AZ

Azərbaycan-Çin münasibətləri və partiyalararası dialoq

Elman Nəsirov

YAP Təftiş Komissiyasinin üzvü, Siyasi elmlər doktoru, professor

Cari ilin 1 iyul tarixində üzvlərinin sayı 95 milyon nəfərdən çox olan, ilk partiya təşkilatlarının sayı 4,9 milyon nəfəri ötən nəhəng Çin Kommunist Partiyasının (ÇKP) yaranmasının 103-cü ildönümü tamam olur. Bu partiyanın rəhbərliyi altında müzəffər Çin xalqının apardığı 28 illik ağır mübarizədən sonra 1949-cu il oktyabrın 1-də Çin Xalq Respublikası (ÇXR) yaradılmışdır. Bu, bir həqiqətdir ki, Çinin daxili və xarici siyasət kursunda qazandığı tarixi uğurların kökündə ÇKP-nin müstəsna rolu vardır. Partiya qarşısına strateji “iki yüzillik məqsədlər”i qoyaraq onların reallaşdırılmasında misilsiz nəticələr əldə etmiş və etməkdədir. Birinci strateji məqsəd ölkədə yoxsulluğun tam ləğvi və orta zənginlikli cəmiyyətin formalaşmasını özündə ehtiva edirdi. Bu strateji məqsədin reallaşdırılması üçün zaman müddəti hakim partiyanın yaranmasının 100 illiyinə nəzərdə tutulmuşdu. Bu, strateji məqsəd 2021-ci ildə tam reallaşdırıldı. İkinci strateji hədəf isə müasir modernləşdirilmiş dövlətin qurulması ilə bağlıdır. Bu məqsədə çatmaq üçün son tarix ÇXR-in yaradılmasının 100 illiyi-2049-cu il planlaşdırılmışdır. Qeyd edilən növbəti strateji məqsədin həyata keçirilməsi üçün ölkədə ardıcıl, məqsədyönlü və sistemli addımlar atılmaqdadır. Bu ilk növbədə ÇKP-nin rəhbərliyi altında dinamik iqtisadi inkişfın vəcəmiyyətdə uzunmüddətli sabitliyin təmin edilməsi istiqamətlərində görülən titanik fəaliyyətdə öz əksini tapır. Bir çox hallarda ÇKP-nin fəaliyyəti öz nəhəng miqyası etibarilə dövlətin sərhədlərini aşır və qlobal məzmun kəsb edir. Bu xüsusda ÇXR-in Sədri, ÇXP-nin Baş katibi Si Cinpinin 2022-ci il, oktyabrın 16-da partiyanın XX qurultayında səsləndirdiyi fikirlər tam reallığı əks etdirir: “Çin Kommunist Partiyası təkcə Çin xalqının xoşbəxtliyi və Çin millətinin dirçəlişi uğrunda mübarizə aparmır, eyni zamanda bəşəriyyətin tərəqqisi və dünyanın əzəmətli birliyi naminə səy göstərir.”

Bu strateji vəzifələrin həyata keçirilməsi üçün ÇXR-ın güclü lideri və rəhbər partiyası, nəhəng iqtisadi potensialı və insan resursları, siyasi iradəsi, səfərbər olunmuş cəmiyyəti və böyük hərbi qüdrəti vardır.

Müasir dünyamızda kəskin qlobal lider kəsrinin (defisiti) olduğu bir reallıqda ÇXP-nin Sədri Si Cinpin son 12 il ərzində “Çin xarakterli sosializmi yeni inkişaf epoxası”na daxil etməyi bacaran müdrik liderdir. O, “Bir dövlət, iki sistem” konsepsiyasından çıxış edərək müstəqil siyasət aparır və dövlətinin milli maraqlarını ən yüksək səviyyədə qorumaq nümunəsi ortaya qoyur. Təkqütüblü dünya deyil, çoxqütüblü dünya rellığını müdafiə edir. Hegemon dövlət və dövlətlər koalisiyasını qəbul etmir. Heç bir hərbi bloka daxil olmamaq xəttinə sadiqdir. “Vahid Çin” ideyasına münasibətdə dövlətlərin davranışına adekvat olaraq tərəfdaşlarını, rəqiblərini və düşmənlərini müəyyən edir. “Yumşaq güc” idərəçilik metodundan çıxış edərək beynəlxalq siyasi davranışının konturlarını cızır.

