AZ

100 yaşlı muxtariyyətin prokurorluq orqanları

Naxçıvan Muxtar Respublikası – 100

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 30 dekabr 2023-cü il tarixdə imzalanmış “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamda qeyd edilir ki, Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır.

Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsinin formalaşdığı Naxçıvan həm də qədim dövlətçilik ənənələrinə malik olmuşdur. Bu ənənələr içərisində qədim diyarın özünəməxsus məhkəmə və cinayət-mühakimə sistemi hələ müstəqil xanlıq olduğu dövrdən formalaşmağa başlamışdır. XVIII əsrin ortasında müstəqil Naxçıvan xanlığı yarandıqdan sonra onun başçısı olan xan qeyri-məhdud hərbi və mülki hakimiyyətə malik idi. Xan məhkəmə işlərinə, əsasən də cinayət və böyük həcmli iddialarla müşayiət edilən mülki işlərə şəxsən baxaraq cinayət proseslərində həm hakim, həm də ittihamçı rolunda çıxış edirdi.

1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının Rusiya imperiyası tərəfindən işğal edilməsi nəticəsində bütövlükdə Quzey Azərbaycanın Rusiyaya ilhaqı ilə başa çatdı. İşğal olunmuş Azərbaycanda bir müddət xanlıq üsul-idarəsi saxlanılmış, daha sonra isə komendant üsul-idarəsindən istifadə edilərək, bütün hərbi səlahiyyətlər Rusiya imperiyası tərəfindən təyin olunmuş rus hərbi komendantın əlində cəmləşmiş,  Xana isə yalnız mülki məsələlərin həlli tapşırılmışdı. Cinayət işlərinin istintaqı hərbi komendantın müvəkkil etdiyi şəxs tərəfindən aparılır, işə isə birbaşa hərbi rəhbər nəzarət və rəhbərlik edirdi. Cinayət işlərinin istintaqı qısa aparılırdı və belə proseslər ciddi qanun pozuntuları və hüquqların kütləvi surətdə pozulması ilə müşayiət olunurdu. Belə proseslər zamanı əsas rəhbər sənəd isə Rusiya imperiyasının cinayət qanunvericiliyi idi.

Tarixi ədəbiyyatda qeyd olunur ki, 1840-cı ildə Rusiya çarı I Nikolay “Zaqafqaziya diyarının idarə edilməsinin təsis olunması haqqında” Qanun layihəsini təsdiq etdikdən sonra bu sahədə islahatların həyata keçirilməsinə başlanıldı. 1840-cı ildə inzibati-məhkəmə islahatına görə bütün Zaqafqaziya quberniyalarında mülki və cinayət işləri üzrə məhkəmə palatası, həmçinin buna uyğun olaraq prokurorluq hissəsi yaradıldı. Qəza polis idarələri və məhkəmə orqanlarının icraatında olan işlərə nəzarət etmək üçün Qəza prokuroru təsis olundu. Qəza prokuroru Quberniya prokurorunun təqdimatı ilə Qafqazın baş hakimi-canişini tərəfindən vəzifəyə təyin və azad edilirdi.

1849-cu ildə yaradılaraq Zaqafqaziyanın vahid siyasi idarəçiliyinin tərkib hissəsinə çevrilən İrəvan quberniyasına Naxçıvan, Ordubad və Şərur-Dərələyəz qəzaları daxil idi. 1864-cü ildə təsdiq edilmiş Nizamnamə ilə Rusiya imperiyası ərazisində mövcud olan məhkəmə institutlarının statusunda, instansiyasında əsaslı dəyişikliklər edildi. Azərbaycanda isə bu Nizamnamənin tələbləri Qafqaz canişininin 1865-ci ildə təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanan və çar tərəfindən 1866-cı ildə təsdiq edilən Əsasnamə ilə həyata keçirilirdi.

