AZ

Ultra-pravoslav yəhudilər hərbi xidmətə getmək istəmir

Bakı.TurkicWorld:

Qərbi Qüdsdə məcburi hərbi xidmətə qarşı etiraz aksiyası zamanı ultra-ortodoks yəhudilər (Haredilər) İsrail polisi ilə toqquşub.

TurkicWorld xəbər verir ki, on minlərlə Haredi İsrailin məcburi hərbi xidmət qərarına etiraz etmək üçün Qərbi Qüdsün Məaşearim məhəlləsində olan Şabbat meydanına toplaşıb.

Əllərində pankart daşıyan Haredilər “Düşmən ordusunda xidmət etməyəcəyik”, “Ölsək də xidmət etməyəcəyik” kimi şüarlar səsləndirib.

Haredilər səs-küy salmaq üçün şofar (keçi və ya qoç buynuzlarından hazırlanmış və dini məqsədlər üçün istifadə edilən alət) adlı alətdən istifadə etməklə yanaşı bölgədən keçən İsrailin mənzil-tikinti naziri Yitzhak Goldknopfun avtomobilini də daş-qalaq ediblər. Həmçinin Haredilər polisə daş ataraq ərazidəki zibil qablarını yandırılar.

İsrail polisi süvari birlikləri ilə müdaxilə edərək TOMA-lar vasitəsiylə pis qoxulu yüksək təzyiqli sudan istifadə edərək minlərlə Haredini dağıtmağa çalışıb.

Qeyd edək ki, iyunun 25-də İsrail Ali Məhkəməsi yekdilliklə ultra-pravoslav yəhudi kişilərin məcburi hərbi xidmətdən azad edilməsi üçün heç bir hüquqi əsas olmadığına və hərbi xidmətə uyğun olanların xidmətə götürülməsinə qərar vermişdi.

Qərarda deyilirdi ki, hərbi xidmətə getməyənlər dövlət tərəfindən maliyyələşdirilən sosial yardım və təhsil yardımlarından yararlana bilməyəcəklər.

Qərarın məcburi hərbi xidmət üçün yararlı olan təxminən 67 min Haredi kişiyə ümumi və ya mərhələli şəkildə tətbiq ediləcəyi hələ müəyyən edilməyib.

Onu da əlavə edək ki, Haredi kişilərinin hərbi xidmət keçməyə məcbur edilməsi qərarının bir çox siyasi və sosial nəticələri olacağı gözlənilir. Bu tarixi əhəmiyyət daşıyan qərar İsraildə yeni vətəndaş iğtişaşlarına səbəb ola və mədəni münaqişəni qızışdırma potensialı daşıya bilər. Belə ki, hərbi xidmətdən imtina edənlər bundan sonra dövlət dəstəyi almayacaqlar.

Qeyd edək ki, ultra-pravoslav yəhudiləri hərbi xidmətdən azad edən qanunun vaxtı 2024-cü ilin martında başa çatmışdı.

Əksəriyyəti dini səbəblərə görə hərbi xidmətdən imtina edən Haredilər doqquz milyonluq ölkədə əhalinin təxminən 12 faizini təşkil edir.

Ölkədəki Haredi yəhudilərinin əksəriyyəti Qərbi Qüdsdəki Məaşerim məhəlləsində və paytaxt Təl-Əvivin yaxınlığındakı Bney Brak şəhərində yaşayırlar.

Qeyd edək ki, İsraildə 2022-ci il noyabrın 1-də keçirilən seçkilərdə qalib gələn Likud lideri Netanyahunun koalisiya ittifaqına ifrat sağçı partiyalarla yanaşı ultra-pravoslav Şas və Birləşmiş Tövrat Yəhudilik partiyalar da daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
turkic.world

1Mənbələr