Çinin Milli Statistika Bürosunun (UİB) məlumatına görə, 2023-cü ildə ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) 126,06 trilyon yuana (təxminən 17,71 trilyon dollara) bərabərdir. Dünya iqtisadiyyatında Çinin payı 18,5%-dir. Orta illik iqtisadi artım isə 7,2% təşkil edir. Buğda istehsalında dünyada birinci yerdə olan Çin 1,4 milyardlıq əhalisinin ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmişdir. Eyni fikirləri enerji təhlükəsizliyi ilə bağlı da söyləyə bilərik. Çin valyuta ehtiyatlarına görə dünyada liderdir. Ölkədə internet istifadəçilərinin sayı 1,03 milyard nəfərə çatmışdır. Bu faktın özü Çinin demokratik inkişafının mühüm göstəricisi hesab oluna bilər.

ÇXR 140-dan çox ökənin və regionun əsas iqtisadi-ticarət tərəfdaşıdır.

Bu ölkələr arasında Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan Respublikasının xüsusi yeri və çəkisi vardır. Rəsmi Bakı-Pekin münasibətləri tarixi ənənə və müasir gesosiyasi reallıqlar fonunda dinamik inkişaf tempinə malikdir.

2500 il əvvəl tarixi “İpək yolu” vasitəsilə xalqlarımız arasında mədəni və ticari əlaqələr formalaşmışdır. Xalqlarımız arasında tarixi bağlılıq dahi Azərbaycan şairi Nizami Gəncəvinin XII əsrdə yazdığı əsərlərdə də öz əksini tapmışdır. Nəhəng söz ustası olan Nizami Gəncəvi Çin xalqına olan böyük hörmət və ehtiramını “Yeddi gözəl” poemasında “Çin gözəli”nin vəsfi ilə ifadə etmişdir.

1991-ci il dekabrın 27-də Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan ÇXR 1992-ci il aprelin 2-də ölkəmizlə diplomatik münasibətlər qurmuşdur. İkitərəfli münasibətlərimizdə keyfiyyət dəyişikliyi ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra baş verdi. 1994-cü ilin mart ayında Prezident Heydər Əliyevin ÇXR-ə ilk rəsmi səfəri oldu. Səfər çərçivəsində ikitərəfli münasibətlərin mühüm hüquqi-normativ bazasını yaradan 8 müqavilə imzalandı.

Rəsmi Bakı-Pekin münasibətləri üçün xarakterik əməkdaşlıq və dostluq mühiti Azərbaycan Respublikasının Prezident İlham Əliyev və ÇXR-in Sədri Si Cinpin tərəfindən daha da inkişaf etdirilərək strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmışdır. Fundamental məsələlərdə hər iki dövlətin və onun liderlərinin mövqeyi tam üst-üstə düşür. Azərbaycan “Vahid Çin” ideyasını qəbul edir və onu həm ikitərəfli, həm də çoxtərəfli formatlarda tam dəstəkləyir. ÇXR də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələlərində anoloji mövqe ortaya qoyur, haqq işimizi hər yerdə və hər zaman dəstəkləyir. Yeri gəlmişkən, onu da qeyd edək ki, hər iki dövlətin liderlər arasında şəxsi dostluq münasibətlərinin olması faktı da dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına təsir edən həlledici amillərdən biridir.

