AZ

Benzinlə dizelin qiymət fərqinin azaldılması böyük məqsədi hədəfləyir...

Image

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.

Bildirilib ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Qeyd edilib ki, dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb: “Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək”.

Qeyd edək ki, verilən son qərarla, həmçinin, Aİ-95 markalı benzinin qiyməti hər litri  üçün   40 qəpik ucuzlaşıb.

Göründüyü kimi, yanacaqla bağlı son qiymət tənzimləməsində diqqət çəkən bəzi məqamlar var. Birincisi budur ki, benzinlə dizel yanacağı arasındakı qiymət fərqi hər litr üçün əvvəl 20 qəpik idisə, bundan sonra  oldu 10 qəpik. İkincisi isə, Aİ-95 markalı benzinin qiyməti hər litr üçün 40 qəpik ucuzlaşdı. Atılan bu addımlar ölkədəki alternativ enerjiyə keçid, sağlam ekoloji mühitin yaradılması və sair prinsiplərə uyğunlaşmaq baxımından nə kimi nəticələr verəcək?

Eyyub Kərimli: “Tədricən dizel mühərrikli avtomobillərdən imtina edilməsi ilə nəticələnəcək ki…” 

İqtisadi və Sosial Araşdırmalar İctimai Birliyinin sədri Eyyub Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, iqtisadi islahatlar bəzən acı həb kimidir: “İlk olaraq acılığı hiss edilər, müsbət təsirləri isə bir qədər gec başlar. Bəzi islahatlar var ki, həyata keçməsi zamanından asılı olmayaraq həmişə emosional qarşılanır. Lakin bu islahatlar bəzən zərurətdən irəli gəlir, bəzən də müəyyən səbəblərə görə gecikir.

2024-cü ildə ölkədə benzin istehsalı 1 milyon 519,6 min tona, 2025-ci ildə 1 milyon 535,6 min tona, 2026-cı ildə isə 1 milyon 551,6 min tona qədər artacaq. Beləliklə, 2024-2026-cı illərdə benzin istehsalı 7,5% artacaq.

Proqnozlara görə, 2024-cü ildə 2 milyon 542,6 min ton, 2025-ci ildə 2 milyon 536,5 min ton, 2026-cı ildə 2 milyon 535,6 min ton dizel yanacağı istehsal ediləcək.

Yanacağın qiymətinin artmasının iqtisadiyyata təsirlərini bir neçə istiqamətdən qiymətləndirmək lazlmdır.

Aİ-95 markalı benzinin ucuzlaşması birmənalı olaraq avtomobil parkının yenilənməsinə, daxili yanacaq istehsalının stimullaşdırılmasına, ətraf mühitin qorunmasına, hibrid və elektrokarların idxalını stimullaşdıracaq. Bu keçidi daha da surətləndirmək üçün hibrid və elektrokarların idxalına əlavə yeni güzəştlərin tətbiq edilməsinin daha müsbət təsirləri ola bilər. Həmçinin, fikrimcə, Aİ- 95 və Aİ- 98 markalı   benzinin qiymətlərinin dövlət tənzimləməsindən çıxararaq sərbəst rəqabətlə təyin edilməsi daha müsbət nəticələr verə bilər. 

Aİ - 92 benzinin keyfiyyətinin AVRO 5 standartlarına çatdırılmasına çoxdan zərurət yaranmışdı. Əlbəttə ki, keyfiyyətin artıtılması qiymətin də artırılmasını şərtləndirir.

Dizel yanacağı qiymətinin artmasının, sözsüz ki, iqtisadiyyata və əsasən də kənd təsərrüfatına  müəyyən təsirləri olacaq. Bu, ilk öncə dizel mühərrikli avtomobillərin idxalının azalmasına, ölkədə olan avtomobillərin isə istismardan çıxarılmasına təsir edəcək.  Belə ki, bu avtomobillərin istismarı benzinlə işləyən avtomobillərin istismarından daha baha başa gəlir. Bu isə tədricən dizel mühərrikli avtomobillərdən imtina edilməsi ilə nəticələnəcək ki, bu da ümumi avtoparkın yenilənməsinə müsbət təsir göstərəcək. Həmçinin ətraf mühitim qorunmasına, büdcəyə əlavə vəsaitin cəlb olunmasına da müsbət təsirləri olacaq. Digər tərəfdən, kənd təsərrüfatı məhsullarının qiymət artımının qarşısını almaq üçün fermerlərə dizel üçün verilən subsidiyalar mütləq artırılmalıdır. Kənd təsərrüfatı texnikasına, yanacağa güzəştli limitlər də təyin edilə bilər. Çünki dizel yanacağının qiymətinin 25% artırılması iqtisadiyyatın digər sahələrində də qiymət artımına təsir edəcək. Yekunda  bunların fonunda əmək haqqının artırılması da gündəmin əsas məsələsi kimi qalmaqdadır”.

Çingiz İsmayılov: “Yaxın aylarda gömrükdən oyrənə bilərik ki, ölkəyə elektromobillərin idxalında nə kimi dəyişiklik olub” 

Ekologiya üzrə ekspert, BDU-nun professoru Çingiz İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun həm iqtisadi, həm də ekoloji aspekti var: “Qiymətin dəyişməsi zəncirvari olaraq bütün sahələrə ciddi təsir edəcək. Bunun ekoloji vəziyyətlə də əlaqəsi var. Bu aspekt çox ciddi təhlil edilməlidir. Bunu ətraflı şəkildə  qiymətləndirmək mümkün deyil. Yaxın aylarda gömrükdən oyrənə bilərik ki, ölkəyə elektromobillərin idxalında nə kimi dəyişiklik olub. Möhtərəm Prezident öz çıxışlarında dəfələrlə deyib ki, biz “yaşıl enerji”nin inkişafı və ixracında çox maraqlıyıq. Bunun həm iqtisadi, həm də geosiyasi əhəmiyyəti var. İqtisadiyyatımız da bu dəyişikliyə uyğunlaşmalıdır”.

Statistika göstərir ki, Azərbaycana benzin mühərrikli avtomobillərin idxalı azalsa da, dizel mühərrikli avtomobillərin sayı artır. Dizel mühərrikli avtomobillərin havanı daha çox çirkləndirdiyini nəzərə alaraq, onların istifadəsinin azaldılması təşviq olunmalıdır.

Qiymət dəyişikliyi yanacağa qənaət edən hibrid, elektrik və CNG (sıxılmış təbii qaz) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. 

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
baki-xeber.com

1Mənbələr