AZ

Ermənistan sülhü “Sezar”a satır

Yazını böyüt
Yazını kiçilt

Fransa Cənub Qafqazda təxribatçı fəaliyyətinə davam edir. Ermənistanla Fransa arasında "Sezar" özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə müqavilənin imzalanması regionda yeni təhlükəli oyunların getdiyini açığa çıxarır. Bir qrup tanınmış fransız ölkənin müdafiə qüvvələrinin Ermənistana göndərilməsi xahişi ilə Fransa Prezidenti Emmanuel Makrona müraciət edib.

Azərbaycan Müdafiə Nazirliyi məlum faktla bağlı bəyanatla çıxış edib və yeni müharibəyə görə məsuliyyətin Ermənistan rəhbərliyi və Makron diktaturasının üzərinə düşdüyünü bildirib.

Milli Məclisin deputatı Arzu Nağıyev hesab edir ki, Fransanın Ermənistanı silahlandırması ilə bağlı çıxışlar seçkilərdə erməni lobbisinin, ermənipərəst qüvvələrin səsini almağa hesablanıb. O, qeyd edib ki, bu, Azərbaycana qarşı əks, təxribatçı siyasətin ilkin təzahürləri deyil. Fransa Ermənistandan istifadə edir, Cənubi Qafqazda itirilmiş nüfuzunu bərpa etmək istəyir. Təəssüf doğuran məsələ də budur ki, bunu hərbi yolla həyata keçirmək niyyətindədir.

A.Nağıyev hesab edir ki,  Fransanın antiregion siyasəti, birinci növbədə, Rusiyaya qarşı yönəlib. Fransanın Afrikadan, eləcə də Qabon və digər dövlətlərdən qovulması, həmin ərazilərə Rusiya hərbi qüvvələrinin yerləşdirilməsi Fransanı daha ağılsız addımlara sövq edir. İndi Cənubi Qafqazda siyasi, iqtisadi hərbi cəhətdən öz nüfuzlarını bərpa etmək istəyi ilə Ermənistandan bir vasitə kimi istifadə etmək istəyirlər.

“Bu, Rusiyaya, Türkiyəyə və Azərbaycana qarşı yönəlmiş siyasətdir. Ən maraqlı məqam budur ki, bu qədər bəyanatların qarşısında İran susur. Ermənistana silah gətirilirsə, həmin silahlardan buradan istifadə olunacaqsa, bunun sonu çox acınacaqlı nəticələnə bilər. Ona görə də  Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı yerində və vaxtında verilib. Bu, bizim tərəfimizdən verilən “Ərazi bütövlüyümüzü, suverenliyimizi nəyin bahasına olursa-olsun qorumağa qadirik və qoruyacağıq”, – xəbərdarlığıdır. Buna görə də Fransanın Ermənistandan bir vasitəçi kimi istifadə etməsi təəssüf doğurur. Digər bir məsələ budur ki, BMT TŞ-nin üzvü olan dövlətin belə hərəkəti qınanmalıdır”.

Deputat qeyd edir ki, özüyeriyən artilleriya sistemlərini Ermənistana verərək Azərbaycan sərhədində yerləşdirmək, onların müdafiə xarakterli olduğunu söyləmək riyakarlıqdır.

“İyunun 18-də Ermənistan hərbi rəsmisi Papikyan və Fransa hərbi qüvvələr naziri arasında bağlanmış müqavilədə “Sezar” deyilən özüyeriyən artilleriya sistemlərinin alınması öz əksini tapıb. Bu sistemin bir ədədinin qiyməti 7 milyon dollardır. 40-54 kilometr uzaqlığa atəş açmaq qabiliyyətinə malikdir. Bir neçə nəfərdən ibarət yerini dəyişə bilən ekipajı var. Bunlar hücum, öldürücüxarakterli silahlardır. Burada Fransanın məqsədi Ermənistanı müdafiə xarakterli silahlarla deyil, həm də hücum silahları ilə təmin etməkdir ki, sonu acınacaqlı nəticə verə bilər. Cənubi Qafqazda yenidən müharibə ocağı yarana bilər. İrəvan bunu başa düşür və digər ölkələr də başa düşməlidir ki, regionda yenidən müharibə yaratmaq istəyən Fransadır, Makrondur”.

