AZ

“Həyat yoldaşımın ölümünə səbəb olan şəxs etiraf etdi ki, “günah məndədir”, daha sonra…” – ABŞERON SAKİNİ ƏRİNİN ÖLÜMÜNƏ SƏBƏB OLAN ŞƏXSİN CƏZASIZ QALDIĞINI DEYİR

Abşeron rayonu, Xırdalan şəhəri, Ceyranbatan qəsəbəsi, Nizami Gəncəvi küçəsi, ev 39 ünvanda yaşayan Qriqoryeva Vəda Seyidəhməd qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə səhaliyyətli qurumlara müraciət edir:

“Mən, Qriqoriyeva Vəfa Seyidəhməd qızı, mərhum Qriqoriyev Andrey Fyodor oğlunun həyat yoldaşıyam. Bildirirəm ki, 7 aprel 2024-cü ildə həyat yoldaşım Qriqoriyev Andrey səhər saat 9:00-da evdən çıxaraq, iş dalınca gedib. Mən günorta saat 11:30 radələrində ina zəng vuraraq, nahara gəlib-gəlməyəcəyini soruşdum. O dedi ki, işlədiyim yerdə yeyəcəm.

Həmin gün axşam saat 9:00-da anası da ona zəng edərək, danışıb. Soruşub ki, nə vaxt gələcəksən? O da deyib ki, “hələ işləyirəm”. Sonra, gecə saat 11:00-da zəng edərək deyib ki, “yarım saata gəlirəm”.

O, işdən çıxıb, Sumqayıtda yerləşən SOCAR yanacaq doldurma məntəqəsində motosikletə yanacaq doldurub, sonra Sumqayıt-Ceyranbatan yolu istiqamətində hərəkət edib. Andrey Qriqoryev öz yolu ilə gələrkən, “Ətkəsən” adlanan ərazidəki yol kəsişməsində 77-AX-802 markalı “Chevrolet” markallı avtomobilin sürücüsü - Əli adlı şəxs onun qabağına çıxaraq, əyləci qəfil basıb. Həmin an Andrey idarəetməni itirərək, maşına dəyib. Bu zaman Andrey xəsarət alıb və yaralı vəziyyətdə Sumqayıt travmatoloji xəstəxanaya çatdırılıb. 8 Aprel 2024-cü il, saat 00:30 radələrində dünyasını dəyişib.

Mənə 8 aprel 2024-cü il tarixdə, saat 00:45 radələrində hadisə barədə xəbər verilib. Mən xəstəxanaya çatanda orda tanımadığım müstəntiq var idi. Ondan sənədləri tələb etdim. O, dedi ki, “mərhumun üstündə sənəd yox idi”. Bundan sonra, mən və qardaşım (Seyidov Vəfadar Seyidəhməd oğlu) mərhumun cənazəsini xəstəxanadan götürüb, morqa təhvil verdik. Orda olan Baş Dövlət Yol Polisi İdaəsinin Fuad adlı müstəntiqi qırağa çəkilib kiməsə zəng etdi ki, “rəhmətə getdi”, bizə isə heç nə demədən çıxıb getdi.

Mən və qardaşım 8 aprel 2024-cü il, saat 9:00 radələrində morqun qabağından işə baxan müstəntiqə zəng edib bildirdim ki, “gəl, cənazəmi aparım dəfn edim”. O dedi ki, “sizin işin dalınca düşməyə vaxtım yoxdur”. Bir sözlə, öz vəzifəsini yerinə yetirmədi. Məni təhqir etdi, dedi ki, “sənin yoldaşın içki düşkünüdur”. Bu barədə DİN-in 102 “qaynar xətti”nə zəng edib, məlumat verdim, müraciətimə baxan olmadı. Sonra cənazəni götürüb, gətirib Ceyranbatan qəsəbəsində dəfn etdik.

Həmin gün hadisəni törədən Əli adlı şəxsin nömrəsin tapdım. Onunla əlaqə saxladım. O, özü etiraf etdi ki, “günah məndədir”. Mən ona bildirdim ki, qorxmaq lazım deyil... Mənə gələcəyini bildirdi. Daha sonra Fuad adlı müstəntiq onu Xırdalan Şəhər Yol Polisi İdarəsinə çağırdı. Nə danışdılar, nə etdilər, həmin vaxt biz bilmədik.

Lakin o, həmin gün yenidən əlaqə saxlayaraq bildirdi ki, “günah məndə deyil, mənim maşınımı təmir etməsəniz, sizinlə başqa cür danışacam”. Əlavə etdi ki, “ürəyiniz hara istəyir şikayət edin”. Yoldaşımın ölümünün şokunu keçirməmiş, bir də belə hal ilə qarşılaşdım.

Müstəntiq məni çağırıb hadisənin necə baş verdiyini bildirdi. Qeyd etdi ki, “narahat olmayın, qanun yerini tapacaq”. Amma o gündən bu günə bu hadisəylə maraqlanan yoxdur - nə müstəntiq Fuad, nə də qəzanı törədən şəxs. Əksinə, qəzanı törədən şəxs bu günə qədər məni təhdid edir, şikayət etməkdən çəkindirməyə çalışır. Müstəntiq isə telefon danışığımızda “onu başa salaram” deyərək, boş vədlər verir.

Bildirirəm ki, bir övladım var, o da gözdən əlildir. Özüm də xəstəyəm, ailəmizin dolanışığını yalnız həyat yoldaşım təmin edirdi. Mən, yoldaşını itirmiş qadın kimi, ana kimi səlahiyyətli qurumlardan kömək istəyirəm. Təhdid edilirəm. Yoldaşımı öldürən şəxs məni təhdid edir. Xahiş edirəm, biganə qalmayın”.

Məsələ ilə bağlı qarşı tərəflə əlaqə saxlamaq istədik. Lakin telefon zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiayadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
hurriyyet.az

1Mənbələr