AZ

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

İqlim

Bakı, 1 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq çərçivəsində “İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri” mövzusunda vebinar keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vebinar iqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri, habelə BƏT-in fundamental konvensiyalarının üzv ölkələrdə əməyin mühafizəsi işində əhəmiyyəti barədə maarifləndirmə məqsədi daşıyıb.

Onlayn tədbirdə ölkəmizin ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə sahəsində mühüm töhfələr verdiyi, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi vurğulanıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il ölkəmizdə keçiriləcəyi qeyd edilib.

Azərbaycanda layiqli əməyin təminatı, o cümlədən işçilərin sağlamlığının mühafizəsinin əsas prioritetlərdən olduğu vurğulanıb. BƏT-in fundamental konvensiyalarının üzv ölkələrdə əməyin mühafizəsi işində əhəmiyyətindən bəhs olunub. Həmin konvensiyalar, əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı milli qanunvericilikdə nəzərdə tutulan standartlar, norma və qaydalar, qanunvericilikdəki son dəyişikliklər diqqətə çatdırılıb.

Həmçinin iqlim dəyişikliyi fonunda əməyin mühafizəsi şəraitinin təmin edilməsi qaydaları barədə məlumat verilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində işəgötürənlərə dəstək məqsədi daşıyan fəaliyyətindən bəhs olunub.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, sosial tərəfdaşların nümayəndələri daxil olmaqla ümumilikdə 30-dan çox qurumun nümayəndələri, BƏT-in mütəxəssisləri iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
azertag.az

2Mənbələr