AZ

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Cənubi

Pekin, 1 iyul, AZƏRTAC

Cənubi Koreyada doğum səviyyəsinin azalması və əhalinin sürətlə qocalması problemini həll etmək üçün Əhali Nazirliyi yaradılır.

AZƏRTAC Cənubi Koreya hökumətinin açıqlamasına istinadla xəbər verir ki, hakim partiyanın rəsmiləri ilə müzakirələr nəticəsində Əhali Nazirliyinin yaradılması üçün iyulda qanunvericilik bazasının təmin edilməsi qərara alınıb. Yeni qurum diqqəti aşağı doğum əmsalı (hər qadının dünyaya gətirdiyi uşaq sayı), əhalinin yaşlanması, işçi qüvvəsi və immiqrasiya kimi demoqrafik problemlərin həlli strategiyası və planlaşdırılmasına yönəldəcək və bu məsələlərin idarəetmə mərkəzi rolunu oynayacaq. Nazirlik, həmçinin Səhiyyə və Maliyyə nazirliklərinin sözügedən sahə üzrə məşğul olduğu vəzifələri öz üzərinə götürərək, demoqrafik siyasətə cavabdeh olacaq.

Qeyd edək ki, 51 milyon əhalisi olan Cənubi Koreyada doğum əmsalı (hər qadının dünyaya gətirdiyi uşaq sayı) ötən il tarixi minimuma (0,7 uşaq) enib. Bu rəqəm əhalinin sayının sabit qalması üçün lazım olan 2,1 uşaqdan xeyli azdır. Hökumət bir neçə ildir ki, ailələrin daha çox uşaq dünyaya gətirməsini təşviq edən addımlar atsa da, bir çox amil, o cümlədən ev qiymətlərinin və təhsil xərclərinin yüksək olması, karyera məsələləri gəncləri ailə qurmaqdan və uşaq dünyaya gətirməkdən çəkindirir.

Ötən il ölkədə doğulan uşaqların sayı əvvəlki ilə nisbətən 7,7 faiz azalaraq və 229 min 970 nəfər səviyyəsinə düşərək rekord göstəriciyə çatıb. Asiyanın 4-cü böyük iqtisadiyyatı olan Cənubi Koreyada son illərin mənfi tendensiyalarından biri də tənhaların, başqa sözlə, bir nəfərdən ibarət ailələrin sayının çoxalmasıdır. Hazırda ölkədə 7,5 milyon birnəfərlik ailə var ki, bu da ümumi ailə sayının 34,5 faizini təşkil edir.

Ekspertlər Cənubi Koreyada əhalinin sayının 2070-ci ilə qədər 38 milyon nəfərə enəcəyini proqnozlaşdırıblar. Həmin ilədək 65 yaşdan yuxarı koreyalılar ölkə əhalisinin 45 faizini təşkil edəcək. BMT-nin rəyinə əsasən, yaşı 65-dən yuxarı olanların sayı ümumi əhalinin sayının 14 faizindən çoxunu təşkil edərsə, həmin cəmiyyət "yaşlı cəmiyyət", bu rəqəm 20 faizdən çox olarsa "super yaşlı cəmiyyət" kimi xarakterizə olunur.

Bu yaxınlarda Cənubi Koreya Prezidenti Yun Sok Yol doğum səviyyəsinin aşağı düşməsi fonunda ölkədə fövqəladə demoqrafik vəziyyət yarandığını elan edib. O, doğum səviyyəsinin azalması və əhalinin yaşlanması tendensiyasının müsbətə doğru dəyişməyəcəyi halda Cənubi Koreya əhalisinin “yox ola biləcəyi” barədə xəbərdarlıq edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
3
azertag.az

8Mənbələr