Bu gün bütün parametrlər üzrə Bakı-Pekin münasibətləri davamlı inkişaf tempinə malikdir. Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Prezident İlham Əliyevin 2014-cü ildə Çində işgüzar səfərdə olması, xüsusilə2015-ci il dekabrın 11-də ÇXR-in Sədri Si Cinpinin rəsmi dəvəti ilə bu ölkəyə dövlət səfəri etməsi ikitərəfli münasibətlərimizin tarixində yeni mərhələnin əsasını qoymuşdur. Səfər çərçivəsində imzalanmış 10 mühüm sənəd ikitərəfli münasibətlərimizin bundan sonrakı dövr inkişafı üçün yeni imkanlar pəncərəsi açmışdır. Xüsusilə də hər iki dövlətin liderləri olan cənab İlham Əliyev və cənab Si Cinpinin imzaladıqları “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə” ikitərəfli münasibətlərimizin bütün istiqamətlər üzrə inkişafının “Yol xəritəsi” hesab oluna bilər. Bundan savayı, səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşvqinə dair Anlaşma Memorandumu” rəsmi Bakının Çinin unikal təşəbbüsünə olan münasibətinin göstəricisidir. Bu xüsusda Prezident İlham Əliyev vurğulamışdır ki, “Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxsı imkanlar vardır”.

ÇXR-in Sədri Si Cinpin həmin səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə olan yüksək etimadını “Cənab Prezident Çin xalqının köhnə dostudur. Siz Çin-Azərbaycan münasibətlərinin inkişafı üçün daim səy göstərirsiniz,-” fikirləri ilə ifadə edərək əlavə etmişdir ki, “Uzun illərdir ki, Çin ilə Azərbaycan hüquq bərabərliyi, qarşılıqlı fayda və qarşılıqlı hörmət ruhunda ikitərəfli əlaqələri inkişaf etdirir, həyati əhəmiyyətli və ciddi narahatlıq doğuran məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyirlər. Siyasi sahədə qarşılıqlı etimad daim möhkəmlənir, çoxplanlı əməkdaşlıq fasiləsiz olaraq dərinləşir. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri üçün möhkəm təməl və geniş perspektivlər var.”

Prezident İlham Əliyev də öz növbəsində cənab Si Cinpinin dünya siyasətində oynadığı mühüm rola və Azərbaycana olan xeyirxah münasibətinə toxunaraq vurğuladı ki, “Bizi möhkəm münasibətlər bağlayır. Biz bir sıra sahələrdə dostlar və tərəfdaşlar kimi əməkdaşlıq edirik. Mən bilirəm ki, siz bizim ölkəmizə xoş münasibət bəsləyirsiniz. Azərbaycanda sizi çox yaxşı tanıyırlar, dünyamiqyaslı məsələlərdə oynadığınız rola, həmçinin Azərbaycana xeyirxah münasibətinizə görə Sizi yüksək dəyərləndirirlər.”

Onu da xüsusi olaraq qeyd edək ki, 2019-cu il 25-27 aprel tarixlərində Pekində keçirilən 2-ci“Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda Cənubi Qafqaz regionundan iştirak edən yeganə gövlət başçısı məhz cənab İlham Əliyev olmuşdur. Prezident İlham Əliyev Forumun "BMT-nin 2030-cu il Gündəliyini həyata keçirmək üçün yaşıl və dayanıqlı inkişafın təşviqi" mövzusuna həsr olunan üçüncü sessiyası çərçivəsində çıxışında ÇXR-in müəllifi olduğu unikal layihənin əhəmiyyətinə diqqəti cəlb edərək bəyan etdi ki, “Bir kəmər, bir yol” təkcə nəqliyyat layihəsi deyil, bu, sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən layihədir.”

Yuxarıda qeyd olunan reallıqlar fonunda ikitərəfli partiyalarası siyasi dialoq mühitinin inkişafı üçün olduqca münbit şərait yaranmışdır. Zəmanəmizin dühası Heydər Əliyevin “Dünənin, bu günün və gələcəyin partiyası”, Prezident İlham Əliyevin “Ümumxalq partiyası” adlandırdığı Yeni Azərbaycan Partiyası (YAP) ilə ÇXR-in Sədri Si Cinpinin “Rəhbər siyasi qüvvə” kimi səciyyələndirdiyi Çin Kommunist Partiyası arasında səmimi dostluq və etibarlı tərəfdaşlıq münasibətləri formalaşmışdır. Bu il YAP və ÇKP arasında əməkdaşlıq münasibətlərinin qurulmasının 25 ili tamam olur. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Avrasiya Departamentinin rəhbərliyinin 1999-cu il dekabrın 20-21-də Yeni Azərbaycan Partiyasının ilk qurultayında iştirak etmək üçün ölkəmizə səfəri ilə partiyalararası əməkdaşlıq əlaqələrinin əsası qoyulmuşdur.