A.Nağıyev hesab edir ki, Fransanı gərginlik yaratmağa  körükləyən ABŞ-dir. ABŞ Cənubi Qafqazda özünün mövqeyini itirəndən sonra çalışırlar ki, Ermənistan vasitəsilə Rusiyaya təsir etsinlər. Bu da aydındır ki, ruslar Ermənistandan elə belə çıxan deyil.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirir ki, Azərbaycan Prezidentinin Ermənistanla “danışıqlar prosesində irəliləyiş üçün yaxşı imkanlar olması" barədə Qahirədən verdiyi xoşməramlı bəyanatı fonunda Fransa ilə Ermənistan arasında “Sezar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalanması bir daha göstərir ki, Cənubi Qafqazda dayanıqlı sülhün, davamlı sabitlik perspektivlərinin, xalqların birgə yaşayış və qarşılıqlı etimad mühitinin formalaşmasının qarşısında ən əsas əngəl Fransadır.

“Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi təşkilatın sülh və təhlükəsizlikdə ehtiva olunan məqsədlərinin realizə olunmasında, o cümlədən beynəlxalq hüquq normalarında əksini tapan prinsiplərin, ələlxüsus dövlətlərin əməkdaşlığı prinsipinin təmin olunmasında qlobal öhdəlik daşıyır. Görünən odur ki, Fransa faktiki olaraq beynəlxalq hüquq normalarında əksini tapan prinsipləri, BMT Nizamnaməsini və bütövlükdə ümumbəşəri dəyərləri özünün imperialist, təcavüzkar mahiyyətdə ehtiva olunan riyakar maraqlarına qurban verərək irticaçı subyekt kimi çıxış edir və onsuz da revanşist təfəkkürdən qurtulmamış İrəvanı da öz məqsədləri üçün yenidən alətə çevirir. Konseptual yanaşdıqda Fransanın son məqsədi regionda vəziyyəti gərginləşdirmək, Ermənistanı faktiki olaraq Ukrayna kimi qurban vermək bahasına Cənubi Qafqazda münaqişə ocağının saxlamaqdır. Üstəlik, əgər Makron əvvəllər daha qapalı tezislərlə çıxış edirdisə, artıq beynəlxalq ictimaiyyət qarşısında və media nümayəndələri üçün açıqlamalarında Ermənistanın revanşist niyyətlərinə açıq dəstək verməkdən və təcavüzkar niyyətlərə təşviq etməkdən çəkinmir”.

B.Məhərrəmov qeyd edir ki, Vətən müharibəsində Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə qazanılan Zəfərdən sonra, qalib tərəf olmasına baxmayaraq, Azərbaycan regionda sülhün əsas təşəbbüskarı kimi çıxış edib. Hətta antiterror tədbirləri fonunda belə, Azərbaycan Prezidenti sülh niyyətindən vaz keçmədi və Ermənistan və havadarlarının ikinci kapitulyasiya aktından sonra, sentyabrın 20-də xalqa müraciətində açıq mətnlə bildirdi ki, “bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır”.

