AZ

Ermənistanda Səid Cəlilinin İran prezidenti seçilməsini daha çox istəyirlər...

Image

Abutalıb Səmədov: “İran siyasətinin əsas istiqamətinin müəyyən olunmasında ali dini rəhbərin rolu hədsiz çoxdur”

İranda 5 iyulda baş tutacaq prezident seçkilərinin ikinci turu ilə bağlı Ermənistanda qorxu yaranıb. Azərbaycanlı namizəd Məsud Pezeşkianın birinci turun lideri olması erməni ekspertləri məyus edib.

İranşünas Vardan Voskanyan bildirib ki, İranda heç bir prezident Tehran-İrəvan münasibətlərini köklü şəkildə dəyişmək səlahiyyətinə malik deyil, çünki dövlətin siyasətini ali dini lider müəyyən edir. Buna baxmayaraq, o, Ermənistan üçün Səid Cəlilinin prezident seçilməsinin “daha münasib” olduğunu vurğulayıb.

Ermənistanın bu narahatlığı nə dərəcədə əsaslı sayıla bilər?

Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İranda keçirilən prezident seçkilərinin birinci turunda özünü qürurla türk elan edən bir şəxsin qalib gəlməsi həm ermənilər, həm İranın özü, həm də dünya üçün gözlənilməz oldu: “Əsas favorit Səid Cəlili hesab olunurdu. Güman edilirdi ki, ilk turun qalibi də o olacaq. Ancaq gözlənilən olmadı. Pezeşkianın prezident seçilmək şansı varmı? Təbii ki, var, ancaq o qədər də yüksək deyil. Çünki seçkilərə qatılan dörd namizədin üçü təqribən eyni mövqedə olan insanlardı. Onların birləşəcəyi şübhə doğurmur. Bu halda Pezeşkianın qalib gəlmə şansı çox az olacaq. Ancaq bu namizədlərin birləşməsi seçkilərin də  birləşməsi anlamına gəlmir. Tamamilə mümkündür ki, bu üç namizədin seçicilərinin bir hissəsi səsini birinci turun qalibinə versin. İkinci onun şansını artıran məqam ondan ibarətdir ki, seçkilərdə fəallıq çox az olub. Azərbaycanlıların və türklərin yaşadığı ərazilərdə də seçki fəallığı yüksək olmayıb. Əgər bu fəallığı yüksəltmək mümkün olsa, son nəticədə onun qalib gəlməsi mümkündür. Bu qələbə İran-Ermənistan münasibətlərinə köklü dəyişiklik gətirə bilərmi? Təbii ki, xeyr. Bu bir tərəfdən onunla bağlıdır ki, xarici siyasətdə həlledici rol ali dini rəhbərə məxsusdur. Ümumiyyətlə, İran siyasətinin əsas istiqamətinin müəyyən olunmasında ali dini rəhbərin rolu hədsiz çoxdur. İkinci tərəfdən, İran-Ermənistan münasibətləri İranın maraqlarına cavab verir və yalnız Avropadan, Avropa İttifaqından, Avropa ölkələrindən gələn müşahidəçilərin Ermənistanda yerləşdirilməsi, Ermənistanın Qərbə açıq-aşkar meyl etməsi İran rəhbərliyini qıcıqlandırır. Bu istiqamətdə Ermənistanın fəaliyyəti bir az da artsa, İranın da münasibətinin dəyişməsinə gətirib çıxara bilər. Ancaq burada həlledici məqam Ermənistanın yeridəcəyi siyasətdir, hansı namizədin prezident seçiləcəyi deyil. Seçkiqabağı kampaniya göstərdi ki, Pezeşkian türk olduğunu söyləməsi ilə yanaşı, daha proqressiv bir namizəddir. Qərblə dil tapmaq üçün yol tutmaq istəyən bir namizəddir. Bu da gərginliyin azalmasına, müəyyən müsbət addımların atılmasına gətirib çıxara bilər. Eyni zamanda, Azərbaycanla münasibətlərin yaxınlaşması, lazımsız gərginliklərin yaradılmaması ehtimalı da yüksəkdir. Bu səbəbdən biz də maraqlıyıq ki, bir türk orda  prezident seçilsin. Əks mövqe tutanlar, Səid Cəlilinin seçilməsini istəyənlər də bu məsələlərdə tamamilə fərqli mövqedə dayananlardı. Hətta ali dini rəhbərin özü də seçkiqabağı kampaniya dövründə Qərbə yaxınlaşmaq, Qərblə dil tapmaq xəttinin çox yanlış olduğunu bəyan etdi. Pezeşkianın Qərblə dil tapmaq, onunla danışıqlar aparmaq istiqamətində verdiyi bəyanatlar İranda kifayət qədər qrupları ciddi şəkildə narahat edir. Onlar əllərindən gələni edəcəklər ki, Səid Cəlili seçilsin. Çünki Səid Cəlilinin seçilməsi ali dini rəhbərin onunla əlbir işləməsinə, ondan əvvəlki prezidentin yeritdiyi xəttin davam etməsinə gətirib çıxaracaq. Gözlənilməz məqamların ortaya çıxması ehtimalı azalacaq, yeniliklərdən qorxanlar üçün çox rahat bir dövr olacaq. Ancaq Pezeşkianın seçilməsi müəyyən yeniliklərin, müəyyən yeni baxışların ortaya çıxmasına gətirib çıxara bilər ki, bu da mühafizəkarları ciddi şəkildə narahat edir. Bütövlükdə Səid Cəlilinin seçilmə şansı daha çoxdu. Mühafizəkar qüvvələr ikinci turda birləşərək əllərindən gələni edəcəklər ki, onların namizədi qalib gəlsin”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
baki-xeber.com

2Mənbələr