AZ

Qiymət artımı necə təsir edəcək? -AÇIQLAMA

“Azərbaycanda bir çox strateji məhsulların qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənir. Qiymətin artırılması və azaldılması, həmin məhsulu xidmətin realizə edilməsini həyata keçirən təşkilatın hansısa bir bəyanatı, təqdimatı əsasında olur. Burada da vəziyyət onu göstərir ki, SOCAR tərəfindən Azərbaycan Respublikası Tarif Şurasına müraciət olunub, xərclərin yüksək olduğunu əsas gətirərək bununla bağlı belə bir tələblə müraciət edilib. Tarif Şurası da müsbət qiymətləndirməni aparıb ki, qiymətlərdə 10 faizə yaxın, hətta dizelin qiymətində daha çox artım müşahidə olunmağa başlayıb”.

Bu sözləri AzNews.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

İqtisadçı ekspert qeyd edib ki, bu tip həm dizel, həm də Aİ-92 yanacağının qiymətinin artırılması orta statistik Azərbaycan vətəndaşının büdcəsinə ciddi təsirini göstərəcək.

“Ən gec gələn həftədən etibarən orta statistik Azərbaycan vətəndaşı bu təsiri hiss etməyə başlayacaq. Çünki kənd təsərrüfatı məhsullarının əkini, yığımı, ərzaq məhsullarının daşınması, hətta anbarlarda istifadə olunan generatorlar belə dizel yanacağı vasitəsilə hərəkətə gətirilir və bu da müəyyən xərclərin artırılmasına gətirib çıxarır. Paralel olaraq, həmçinin sərnişindaşımada da qiymətlərin artırılması müşahidə olundu. Bu da təsadüfi deyildi. Bu o demək idi ki, sərnişin daşınmada dizelin qiyməti qalxırsa, sərnişin daşımanın xərcləri də yüksəlir. Sonradan o qiymətlərə dəyişikliklər etməmək məqsədilə bir protokolla həm yanacağın, eyni zamanda da sərnişindaşımanın qiyməti qaldırıldı. Biz konkret olaraq, ən gec gələn həftədən etibarən məhsul və xidmətlərin hər birində inflyasiyanı hiss edəcəyik. Düşünürəm ki, yanaşmanın özü səhvdir. Təsəvvür edin ki, biz bu günlər xərcləri ödəyə bilmədiyimizə görə qiymətləri artırırıq və ilin sonunda müəyyən olunacaq ki, həmin xərclərə uyğun olaraq inflyasiya baş verib. Həmin inflyasiyaya uyğun olaraq əmək haqları, büdcədən maliyyələşən bütün təşkilatların işçilərinin əmək haqlarının artırılmasını, minimum əmək haqqının inflyasiyaya uyğun olaraq artırılmasını həyata keçiririk və gələn il eyni vəziyyət yaranacaq ki, yenə də borclar xərci ödəmir. Bunun başqa bir alternativ yolu düşünülüb, tapılmalıdır. Yaxud da biz boynumuza almalıyıq ki, biz iqtisadiyyatımızı idarə edə bilmirik, Bizdə istehsal olunan bütün məhsulların maya dəyəri yüksək qiymətə başa gəlir və sakitcə boynumuza alıb Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq. Bizim başqa variantımız yoxdur, bununla bağlı optimal bir həll yolu fikirləşməliyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
aznews.az

1Mənbələr