AZ

Sağlam həyat üçün səhər idmanı

Səhər saatlarında çox insan doyunca yatıb, ötən gün xərclənən enerjini bərpa edib, yeni günə yenilənmiş enerji ilə başlamaq istəyir. Ancaq yeni günə hazır olmağın sirri sadəcə, sağlam yuxu deyil. Sabahın erkən saatlarında idmanla məşğul olmaq sizə gün boyunca yüksək enerji bəxş edə bilər, əhval-ruhiyyənizi yüksəldər, artıq çəkidən azad olmağa yardımçı olar.

Yaş kateqoriyasından asılı olmayaraq, səhərlər idmanla məşğul olmağın artıq demək olar ki, böyük əksəriyyətin probleminə çevrilən diqqət əskikliyinə də təsiri danılmazdır. Ümumiyyətcə, fiziki aktivlik günün vaxtında insana müsbət təsir edir.

blank

Ruxsarə Hüseynova (həkim): “Həmişə idmanın canın cövhəri olduğunu deyirik. Doğrudan da helədir. Bu dəqiqə metabolizm sindromlu xəstələr, diabetik xəstələr, piylənmədən narahat olan xəstələr çoxdur. Buna görə onlar səhərlər idmanla məşğul olmalıdırlar, fiziki aktiv olmalıdırlar ki, metabolizm normallaşsın. Bunlar arıqlama dərmanı ilə yox, fiziki hərəkətlə olmalıdır. Fiziki aktivlik zamanı bizim beyin hüceyrələrində, neyronlarda yerləşən endorfin adlanan hormon var, onun miqdarı artır və biz xoş əhval-ruhiyyə ilə işə başlayırıq”.

Əgər fiziki aktiv həyat tərzi yaşamaq istəyirsinizsə, səhərlər 45 dəqiqə idmanla məşğul olmaq yetərli hesab edilir. Sabah məşqi sadəcə, gümrahlıq demək deyil, həmçinin emosional durumun da yaxşılaşması deməkdir. Bu səbəbdən idman etdiyiniz zaman sevdiyiniz musiqini dinləməkdə də fayda var. Bir də ki, idmanla məşğul olmağın yaş həddi anlayışı da yoxdur.

blank

Fizuli Verdiyev (şəhər sakini): “Yaşım 75-dir. İdmanla məşğul oluram. Səhər tezdən 4-də, 4:30-da yuxudan qalxıram. Əvvəl evdə, sonra çöldə, həyətdə məşq edirəm. Sonra parka gedib saat 8-ə qədər orada idmanla məşğul oluram. Gündə ən aşağısı 7 km, yuxarısı 17-18 km addımlayıram”.

Vahid Əsgərov (şəhər sakini): “İsinmək üçün qaçış hərəkətlərindən başlayıram. Sonra burada turnikdə müəyyən hərəkətlər edirəm. Brus, jım və başqa idman hərəkətləri ilə məşğul oluram. Səhər tezdən buraya gələndə adam özünü sağlam hiss edir. Bütün gənclərə də səhər tezdən bu cür idmanla məşğul olmağı, buraya gəlməsələr də, müəyyən idman hərəkətlərini etməyi tövsiyə edirəm”.

blank

Alimlərin  araşdırmalarına görə, səhərlər davamlı məşqlər etmək üçün 21 günlük baryeri aşmaq lazımdır. Burada əsasən psixoloji amil rol oynayır. Belə ki, bu müddət yeni vərdişin mənimsənilməsi üçün ideal zaman kəsiyidir.

BƏHRUZ MUSAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
futbolinfo.az

1Mənbələr