Deputat antiterror tədbirlərinin ardınca sülh üçün geniş imkanlar açıldığını qeyd edir. Bildirir ki, Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş naziri aparatının birgə bəyanatları fonunda, habelə COP29 çərçivəsində qarşılıqlı xoş niyyət ifadə olundu. Düzdür, bu ilin əvvəlində, ələlxüsus fevralın ilk yarısında təxribatlar fonunda münasibətlərdə yenidən gərginləşmə müşahidə edilsə də, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün ardınca xarici işlər nazirlərinə verilən təlimatlar fonunda yenidən sülh ümidləri yaranmağa başlamışdı. Münhen görüşündən dərhal sonra Paşinyanın Fransaya səfəri Azərbaycan-Ermənistan arasında hökm sürən və sülh üçün real imkanlar açan pozitiv mühiti faktiki olaraq yenidən dalana dirədi. Daha dəqiq ifadə etsək, Ermənistan Baş nazirinin Parisdə davranışı və açıqlamaları Münxendə əldə olunmuş pozitiv siqnallar və irəliləyişə zərbə olmaqla sülh prosesində irəliləyişi yenidən məhz Makronun təhriki və təkidi ilə pozmuş oldu. Lakin regionun hərbi-siyasi gündəminin Bakıdan diktə olunmasının məntiqi nəticəsi olaraq bu il aprelin 19-da Qazaxın dörd kəndinin geri qaytarılması, may ayı ərzində sərhədlərin 12.7 km.-lik hissəsinin delimitasiya və demarkasiyası Azərbaycanla Ermənistan arasında faktiki sülhə gətirib çıxardı. Əlbəttə, bu vəziyyət sülh və sabitliyə özünün neoimperialist niyyətləri üçün təhdid kimi baxan Fransanı razı sala bilməzdi. Cənubi Qafqazda geosiyasi situasiyanın təhlili göstərir ki, Azərbaycanın qələbəsi ilə formalaşan yeni reallıqda regionda neoimperializm niyyətlərinə yer qalmayıb. Əksinə, formalaşan sülh və əməkdaşlıq perspektivi bölgədə sağlam maraqlara malik beynəlxalq subyektlər üçün geniş imkanlar açıb. Təbii ki, cari reallıq 30 il ərzində bölgədə qeyri-sağlam siyasət yürüdən, öz maraqlarını işğal və təcavüz faktoru üzərində quran Fransa üçün fiasko deməkdir. Məhz bu səbəbdən Makron iqtidarı Ermənistanın silahlandırılması istiqamətində növbəti addıma lüzum görərək sülh prosesinin pozulmasında israrını bəyan etmiş oldu”.

B.Məhərrəmov hesab edir ki, indi sülh və sabitlik üçün unikal formulun meydana çıxdığı bir dövrdə Emmanuel Makronun yenidən fəallaşması təsadüf sayıla bilməz. Regionda situasiyanın Fransanın arzu etdiyi istiqamətdə irəliləməməsi Makronu yenidən hərəkətə keçməyə vadar edir. Onun sözlərinə görə, Ermənistan müdafiə naziri Suren Papikyanın Paris səfəri və Ermənistanla Fransa arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni razılaşmalarla İrəvanın öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz edilməsi də məhz bu ssenarinin tərkib hissəsidir.

“Əslində, bu bizim üçün təəccüblü deyil, çünki Paris Azərbaycanın 44 günlük müharibədə qələbəsi, habelə antiterror tədbirlərində böyük uğuru fonunda müxtəlif platformalarda ölkəmizə qarşı davamlı hücumlar edir, habelə Fransanın peykinə daxil olan dövlətləri, təsisatları, muzdlu siyasətçiləri anti-Azərbaycan addımlara təşviq edir. Hətta Fransa dəfələrlə Azərbaycana qarşı BMT TŞ-də qətnamə qəbuluna cəhdlər göstərib. Lakin cənab İlham Əliyev bu prosesdə də diktə edən qalib tərəf kimi çıxış edərək, Parisin bütün cəhdlərini neytrallaşdırmağı bacarıb. Bir sözlə, müşahidələr göstərir ki, proseslər Fransanın Qafqaz siyasətinin tam iflasa uğraması, Makronun və komandasının Prezident İlham Əliyevə istisnasız məğlubiyyəti fonunda inkişaf edir və Azərbaycan Prezidenti Fransanın təşəbbüsü ələ almasına imkan vermir. Fransa agentura şəbəkəsinin ifşası əslində Fransanın ardıcıl uğursuzluqlarının davamı kimi Ermənistan üçün də dərs olmalıdır. Erməni xalqı anlamalıdır ki, Fransanın Ermənistanı silahlandırması, revanşist əhval-ruhiyyənin artmasına çalışması, əslində, ermənilərin mənafelərinə xidmət yox, ermənilərin Fransanın çirkin niyyətlərinə alət edilməsidir. Fransa da, Ermənistan da, nəhayət, başa düşməlidir ki, Ermənistanın Azərbaycanla danışıqlara getməkdən başqa çıxış yolu yoxdur və istənilən əks cəhd sadəcə məğlubiyyət seriyasının davamı olacaq. O cümlədən də Fransanın Ermənistanı yenidən silahlandırma cəhdləri də faydasızdır və heç bir geosiyasi balans dəyişikliyinə səbəb ola bilməz. Üstəlik, Azərbaycanın da bu məsələyə dair mövqeyi kifayət qədər aydındır,  Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində açıq mətnlə bəyan etmişdi ki, “Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik”.

