AZ

Dəyişək, inkişaf edək - KÖŞƏ

Başa çatmaqda olan həftədə ölkənin adlı-sanlı klublarından sayılan “Sabah”la “Neftçi” klub loqolarında dəyişiklik etməklə diqqəti öz üzərlərinə çəkdi.

Əslində “Sabah”ın loqosunda o qədər də fərqli dəyişiklik olmadı. Yəni köhnə ilə yeni loqonu müqayisə etdikdə, sadəcə, klubun rəmzi olan bayquşun topu əvəz etməsi və Masazır gölünü əks etdirən çəhrayı rəngin tündləşdirilməsidi. Ancaq diqqətlicə düşünülmüş və əlavə edilən bu xırda detallar loqoya daha da canlılıq gətirdi. “Neftçi”yə gəlincə, loqo daha minimalist və sadə üslubda dizayn olunub. Doğrusu, burda fikirlər fərqli olsa da, yeni loqonun uğurlu alındığını hesab edirəm. Ümid edirəm ki, yeni loqo hər iki kluba uğur gətirər. Keçim əsas məsəsləyə, yəni klubların dəyişməsinə.

Ümumiyyətlə, düşünürəm ki, müntəzəm dəyişikliklər olmalıdı. Çünki yenilik yeni qan, yeni nəfəs deməkdi. Ancaq bu yeniliyi təkcə loqoya aid etmək klubun əzəmətinə kölgə salmaq deməkdi. Hazırda “Neftçi” ilə “Sabah” maliyyə baxımından ölkənin ən yaxşı üç klubundan ikisidi. Deməli, onları qalan klublardan fərqləndirən daha önəmli bir məqam istənilən keyfiyyətdə, istədikləri futbolçunu və ya çalışdırıcını komandaya cəlb etmək və ya müqavilə müddəti bitməyən oyunçunu lazımi təzminat ödəməklə göndərmək imkanıdı. Bu mövzuda xırdaçılığa getməyəcəm. Real həyatda da çox şeyi həll etdiyi kimi, futbolda da belədi. Hər iki komanda ötən mövsüm oxşar hadisələrlə yadda qaldı. Hər biri başa çatan mövsüm ərzində iki məşqçi dəyişikliyinə getdi. Ki, bu mövzuda “Sabah” rəqiblərinə “ustad dərsi keçdi”. “Neftçi” Adrian Mutu ilə yolları ayırıb, zəngin məşqçi təcrübəsi olan Miodraq Bojoviçi rəhbər posta gətirməklə necə bir yanlış addım atmış olduqlarının fərqinə vardılar ki, növbəti baş məşqçiləri Roman Qriqorçuku görüntü üçün yox, işinə bələd olub, araşdırıb rəhbər posta təyin etdilər. Şahmat təbirincə desək, bu seçimlə “Neftçi” bəlkə də “stokfiş”in göstərdiyi ən doğru gedişi tapdı. Qriqorçukun təyinatına, demək olar ki, bütün “ağ-qaralar” sevindi.

Gecikmiş təyinat üzündən son mövsümü əldən verən klub növbəti “futbol ili” üçün hazırlığı davam etdirəcək. “Sabah” isə mövsüm boyunca “Neftçi” ilə eyni, yəni gözləntilərin çox-çox aşağısında çıxış etməsinə baxmayaraq, vaxtında etdiyi baş məşqçi seçimi ilə vəziyyəti düzəltdi. Elə bunun nəticəsində də Renduliçin “Sabah”ı sonuncu turda “Neftçi” üzərində əzmkar qələbə qazanıb, Konfrans Liqasına vəsiqəni təmin etdi. Hər işdə bir xeyir olduğu kimi, bu məğlubiyyət sayəsində də “Neftçi” Bojoviçdən yaxasını qurtardı. Bundan sonra bütün addımlar yüz ölçülüb, bir biçilməlidi. Bu təkcə, “Neftçi” və ya “Sabah”a yox, bütün komandalara aiddi. Hazırda yay fasiləsindən istifadə edən bütün komandalarımız növəti mövsüm üçün hazırlıq planları qurur. Fasilə zamanı baş verən dəyişikliklərdən ən yadda qalanı, heç şübhəsiz, Kurban Berdıyevin “Turan Tovuz”da Ayxan Abbasovu əvəzləməsi oldu. Abbasovun komandadan ayrılması nisbətən üzücü olsa da, Berdıyev kimi təcrübəli mütəxəssisin ölkə futbolumuza rəng qatacağı bizə gələcəyə nikbin baxmağa imkan yaradır. Qarşıdakı mövsümdə elitada mübarizə aparacaq “Şamaxı” da heyətdə ciddi dəyişikliklər edərək, yalnız yerli futbolçularla irəliləmək prinsiplərindən kənara çıxıb, əcnəbiləri cəlb etməklə iddialı komanda formalaşdırır.

Tovuz təmsilçisindən ayrılan Abbasovun işsizliyini fürsətə keçirən “şirlər” onu baş məşqçi postuna gətirərək premyer-liqadakı mübarizənin daha iddialı keçməsinə zəmin yaratdı. Əslində Abbasov “Turan Tovuz”da heç də pis nəticəylə yadda qalmadı. Əksinə, klubu iddialılar sırasına qoşdu. Ancaq dediyim kimi, yeni ruh, yeni qan, yeni hədəflər müəyyən addımların atılmasına kömək edir. Düşünmürəm ki, hansısa dəyişikliklər etmək üçün mütləq işlər pis getməlidi. Heç də belə deyil. Fürsət yarandığı halda, daha yaxşı hədəflərə nail ola bilmək varsa, niyə də olmasın?! Yeri gəlmişkən, “Qarabağ”ı unutmadım. Çünki illərdi oranın idarəçiliyində heç bir yenilik olmasa da, komanda uğurları sıralayır. Bunun, sadəcə, bir izahı var ki, iş peşəkarlara tapşırılıb. Atalar yaxşı deyib: “Çörəyi ver çörəkçiyə, birini də artıq”. İstəyim yerdə qalan komandaları aşağılamaq deyil. Ancaq “Qarabağ”ın bu gün Azərbaycan çempionatı üçün çox üst səviyyə komanda olduğu aşkardı.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
football-plus.az

1Mənbələr