AZ

Nə sədr var, nə hazırlıq planı: Daha çox hakim səhvinə hazır olaq!

Azərbaycan Premyer Liqasında 2024-25 mövsümünün startına cəmi 1 ay vaxt qalıb.

Əvvəllər bəzi klublar hazırlığa gec başlayar və ya mövsümə hazırlıqsız start verərdi. Futbolinfo.az saytının məlumatına görə, bu dəfə hakimlikdə vəziyyət buna bənzərdir. Klublar toplanışa başlasalar da, referilərimiz hələ də gözləmə mövqeyi tuturlar.

2023-24 mövsümü onsuz da hakimlər üçün parlaq keçmədi. Bir çox səhvlər komandaları üsyan həddinə gətirdi. Elə buna görə də AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəklə yollar ayrıldı. Lakin onu kimin əvəz edəcəyi hələ də məlum deyil. Bu isə pərakəndəliyə yol açıb.

Cəmi bir ay vaxt qalsa da, hakimlərin yay təlim-məşq toplanışının heç proqramı belə bəlli deyil. “Başsız ordu” nə edəcəyini bilmədiyi kimi, referilər də özləri özlərini formada saxlamağa çalışırlar. Lakin fərdi fiziki məşqlərlə Premyer Liqa oyununa hazırlaşmaq mümkün deyil. Hakimlər Komitəsinin yeni sədri bəlli olmadıqca vəziyyətin düzələcəyi də gözlənilmir. Bir sözlə, növbəti mövsüm daha çox hakim səhvlərinə və klubların narazılıqlarına indidən hazırlıqlı olmaq lazımdır.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 2-də start götürəcək.

Seçilən
96
futbolinfo.az

1Mənbələr