Sübuta ehtiyacı olmayan həqiqət ondan ibarətdir ki, iki partiya arasında yaxınlaşma və əməkdaşlığın dərinləşməsi məhz dövlət başçılarının siyasi iradəsi sayəsində mümkün olmuşdur. Hər iki partiya xalqa söykənərək dövlətin qarşısında duran strateji vəzifələrin yerinə yetirilməsi üçün bütün gücünü səfərbər edərək tarixi nailiyyətlərə imza atır və bu proses davamlı məzmun kəsb edir.

Prezident İlham Əliyevin rəhbəri olduğu YAP hakim siyasi qüvvə olaraq ölkəmizdə səfərbər olunmuş cəmiyyətin, vətəndaş həmrəyliyinin yaranmasında, onun iqtisadi qüdrətinin yüksəlməsində, güclü ordusunun formalaşmasında, habelə beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilməsində müstəsna rol oynamışdır.

Bütün bu sadalan reallıqlar fonunda müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yaranmasının 106-cı ildönümünü qeyd etdiyimiz yenilməz Azərbaycan Silahlı Qüvvələri “dəmir yumruğ”a çevrilmiş xalqımız ilə birlikdə tarixi Zəfərə imza atmış, 44 gün ərzində işğal altındakı torpaqlarımızı azad etmiş, ərazi bötovlüyümüzü və suverenliyimizi təmin etmişdir. Ötən ilin 19-20 sentyabr tarixində isə bir sutkalıq antiterror əməliyyatlarının nəticəsi olaraq ərazilərimiz üzərində suverenliyimiz tam, qəti və əbədi olaraq təmin edilmişdir. Tarixi ədalət bərpa edilmişdir. Erməni separatizminin kökü kəsilmişdir. Regionda sabitlik və sülh üçün unikal imkanlar yaranmışdır. İşğaldan azad edilmiş tarixi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını bərpası və yenidən qurulması prosesi uğurla davam etdirilir. İndiyədək bu məqsədlər üçün 12 milyard manat vəsait xərclənmişdir. Cari ilin büdcəsində isə bu strateji vəzifənin icrası üçün əlavə olaraq 5 milyard 160 milyon manat vəsait ayrılmışdır.

Sevindirici haldır ki, dost və strateji tərəfdaş ölkə olan Çinin məşhur “Huawei” şirkəti də artıq işğaldan azad olunmuş Qarabağda “agıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasında yaxından iştirak edir, bərpa və yenidənqurma prosesinə öz layiqli töhfəsini verir. Bu töhfənin ilhamverici və istiqamətverici qüvvəsi kimi ÇKP çıxış edir.

Təsadüfi deyildir ki, 2021-ci ilin fevral ayında Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyasıarasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri, eləcə də Azərbaycana qarşı xüsusi münasibət nəzərə alınaraq, ÇKP Mərkəzi Komitəsi tərəfindən YAP-a 10 min doza vaksin verilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda qərarda vurğulanmışdır ki, vaksinlər Yeni Azərbaycan Partiyasına yardım məqsədilə, təmənnasız veriləcəkdir və ehtiyac olduğu təqdirdə dozanın miqdarı artırıla bilər. Zənnimizcə, ÇKP-nin atdığı bu addım hər cür tərifdən belə yüksəkdə dayanır.

Hər iki dost ölkənin müvafiq olaraq siyasi sisteminin əsasını təşkil edən YAP və ÇKP arasında əməkdaşlıq mühiti qarşılıqlı səfərlər, konfranslar və video formatda təmaslar çərçivəsində də inkişaf etdirilir. Hər iki partiyanın məsul şəxslərinin müxtəlif formatlarda ünsiyyəti nəticə etibarilə partiyalararası dialoqun daha da zənginləşməsi və qarşılıqlı maraq doğuran məsələlərin uğurlu həlli mənafeyinə xidmət göstərir.

Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələri də sürətlə inkişaf edir. Bu münasibətlərŞanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərarsı Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı ilə icra olunan layihələr, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulması, Şərq-Qərb, Orta Dəhliz layihələri çərçivəsində əməkdaşlıq və Pekində Azərbaycan Ticarət Evinin açılışı sayəsində daha da möhkəmlənmişdir.

Təsadüfi deyildir ki, 2023-cü ildə Çin Azərbaycanın ticarət dövriyəsində 4-cü mövqedə qərarlaşmışdır. Həmin ildə Azərbaycandan Çinə ixrac olunan mal və məhsulların dəyəri 63,5 milyon dollar təşkil etmişdir. Azərbaycanın Çindən idxalı isə 1 milyard 556, 2 milyon dollara bərabər olmuşdur. Başqa sözlə, Azərbaycana idxal olunan malların 15,4%-i Çinin payına düşür. Respublikamızda Çin investisiyalı 275 şirkət qeydə alınmışdır. 1995-ci ildən indiyədək Çinin Azərbaycana birbaşa investisiyalarının həcmi 920 milyon dollar təşkil etmişdir.

2023-cü ildə Çinin “China Media Group” media korporasiyasına müsahibə verən Prezident İlham Əliyev qeyd etmişdir ki, “İki ölkə arasında münasibətlər əla səviyyədədir...Biz qarşlıqlı ticarət həcminin artmasını görürük və böyük potensial göz qabağındadır. Ölkələrimizi daha da birləşdirəcək yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq”. Dövlətimizin başçısı həmçinin COVİD-19 pandemiyası başlayan zaman peyvəndlərin gətirilməsində Azərbaycana yardım edən yeganə ölkənin Çin olduğunu xüsusi olaraq qeyd etmişdir.

Azərbaycan-Çin mədəni əlaqələri də inkişaf etməkdədir.

Azərbaycanla Çin arasında mədəni əməkdaşlığa dair müvafiq müaviləyə əsasən 1995-ci il 12-21 aprel tarixlərində Pekin Beynəlxalq Sərgi Mərkəzində məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinin sərgisi keçirilmişdir.

Qardaşlaşmış şəhərlər ənənəsi Azərbaycan-Çin mədəni əlaqələri üçün də xarakterikdir. 2001-ci ildə Çinin Cizianəyalətinin Çucou şəhəri ilə Azərbaycanın Sumqayıt şəhəri qardaşlaşmışdır.

2008-ci il avqustun 10-da Pekində XXIX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü”, 2011-ci ilin may ayında Çində “Azərbaycan mədəniyyət günləri”, habelə 2012-ci il 10-14 dekabr tarixlərində Azərbaycanda “Çin mədəniyyət günləri” keçirilmişdir. Bundan savayı, 2019-cu ilin noyabr ayında Pekində Heydər Əliyev Fondunun və Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə “Azərbaycan musiqisi axşamları” adlı konsert təşkil olunmuşdur.

Hazırda Azərbaycanda iki Konfutsi İnstitutu fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun hədiyyəsi olaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında daimi statusda nümayiş olunması ikitərəfli mədəni əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi hesab oluna bilər.

Beləliklə, dünyanın fövqəldövlətlərindən biri olan ÇXR ilə regional güc mərkəzinə çevrilmiş Azərbaycan Respublikası arasında formalaşmış yüksək səviyyəli münasibətlərin yuxarıda təqdim olunan analizi bir daha təsdiqləyir ki, siyasi liderlərimizin, xalqlarımızın, dövlətlərimizin və hakim siyasi partiyalarımızın dostluğu və qardaşlığı qazandığımız və hədəflədiyimiz bütün uğurlarımızın kökündə dayanan fundamental səbəblərdir. Çoxşaxəli lokal, regional və qlobal təhlükəsizlik mühitinin möhkəmlənməsi, xalqlarımızınrifahı və tərəqqisi mənafeyi Azərbaycan-Çin strateji tərəfdaşlığının daha uğurlu perspektivlərini labüd edir. Bu, zamanın çağırışıdır. yap.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
2
sia.az

3Mənbələr