1869-cu ildə həyata keçirilən məhkəmə islahatlarına əsasən Naxçıvanda mirovoy (barışıq) məhkəməsi təsis edilir. Məhkəmələrə rəhbərlik edən hakimlər Qafqaz canişini tərəfindən təyin olunurdu. Məhkəmələrin tərkibində müvafiq olaraq prokuror nəzarəti və ayrıca istintaq hissəsi mövcud idi. Prokuror nəzarəti prokurora və onun yoldaşlarına həvalə edilmişdi. Onlar məhkəmələrdə hakimiyyətin maraqlarının müdafiəçisi kimi çıxış edirdilər. Cənubi Qafqazda məhkəmələrin və hakimlərin fəaliyyətinə xüsusi nəzarət Qafqaz canişinin  əlində cəmləşməklə ona Ədliyyə Nazirliyinin səlahiyyəti verilmişdi.

1917-ci ildə Rusiyada çarizm devrildikdən sonra imperiyanın hər yerində olduğu kimi, müstəmləkə altına alınmış xalqlar arasında da milli azadlıq hərəkatları genişlənirdi. 28 may 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti elan edildi.

18 noyabr 1918-ci ildən 10 mart 1919-cu ilədək Naxçıvanda  fəaliyyət göstərən Araz-Türk Respublikasının, daha sonra isə Azərbaycan Demokratik Respublikasının xüsusi General-qubernatorluğunun fəaliyyətinin öyrənilməsi həmin dövrə aid sənədlərin yoxluğu və ya sovetlər tərəfindən yandırılması nəticəsində mümkün olmamışdır.

Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində ilk milli prokurorluq orqanları yaradıldı.

Azərbaycan sovetləşəndən sonra Azərbaycan SSR İnqilab Komitəsinin Dekreti və Azərbaycan SSR Xalq Əədliyyə Komissarlığının əmri ilə köhnə məhkəmələr, onların yanında fəaliyyət göstərən prokurorlar və məhkəmə müstəntiqləri ləğv edilərək, əvəzində xalq məhkəmələri və istintaq komissiyaları yaradıldı.

Naxçıvanda isə 1920-ci illərin əvvəllərində Naxçıvan İnqilab Komitəsinin nəzdində Fövqəladə İstintaq Komissiyası (FİK) yaradıldı. FİK-nın ən böyük vəzifəsi daxildə sovet hakimiyyətinə qarşı çıxanlarla-əksinqilabçılarla mübarizə aparmaq, sovet dövlətinin və hakimiyyətin dayaqlarını siyasi, iqtisadi və hərbi üsullarla zəiflətmək istəyənlərə qarşı ciddi tədbirlərin görülməsi idi.

Naxçıvan İnqilab Komitəsinin 13 dekabr 1920-ci il tarixli qərarı ilə Naxçıvanda köhnə məhkəmə sistemi ləğv edilir, Naxçıvan SSR-in hər üç qəzasında (Naxçıvan, Şərur-Dərələyəz, Ordubad qəzalarında) Naxçıvan İnqilab Komitəsinin qərarına uyğun olaraq məhkəmələrdə ittiham və müdafiə funksiyalarının həyata keçirilməsi və mülki işlər üzrə dövləti təmsil etmək məqsədilə Qəza İnqilab Komitələrinin yanında ittihamçılar kollegiyası təşkil edilir. Bu kollegiyanın fəaliyyətinin əsasını isə Azərbaycan SSR İnqalab Komitəsinin Dekreti, Naxçıvan Sovet Respublikası İnqilab Komitəsinin qərarı və Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının təlimatı təşkil edirdi. İttihamçılar kollegiyası cinayətlərin istintaqı zamanı mövcud qanunlara əməl edilməsinə nəzarəti həyata keçirir, cinayət işləri üzrə məhkəmələrdə ittihamı müdafiə edir və məhkəmələrin qeyri-qanuni və əsassız hökmlərindən kassasiya protesti verirdi. Beləliklə, müstəqil dövlət orqanı olmayan ittihamçılar kollegiyasının funksiyası cinayət işləri üzrə məhkəmə icraatı sahəsi ilə məhdudlaşırdı.

