AZ

Taksilər daha çox hansı şəhərdə cəmləşib?

Taksi fəaliyyəti haqqında qəbul edilmiş və 1 iyuldan qüvvəyə minən qərardan sonra vətəndaşlar arasında müəyyən narahatlıq yaranıb.

Rəsmi məlumata görə, Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 11 mini ötüb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, bugünədək təlim keçən taksi sürücülərinın sayı 24 482 təşkil edir.

Taksi fəaliyyəti üçün icazə alan 11 min sürcünün ölkə üzrə necə paylanması da maraq doğrurur.  Belə ki, ölkə əhalisinin təqribən 3 milyona yaxını Bakı şəhərində məskunlaşdığından, burada taksiyə bölgələrdən daha çox ehtiyac duyulur. Qiymət və keyfiyyətə təsir edən amillər də məhz əhali sayına düşən taksi sayından asılıdır.

İndiki halda qeydiyatdan keçən sürücülərin neçə faizinin Bakıda, neçə faizinin isə bölgələrdə fəaliyyət göstərəcəyi maraqlıdır. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov “Cebhe.info”-ya bildirib ki, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər: 

"Yaşı 15 ili keçməyən avtonəqliyyat vasitələri ilə taksi fəaliyyəti göstərmək istəyənlər 1 iyul tarixinədək icazə üçün müraciət edə bilərdi. Bu gündən sonra isə yalnız yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə biləcəklər". 

O həmçinin bildirib ki, avtomobillərə “Avro-5” standartı tələbi də bu gündən qüvvəyə minir: 

"Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün idxal edilən və ya ölkədə istehsal olunan avtonəqliyyat vasitələrinə şamil edilir. Bu günədək taksi fəaliyyəti üçün 11696 “Buraxılış kartı” alınıb, 24482 sürücü təlimlərə cəlb edilib". 

Həmsöhbətimiz vurğulayıb ki, taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb: 

"Hazırda operatorlar adsızlaşdırılmış məlumatları real vaxt rejimində həmin sistemə ötürürlər. “E-taksi” xidməti vasitəsilə sifarişi qəbul edən sürücünün icazəsinin olub-olmadığını izləmək mümkündür. Əməkdaşlar tərəfindən buraxılış kartlarının yoxlanılması həyata keçiriləcək". 

O vurğulayıb ki, icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək: 

"Yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək, peşəkar əmək bazarı formalaşacaq və xidmət keyfiyyəti artacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq". 

O qeyd edib ki, markasından asılı olmayaraq, standartlara cavab verən bütün nəqliyyat vasitələri taksi kimi istifadə oluna bilər.

Həmçinin taksi fəaliyyəti üçün buraxlış kartı ümumi verilir və bölgələr üzrə fərqlənmir. 

Yəni kart alan sürücü bütün ölkə əraziisndə taksi fəaliyyəti ilə məşğul ola bilər. 

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev isə açıqlamasında deyib ki, bölgələr üzrə rəsmi qeydiyyatı olan taksilərin sayı çox azdır: 

“Taksi haqqında qəbul edilmiş qərardan sonra taksilərin sayında kütləvi azalma baş verdi. Rəsmi statistikadan əldə etdiyimiz məlumata görə, əvvəllər taksilərin sayı 60 mindən çox idisə, hazırda bu rəqəm 11 minin üzərində dayanır. 60 min sürücünün 40 mindən çoxu paytaxtımızın payına düşürdü. Hazırda isə rəqəm 11 mindir və yəqin ki, onların böyük əksəriyyəti Bakının payına düşür. Belə olan halda rahatlıqla deyə bilərik ki, bölgələrdə taksinin sayı barmaqla sayılacaq qədər azdır”. 

Onun fikrincə, bölgə əhalisinin avtomobillərinin əksəriyyəti “Avro-5” standartına cavab vermir: 

“Bölgələrdə olan avtomobillərin böyük əksəriyyəti keçmiş SSRİ avtomobilləridir. Əsasən də VAZ-2106 modeli üstünlük təşkil edir. Bu modeldən ölkəmizdə hazırda yuvarlaq rəqəmlə götürsək, 200 min civarında var. Onların da əksəriyyəti taksidə çalışırdı. Bu avtomobillər nəinki “Avro-5”, heç “Avro-2” standartlarına cavab vermir. Bu da o deməkdir ki, bu avtomobillər tədricən istismardan çıxacaq.   Bölgələrdə yenidən at arabasına, uzunqulağa, faytona və digər primitiv nəqliyyat vasitələrinə tələbat yarana bilər”. 

Qeyd edək ki, bu gündən ölkədə buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələrinin taksi kimi fəaliyyət göstərməsi qadağan edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
cebheinfo.az

1Mənbələr