir-birini tamamlamalıdır. Elə bu səbəbdən ölkəmizdə artıq “Avro-5” standartlarına uyğun benzin istehsalına başlanıb. Digər tərəfdən, Azərbaycan idxal etdiyi premium markalı benzinin bir hissəsini Avropa ölkələrindən, xüsusən də Rumıniyadan idxal edir. Dünya bazarlarında qiymətlərdən asılı olaraq, idxal benzininin dəyəri də dəyişir. Eyni zamanda bu hal ölkədən valyuta axınını sürətləndirir. Amma artıq yerli istehsal bunun qarşısını alacaq. Özü də Azərbaycanda az yanacaq istehlak olunmur. Belə ki, cari ilin yanvar-may aylarında Azərbaycanda yanacaq istehlakçıları 1 milyard 251,7 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar. 2023-cü ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 6,1 faiz artıb. Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,8 faiz gəlir əldə edilib. Bütün bunlar bir daha təsdiq edir ki, ölkə daxilində yüksək standartlara uyğun yanacaq istehsalına başlanılması ölkə iqtisadiyyatı üçün də çox önəmliidr. Əsas məqam budur ki, qiymət dəyişikliyi yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. 

Yanacağın keyfiyyətinin yüksəldilməsi nəqliyyat vasitələrinin təmirinə çəkilən xərcləri azaldacaq. Rəsmi qurumlar qeyd edir ki, psixoloji təzyiq səbəbindən yanacağın qiymət artımının ilkin vaxtlarda qiymətlərin yüksəlməsinə təkan verəcəyi ehtimalı nəzərə alınaraq, tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək. Bu da süni qiymət artımlarını əngəlləyəcək. 

Ramil QULİYEV





Seçilən
129
3
baki-xeber.com

4Mənbələr