Azərbaycan SSR-in “Azərbaycan Sovet Sosialist Respublikası Dövlət Prokurorluğu haqqında” Dekretinin qəbulu ilə “Məhkəmə quruculuğu haqqında” Əsasnaməyə dəyişiklik edilməklə dövlət prokurorluğu institutu yaradıldı. Dekretə əsasən yeni təşkil edilmiş prokurorluq təşkilati cəhətdən müstəqil dövlət orqanı deyildi və Xalq Ədliyyə Komissarlığının tərkibinə şöbə kimi daxil idi.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əsası Naxçıvan Diyar Xalq Komissarları Sovetinin 1922-ci il 5 sentyabr tarixli Dekreti ilə qoyulmuşdur. Elə həmin ildə Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının əmrinə əsasən Naxçıvan SSR Xalq Ədliyyə Komissarlığının strukturu təsdiq edilir. Beləliklə də, Xalq Ədliyyə Komissarlığında müvafiq şöbələrdən biri də dövlət prokurorluğu olur.

Naxçıvan Prokurorluğuna Dekretlə müəyyən olunmuş qaydada qanunçuluğa dürüst əməl etmək, istintaq və təhqiqata nəzarət etmək, məhkəmədə dövlət ittihamını müdafiə etmək və sair səlahiyyətlər verilmişdi.

Naxçıvan SSR Xalq Ədliyyə Komissarı həm də dövlət prokuroru vəzifəsini icra edirdi. Müvafiq dövlət prokurorluğu şöbəsində isə müxtəlif sahələrə nəzarəti həyata keçirən şöbə prokurorları mövcud idi. Qəzalarda isə dövlət prokurorları Qəza İcraiyyə Komitələri Ədliyyə şöbələrinin rəisləri idi. Onlar ikili tabelikdə olmaqla həm Qəza İcraiyyə Komitəsinə, həm də Naxçıvan SSR Xalq Ədliyyə Komissarlığına tabe idilər.

Naxçıvan SSR-in prokuroru (qeyd edək ki, Naxçıvan SSR-in Dövlət prokuroru rəsmən Naxçıvan Cümhuriyyət Prokuroru adlanırdı) Naxçıvan SSR Mərkəzi İcraiyyə Komitəsi qarşısında hesabat verirdi və ona tabe idi. Dövlət prokuroru və Xalq Ədliyyə Komissarı Naxçıvan SSR MİK tərəfindən vəzifəyə təyin edilirdi. Naxçıvandakı istintaq və təhqiqat orqanları ikili tabeçilikdə-inzibati cəhətdən məhkəmə, əməliyyat-prosessual cəhətdən isə prokurorluğa tabe idilər.

Naxçıvan MSSR-in ali qanunvericilik aktları olan 18 aprel 1924-cü il tarixli Əsasnaməyə və 1926-cı il Konstitusiyasına prokurorluq haqqında heç bir müddəa daxil edilməmişdir. Naxçıvan MSSR-də dövlət prokurorluğu 1936-cı ilədək Naxçıvan MSSR Xalq Ədliyyə Komissarlığının nəzdində fəaliyyət göstərmişdir. 1936-cı ildə müstəqil Naxçıvan MSSR-in prokurorluğu yaradılmışdır ki, bu da öz növbəsində Naxçıvan MSSR-in inzibati ərazisində təşkil edilən rayon və rayonlararası prokurorluqların işinə nəzarəti həyata keçirirdi.   

Naxçıvan MSSR-də prokurorluğun müstəqil institut kimi təşəkkül tapması muxtar respublikanın 1936-cı ildə qəbul edilmiş Konstitusiyasında öz əksini tapmasıdır. Bu Konstitusiyanın xüsusi olaraq VII fəsli məhkəmə və prokurorluğa həsr edilmişdir. Konstitusiyada göstərilir ki, Naxçıvan MSSR-in prokuroru SSRİ-in Baş prokuroru tərəfindən 5 il müddətinə vəzifəyə təyin edilir. Naxçıvan MSSR-in rayon, şəhər prokurorları Azərbaycan SSR-in prokuroru tərəfindən, SSRİ Baş prokurorunun razılığı (təsdiqi) ilə 5 il müddətinə vəzifəyə təyin edilirdi.

