AZ

MEK-in 2024-cü ilin birinci yarısı üçün hesabatı dinlənilib

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 2024-cü ilin birinci yarısı üçün görülmüş işlərə dair hesabatını təqdim edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, MEK-in direktoru Hüseyn Hüseynov ölkədə digər sahələrə olduğu kimi, kitabxana sahəsinə də yüksək dövlət qayğısından danışıb, bu istiqamətdə görülən işlərə nəzər salıb. Həmçinin kitabxana işində səmərəliliyin artmasında hesabatların zəruriliyini vurğulayan MEK rəhbəri AMEA-nın bütün müəssisələrində yarımillik hesabatların dinlənildiyini qeyd edib, hesabat dövründə əldə olunan bir neçə nailiyyətdən danışıb.

Sonra MEK-in elmi katibi Şəbnəm Rüstəmova müəssisənin yarımillik hesabatını təqdim edib. O bildirib ki, Mərkəzi Elmi Kitabxanada “Azərbaycan ekologiyası: biblioqrafik göstərici” hazırlanıb. “Naxçıvan Muxtar Respublikası – 100” biblioqrafik göstərici və “Naxçıvan Muxtar Respublikasında dövri mətbuat” adlı məlumat kitabı isə hazırlanmaqdadır. Hesabat dövründə “Məhəmməd Əmin Rəsulzadə - 140” adlı ənənəvi və virtual kitab sərgiləri təşkil edilib, “Füzuli günləri” layihəsi çərçivəsində füzulişünas alimlərlə görüşlər keçirilib.

Ş.Rüstəmova, həmçinin MEK-in kitabxana işi üzrə göstəricilərini diqqətə çatdırıb. Qeyd olunub ki, kitabların rəqəmsallaşdırılması işində son iki ay ərzində artım müşahidə edilib, Ümummilli Lider Heydər Əliyev, Qarabağ və Şuşa haqqında məqalələr artıq elektron bazada yerləşdirilib. MEK əməkdaşları tərəfindən azərbaycandilli vikipediyada 911 yeni məqalə yaradılıb, 107 məqalə əsaslı redaktə edilib, xaricidilli vikipediyada isə 32 yeni məqalə yaradılıb, 21 məqalə əsaslı redaktə olunub.

Sonda AMEA Rəyasət Heyəti Aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva hesabatı qənaətbəxş hesab edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
azertag.az

2Mənbələr