Politoloq Rəşad Bayramov bildirir ki, Fransanın aktiv şəkildə Ermənistanı silahlandırması onun Cənubi Qafqaz maraqlarını təmin etməsindən qaynaqlanır.  Onun sözlərinə görə, Fransa  Ermənistanı silahlandırmaqla faktiki olaraq növbəti mərhələ üçün regionda gərginliyin artırılması, hətta yeni müharibə ehtyatını belə nəzərdən keçirir. Fransanın Cənubi Qafqazda təmsil olunmasının yeganə yolu Azərbaycanla Ermənistan arasında münasibətlərin gərgin olmasından keçir.

“Sülh müqaviləsi bağlanacağı, sərhədlərin delimitasiya və demarkasiya prosesi həyata keçiriləcəyi halda Fransanın bu və ya digər şəkildə regionda təmsil olunmaq istəyi olduqca aşağı düşür. Hətta sülh sazişindən sonra Rusiyanın Ermənistanı tərk etməsi gündəmə gələrsə həmin yeri Fransa yox, məhz ABŞ-ın dolduracağına şübhə yoxdur. Bu baxımdan da Fransa tələsir və bu məqsədlə də Ermənistanı sülh sazişini bağlamaqdan yayındırmaqla, onu dəyəri 100 milyonlarla dollar olan silah-sursatla təhciz edir. Eyni şəkildə özünün tərəfdarları olan Hindistan, Yunanıstan kimi ölkələri də bu  istiqamətdə Ermənistanı təhciz etməyə şirnikləndirməklə faktiki olaraq növbəti mərhələ üçün həmin silhlardan istifadə adı altında təlimatçıları, müəyyən hərbi korpusu regiona yerləşdirməyə cəhd göstərəcək. Bunun ardınca baş verəcək hər hansı toqquşma halında isə KTMT-nin fəaliyyətsizliyi, Ermənistanda olan rus hərbi bazaların Ermənistanı qorumaq gücündə olmadığını əsas gətirərək regiona faktiki qoşun yerləşdirmək niyyətini güdür. Bir müddət öncə bu fikirlər müzakirə olundu və Fransada 100-dən artıq nüfuzlu şəxsin Ermənistana qoşun yerləşdirməklə bağlı müraciəti oldu”.

Politoloq hesab edir ki, Fransanın Ermənistanı silahlandırması erməni sevgisindən daha çox özünün Cənubi Qafqaz maraqlarını təmin etməyə hesablanıb. Onun sözlərinə görə, bu gün ayrı-ayrı ölkələrdən, regionlardan qovulan Fransa özü üçün yeni yerlər axtarışındadır. Cənubi Qafqazın karbohidrogen ehtiyatları, həm də Orta Asiyaya açılan qapı olması, çoxlu sayda dəhlizlərin bu yoldan keçməsi Fransanı şirnikləndirib.

“Fransa bu dəhlizlərə nəzarət etmək üçün bütün mümkün olan və olmayan avantüralara əl atır. Bu gün Ermənistan hələ də KTMT-nin üzvüdür. Rusiyanın üzvü olduğu bu hərbi alyansa alternativ olan NATO üzvü Fransa isə aktiv şəkildə öz silah və texnikasını Ermənistana ötürür.  Sabah Ermənistanda bu və ya digər şəkildə hakimiyyət dəyişikliyi baş verəcəyi və Rusiya yönümlü şəxslərin hakimiyyəti yenidən ələ alacağı təqdirdə, təsəvvür edin ki, bütün bu silah sursat faktiki olaraq yenə də Rusiyanın nəzarətinə keçmiş olacaq.  Fransa bunların heç birinə məhəl qoymadan tez bir zamanda regionda yerləşmək istəyir ona görə də bu cür avantüralara, təxribatlara əl atır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
hafta.az

1Mənbələr