Naxçıvan MSSR-in 1978-ci il tarixli Konstitusiyasında da prokurorluğun fəaliyyəti ilə bağlı xüsusi-16-cı fəsil (155-158 maddələr) nəzərdə tutulmuşdur. Konstitusiyanın 155-ci madəsində qeyd edilir ki, Naxçıvan MSSR ərazisində bütün nazirliklər, dövlət komitələri, müəssisə, idarə və təşkilatlar, yerli xalq deputatları sovetlərinin icra və sərəncam orqanları, kolxozlar, kooperativ təşkilatları və digər ictimai təşkilatlar, vəzifələ şəxslər, habelə vətəndaşlar tərəfindən qanunların dürüst və eyni qaydada icra olunmasına ali nəzarət SSRİ Baş prokuroru, ona tabe olan Azərbaycan SSR prokuroru, Naxçıvan MSSR prokuroru və aşağı prokurorlar tərəfindən həyta keçirilirdi. O zaman Naxçıvanda 8 tabe rayon prokurorluğu fəaliyyət göstərirdi.

Prokurorluqlar

Yaranma tarixi

1.

Naxçıvan Muxtar Respublikası  Prokurorluğu

          05.09.1922

2.

Şərur rayon prokurorluğu   (Noraşen ray. 1930-1964,  İliç ray. 1964-1991)

           1930-cu il

3.

Culfa rayon prokurorluğu   (Əbrəqunus ray.1930-1948)

           1930-cu il

4.

Ordubad rayon prokurorluğu

           1930-cu il

5.

Şahbuz rayon prokurorluğu

           1930-cu il

6.

Naxçıvan şəhər prokurorluğu     

           1978-ci il

7.

Babək rayon prokurorluğu

           1978-ci il

8.

Sədərək rayon prokurorluğu

           1990-cı il

9.

Kəngərli rayon prokurorluğu 

           2004-cü il

Naxçıvan Muxtar Respublikası Prokurorluğu hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olmuş, bu qurumun inkişafı üçün bütün vasitələrdən istidafə etmişdir. 12 mart 1974-cü ildə Naxçıvan Vilayət Partiya Komitəsinin XXX Konfransında Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev çıxış edərək hüquq-mühafizə orqanlarının fəaliyyətində olan nöqsanları ciddi şəkildə tənqid etmişdi. Bildirmişdi ki, “Naxçıvan Muxtar Respublikası inzibati orqanlarının fəaliyyətində nöqsanalar çoxdur. Üç il ərzində törədilən cinayətlərin sayında çox da dəyişikliklər olmamışdır. Lakin bu, əsas göstərici deyildir və Naxçıvan MSSR prokuroru, daxili işlər naziri, ədliyyə naziri və Ali Məhkəmənin sədri elə zənn etməsinlər ki, onların  işinin nəticəsi bununla müəyyən edilir.”

Görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvanda yaşayıb-işlədiyi dövrlərdə bir sıra tarixi və taleyüklü qərarlar qəbul edildi. 1990-cı il 17 noyabr tarixində Onun sədrliyi ilə on ikinci çağırış Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası “Naxçıvan MSSR-in adının dəyişdirilməsi”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanları haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi  qərarlar qəbul etdi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 21 noyabr 1990-cı ildə isə Ümummilli Liderin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul olundu. 14 mart 1991-ci ildə “SSRİ-nin saxlanılmasına dair Ümumittifaq referendumu”nda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi barədə qərar qəbul edildi. Naxçıvan MSSR Prokurorluğu 1990-cı il 17 noyabr tarixdən etibarən Naxçıvan Muxtar Respublikası Prokurorluğu adlandırıldı.

Ölkəmizdə prokurorluq orqanlarının dövlətçilik maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən sivil və demokratik orqan kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli siyasət xadiminin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra ölkədə, sözün əsl mənasında, hüquqi dövlət quruculuğuna, məhkəmə-hüquq islahatlarına başlanıldı. Məhz Ulu Öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında prokurorluğa ayrıca müddəa həsr olunması prokurorluq və onun dövlət orqanları sistemindəki yeri və rolu barədə olan bütün mübahisələrə son qoydu. Azərbaycan Respublikası Konstitusiyanın 133-cü, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 46-cı maddəsində prokurorluğa ayrıca müddəanın həsr edilməklə, bu mühüm dövlət təsisatının məhkəmə hakimiyyəti sistemində müstəqil orqan kimi müəyyən edilməsi prokurorluq orqanlarına göstərilən diqqət və qayğının bariz nümunəsi olmuşdur.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun fəaliyyəti “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsi ilə tənzimlənir. Kadrlarla aparılan işin daha da təkmilləşdirilməsi və tabe prokurorluqların müstəqilliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorunun 24 may 2002-ci il tarixli əmri ilə Naxçıvan Muxtar Respublikasının prokuroruna mühüm səlahiyyətlər verilmişdir. Naxçıvan Muxtar Respublikası Prokurorluğunda məşvərətçi orqan olan və Naxçıvan Muxtar Respublikasının prokurorunun rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollegiyası yaradılmışdır.

“Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunun təsdiq edilməsi və “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Sərəncamının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2020-ci il tarixli Sərəncamının icrası məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda struktur islahatları həyata keçirilərək yeni idarələr yaradılmış, mövcud idarə və şöbələr yenidən formalaşdırılmış, kadr dəyişiklikləri həyata keçirilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun sisteminə uyğun olaraq prokurorluqlarda aparılan islahatların Baş Prokurorluğun strukturuna uyğunlaşdırıması zərurəti yaranmışdır. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatının strukturunun Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturuna uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun 6 avqust 2020-ci il tarixli əmri ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatının yeni strukturu təsdiq edilmişdir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun fəaliyyəti də Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyaları, eləcə də digər qanunvericilik aktları ilə tənzimlənir. Muxtar respublika prokurorluğunun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri isə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 46-cı maddəsində təsbit edilmiş, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli Konstitusiya Qanununa əsasən, Naxçıvan Muxtar Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Məhkəmə-hüquq islahatları çərçivəsində qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilərək Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarında kadrlarla aparılan işin daha da təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, istintaq və təhqiqat, eləcə də cinayət mühakimə icraatı zamanı dövlət ittihamının müdafiəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokurorluğuna mühüm səlahiyyətlər verilmişdir.

Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları da həmişə öz üzərində yüksək dövlət qayğısını hiss etmiş, ötən dövrdə muxtar respublika prokurorluğunun, eləcə də rayon, şəhər prokurorluqlarının normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmış, 2006-cı ildə Şahbuz və Culfa rayon prokurorluqları üçün müasir standartlara cavab verən yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir. Muxtar respublikanın sosial-iqtisadi və demokratik inkişafına uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün yeni mərhələnin başlanğıcını qoymuş, Ordubad, Kəngərli və Sədərək rayon prokurorluqları üçün yeni inzibati binalar tikilmiş, Şərur rayon prokurorluğunun inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Prokurorluğu mərkəzi aparatının inzibati binası əsaslı yenidənqurmadan sonra müasir texniki vasitə və kriminalistik avadanlıqlarla təmin edilərək istifadəyə verilmişdir. Prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Naxçıvan şəhər və Babək rayon prokurorluqları üçün də yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir.

Yüksək dövlət qayğısını daim öz üzərlərində hiss edən prokurorluq orqanlarının əməkdaşları bundan sonra da qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsində səylə çalışacaqlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də dediyi kimi: “Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olaraq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir”.

Faiq Səfərov,
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi,
baş ədliyyə müşaviri,
Prokurorluğun fəxri işçisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
ikisahil.az

1Mənbələr